Azərbaycan müqaviləli ordu sisteminə keçir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan müqaviləli ordu sisteminə keçir

Üzeyir Cəfərov: “Artıq Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələrdə çağırışla gələn şəxslər yoxdur”

Dünya praktikası göstərir ki, müqavilə əsasında formalaşan ordu çağırış sistemi ilə yaradılan qoşundan döyüş qabiliyyətinə görə daha üstündür. Bu baxımdan artıq dünya ölkələrinin bir çoxu məhz belə professional orduya üstünlük verirlər. Ölkəmiz hələlik tam olaraq çağırış sistemini ləğv etməsə də, hazırda müqavilə əsasında qulluq edən hərbi qulluqçuların sayının artırılmasına xüsusi diqqət yetrilir. Müxtəlif məlumatlara görə, yaxın tezlikdə belə hərbçilərin sayının ən azından 15-20 minə qədər artırılması və daha sonra bu prosesin davam etdirilməsi nəzərdə tutulur. Xatırladaq ki, sonuncu dəfə belə təkliflə millət vəkili Zahid Oruc çıxış etmişdi. O, orduda şəxsi heyətin sayı azaldılmasını təklif etmişdi. Bəzən hələlik müqaviləli orduya keçidin zamanı olmadığını deyənlər olsa da, ümumilikdə təşəbüss müsbət dəyərləndirilir.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanda bəzi hərbi hissələrdə müqaviləli sistemə çoxdan keçid var: "Hətta artıq Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələrdə çağırış ilə gələn şəxslər yoxdur. Hərbi hissənin komandanlığından tutmuş sonuncu əsgərinə qədər müqaviləli şərtlər əsasında formalaşmış heyətdir. Proses özünü doğrultduğuna görə, Müdafiə Nazirliyinin hazırkı rəhbərliyi bu istiqamətdə addımlar atır. Normal addımdır və davamı gəlməlidir. Amma bir qədər diqqətli olmaq lazımdır. Özünə mülkidə iş tapa bilməyən hər kəs ordu sıralarına daxil olmamalıdır. Onların mənəvi, psxioloji, fiziki durumları hərtərəfli yoxlanılmalıdır. Çünki, ehtiyatsızlıqdan bugünə qədər çox itkilərimiz olub. Bu günə qədərki müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçularımızın arasında uğursuzları da var. Lakin yaxşı göstəricilər nümayiş etdirənlər daha çoxdur”.

Ekspert əlavə etdi ki, Müdafiə Nazirliyi müqavilə əsasında xidmət edənlərin sayını artırmaq istəyirsə, bu məsələlərə ciddi diqqət yetirilməlidir: "MAXE faktiki olaraq, ən ağır yükü öz çiyinlərində daşıyan şəxsdir. Yəni, günün böyük hissəsində şəxsi heyət, texnika ilə təmasda olan bir şəxsdir. Təşəbbüs çox gözəldir. Ancaq bu təşəbbüsü elə həyata keçirmək lazımdır ki, sonradan hansısa ciddi problemlər yaşanmasın. Bu yaxınlarda millət vəkili Zahid Oruc şəxsi heyətin sayının azaldılması ilə bağlı fikir səsləndirmişdi. Yəni, bu məsələ diqqətimizə çatdırır ki, çağırışçıların sayı mütləq deyil. Çağırışçının yarısı qədər peşəkarlar ordu sıralarına götürülsə, həm dövlət udar, həm də vətəndaşın aldığı məvacibin həcmi artar. Ən əsası isə keyfiyyət yuxarı olar. Bunlarla yanaşı, MAXE adi çağırışçılardan fərqli olaraq müəyyən bilik və bacarıqların sahibidir”.

Üzeyir Cəfərov müqaviləli ordunun yığılmasının asan məsələ olmadığını da qeyd etdi: "Dövlət bu işdə müəyyən təbliğat, maarifləndirmə aparmalıdır. Dövlət MAXE-nin sosial təminatını yüksək səviyyədə təmin etməlidir ki, ordu sıralarına gələn olsun. Yalnız xidmətə qəbul etməklə məşğul olmaq sonradan müəyyən problemlər yaradacaq. Problemlərin yaşanmaması üçün əvvəlcədən kompleks işlər həyata keçirilməlidir. Bu gün Müdafiə Nazirliyinə MAXE xidməti üçün çoxlu müraciətlər var. Həmin müraciətlər həm ərazi üzrə, həm də Bakı şəhərindədir. İstənilən halda müqaviləli ordunun maddi, mənəvi və fiziki cəhətdən üstünlükləri həddindən artıq çoxdur. Adi əsgərin məsələlərini həll etməkdənsə, azsaylı peşəkar hazırlamaq dövlətə xeyirdir. Ən əsası peşəkarlıq tərəfdən ordunun döyüş hazırlığının yüksəlməsidir”.

Polkovnik-leytenant hesab edir ki, bu günə qədər müqaviləli orduya tam keçməməyimizin yeganə səbəbi sadəcə, yeniliyə çətin getməyimizdir: "Amma getmək lazımdır. Bu işdən qorxmaq lazım deyil. Yeniliyi tətbiq etmək üçün işlər görməliyik. Müharibə şəraitində yaşamğımızdan, döyüş vaxtı şəxsi heyətin çatmamasından qorxmaq lazım deyil. MAXE indiki məvacibələ razılaşmağa məcburdur. Amma məvacibi qalxsa, sosial problemləri həll olunsa, orduya gələnlər də çoxlar”.(mövqe.az).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm