Xocalı haqqında bilmədiklərimiz - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Xocalı haqqında bilmədiklərimiz - ARAŞDIRMA

Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdı. “Times” qəzeti (London)

Videokameralar qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdi. “İzvestiya” (Moskva)

Bu fikirlər dünya mətbuatı səhifələrində Xocalı faciəsi ilə bağlı yer alıb.

Yerli mətbuatda isə Xocalı ilə bağlı yazılanlar:

Faciə nəticəsində 613 nəfər həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq iki valideynini itirib, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb.

Xocalı yalnız faciədən ibarət deyil

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Xocalı kəsirini araşdırıb.

Bəlkə də bu ilk olacaq ki, Xocalının işğaldan əvvəl sosial iqtisadi durumuna nəzər salacağıq.

Xocalının imkanlarından danışan Statistika İdarəsinin rəisi Dünyamin Əsədov tikinti təşkilatlarının, toxuculuq və tikiş sexlərinin perspektiv üçün böyük imkanlar vəd etdiyini bildirdi:

“Əlbəttə, işğal olmasaydı, həmin müəssisələrin imkanları daha da genişlənərdi. Orada çalışanların sayı artacaqdı ki, bu da əhalinin ümumi rifahına müsbət təsir edəcəkdi. Təəssüf ki, rayon işğal edildi, bütün sənaye obyektləri məhv edildi. Düzdür, hazırda müxtəlif bölgələrdə məskunlaşan xocalılar kənd təsərrüfatı ilə məşğul olur, lakin işğal olmasaydı, onların büdcəyə təsirləri daha çox olardı”.

İqtisadi imkanlardan məlumat verən D.Əsədov bütün xocalılar kimi həm də faciənin mənəvi itkilərindən də danışır.

“Rayonun işğalı nəticəsində 12 nəfər Milli Qəhrəman adına layiq görülüb, 24 azyaşlı uşaq xüsusi amansızlıqla qətlə yetirilib, 613 nəfər şəhid olub, 1275 nəfərdən çox sakin girov götürülüb, onların 76-sı həddi-buluğa çatmayıb. 1000 nəfərdən çox sakin müxtəlif dərəcəli ağır xəsarət alıb, 106 qadın, 62 uşaq, 70 qoca öldürülüb. Bir şəhər, bir qəsəbə, 19 kənddə yaşayan,27.8 min əhalinin 14.8 nəfəri azərbaycanlılar idi. İndi onlar məcburi köçkün şəklində müxtəlif bölgələrdə yerləşdirilib. Əldə olunan gəlirlər Sovet dövrü ilə müqayisədə heç də az deyil. Torpaqlarımıza geri qayıtdığımız halda, rayon sakinləri yenidən oranı daha da abadlaşdıracaq”.

Faytonların düşərgə yeri

Qədim Xocalı şəhəri Xocalıçay çayının sahilində yerləşir. Burada XVIII əsrin ortalarında divarlarının qalınlığı 2 metr, hündürlüyü 5-6 metr olan Əsgəran qalası tikilmişdi. Bu qala uzun müddət Qarabağ xanlığının mərkəzi Şuşaya can atan düşmənlərin yolunu kəsib.

Şuşaya gedən yolun kənarındakı Yuxarı Xanbağı deyilən yerdə vaxtilə bütün Qafqazda məşhur olan Tanrıverdi kişinin karvansarası yerləşirdi. Öz gözəl ənənələri və qonaqsevərliyi ilə seçilən bu karvansarada çayxana, musiqi salonu və dəlləkxana vardı. Bərdəyə, Gəncəyə, Bakıya, Tiflisə, İrəvana və Qafqazın başqa şəhərlərinə gedən faytonlar, furqonlar həmişə burada düşərgə salardı.

Xocalı şəhəri Xocalı - Gədəbəy mədəniyyətinə aid edilən Xocalı qəbiristanlığı ilə də məşhurdur.
Tunc dövrünün sonuna və dəmir dövrünün əvvəlinə (bizim eradan əvvəl II minilliyin sonu - I minilliyin əvvəli) aid edilən Xocalı qəbiristanlığı Qafqaz ərazisində bir qədim maddi mədəniyyətə ad verib. Bu qəbiristanlıqda daş qutular şəklində məqbərələr və hündürlüyü 1 metrdən 15 metrə qədər olan kurqanlar çoxdur. Burada həmçinin buzlaqlar dövründən qalmış kromlexlər və məngirlər vardır.

Xocalı ətrafında qazıntı işləri zamanı orada üzərində oyma üsulu ilə həndəsi naxışlar çəkilmiş gil qablar və silahlar - keçmiş SSRİ ərazisində ilk dəfə qeydə alınmış enli düz qılınclar, xəncərlər, baltalar, çapacaqlar, eləcə də bürünc bəzək əşyaları tapılıb. Bu əşyalar indi dünyanın bir sıra məşhur muzeylərində saxlanılır.

Rayonun təbii sərvətləri

Xocalı rayonu Yuxarı Qarabağın dağətəyi hissəsində qədimdən azərbaycanlılar yaşayan Xocalı qəsəbəsi və onun ətrafındakı torpaqların hesabına yaradılıb. 1991-ci il noyabrın 26-da Əsgəran rayonunun bazasında Xocalı rayonu yaradılıb.

Sahəsi 93688 hektardır. Xocalı rayonu əlverişli coğrafi mövqeyə, münbit torpaqlara malikdir. Dağlıq ərazilərin dağətəyi zona ilə birləşdiyi yerdə məskən saldığına görə burada insanların yaşayış şəraiti üçün tələb olunan münbit torpaqlar, su ehtiyatları və s. boldur. Dəniz səviyyəsindən 580m hündürlükdə yerləşir.
Xocalı rayonu Şuşa-Ağdam yolunun üstündədir. Xocalı ilə Bakı arasında olan məsafə 375 kilometrdir.

Rayonun Badara çayı hövzəsində “Yeddi kilsə” adlanan ərazidə – Pirkal meşəçiliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu.
Xocalı rayonu ərazisində təsdiq edilmiş ehtiyatları 32 min və 2039 min m3 olan, istismara cəlb olunan Zərinbağ və Ağçay üzlük daşı yataqları, ehtiyatları 12434 min ton olan, istismara cəlb olunan qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı, ehtiyatları 962 min m3 olan və kərpic istehsalına yararlı Xocalı gil yatağı, ehtiyatları 7280 min m3 olan Xankəndi (Əsgəran qrupu) qum-çınqıl qarışığı yatağı, istismar ehtiyatları 9 min m3/gün olan Xankəndi yeraltı şirin su yatağı var.

Xocalı rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1982-1983-cü illərdə rayonun ərazisində hidrogeoloji tədqiqatlar aparılmış və 4 sahə üzrə yeraltı suların ehtiyatı ilkin olaraq 143,4 min m3/gün həcmində qiymətləndirilib. 1990-cı ildə Xankəndi şəhərinin su təchizatı ilə əlaqədar olaraq keçmiş SSRİ-nin Geologiya Komitəsində 48,3 min m3/gün həcmində Qarqarçayın məcrəaltı (39,3 min m3/gün) və Yura çöküntülərinin (9 min m3/gün) yeraltı su ehtiyatları təsdiq olunub.

Sənayenin inkişafına səbəb nə idi?

Xocalı rayon icra başçısının müavini Vahid Əliyev deyir ki, kənd təsərrüfatında emal, istehsal sahələri rayon üçün xarakterik idi. Südçülük, şərabçılıq, toxuculuq, tikişçilik, dəzgahqayırma və s. istehsal sahələri mövcud olub. Coğrafi mövqeyi heyvandarlıq və kənd təsərrüfatının inkişafı üçün əlverişli idi.

“Rayonun sənaye imkanları 1990-cı ildən sonra inkişaf etmişdi. 1988-ci ildə məlum hadisələr başlayandan sonra Ermənistandan Xocalıya gələnlərin sayı artmışdı. Əhalini işlə təmin etmək üçün sənaye obyektləri yaradıldı. Almaniyadan gətirilmiş avadanlıqların quraşdırıldığı toxuculuq fabriki yaradılmışdı. Orada 500-dən artıq insan çalışırdı, əlavə 500 nəfərin işlə təmin edilməsi üçün köməkçi sexin tikilməsi planlaşdırılırdı. Rayonda dəzgahqayırma, xalçaçılıq, çörək bişirmə və digər obyektlər var idi. Həmin obyektlərin hər birində azı 50 nəfər işləyirdi. Bu obyektlər yalnız şəhərdə deyil, kəndlərdə də yaradılırdı. Kosalar kəndində, Bərdə tikiş fabrikinin filialında 200-ə yaxın insan işləyirdi. Cəmillidə ayaqqabı fabriki sexləri yaradılmışdı, demək olar ki, əmək qabiliyyəti olan əhali arasında işsiz yox idi. Əmək qabiliyyəti olanlar ümumi əhalinin 60-65%-i təşkil edir, bu heç də aşağı rəqəm deyil. Təbiətlə əlaqədar olaraq əhali kənd təsərrüfatı sahələrində daimi işləmirdi, əsas qazanc yeri emal və istehsal sahələri idi”.

V.Əliyevin sözlərinə görə, bu gün də xocalılar respublikanın 53 rayonunda məskunlaşıblar.

“Ölkə prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramına uyğun olaraq müasir tipli qəsəbələr salınıb və ora köçürülənlər, əsasən, kənd təsərrüfatı ilə məşğul olur. Emal və istehsal sahələrinin də yaradılması istiqamətində işlər görülür. Bu gün Xocalı işğal edilməsəydi turizmin inkişafı ilə bağlı işlər görmək olardı. Həmin dövrdə pioner düşərgələri salınsa da, turizmin inkişafı üçün dövlət tərəfindən məqsədli addımlar atılmamışdı. Tikinti materialları mərmər, çınqıl, mişardaşı, əhəngdaşı yataqlarından istismar prosesinə başlana bilərdi”.

Bir kəndin imkanları

Meşəlik kənd icra nümayəndəsi İlham Kazımovun sözlərinə görə, insanlar əsasən maldarlıqla məşğul olurdu, sanki hərə bir fermer idi:

“Meşə təsərrüfatı ilə məşğul idilər. Kolxoz və sovxozların imkanı çox idi. Tikiş sexi, Bakı Oyuncaq Fabrikinin filialının “Yolka” sexi, həmçinin parket sexi var idi ki, insanlar bu obyektlərdə işlə təmin edilmişdilər. Qadınlar əsasən tikiş fabrikində işləyirdilər. Kənd böyük olmasa da, kənd təsərrüfatı, sənaye obyektləri baxımdan inkişaf var idi. Sexlərdə işləməyənlərin də əsas məşğuliyyəti maldarlıq idi. Ən azı hər evdə 15-20 baş iribuynuzlu, 50-60 baş xırdabuynuzlu heyvan olurdu. Geniş yaylaqları, meşə təsərrüfatı var idi. Demək olar ki, kənd sakinləri ancaq paltar, qənd, çay almaq üçün digər rayonlara gedirdi, qalan hər bir ehtiyacını öz təsərrüfatı hesabına təmin edirdi. Bu işlər yalnız bizim kəndlə bağlı deyildi, digərlərində də bölgə fabriklərinin filialları var idi, heyvandarlıq, kənd təsərrüfatı ilə məşğul idilər. Xocalıda ağır faciənin törədilməsinin və hücumların bir səbəbi də, bəlkə, bu inkişaf idi”.

İ.Kazımov Meşəlik kəndinin imkanlarının yalnız kənd təsərrüfatı ilə məhdudlaşmadığını deyir:

“Kənddə turizm üçün də imkanlar geniş idi. Düzdür, isğaldan əvvəl bu sahə diqqətdən kənarda qalmışdı. İşğaldan əvvəl nazirlər bizim kənddə olub və turizm imkanlarını dəyərləndirmişdilər, həmçinin tapşırıq da verilmişdi. İşğal olmasaydı, turizm potensialından istifadə ediləcəkdi. Lakin təəssüf ki, məlum faciə baş verdi. 80 evlik kənddən 25 nəfər həlak oldu. Kənd sakinlərində olan bir-iki ov tüfəngi, milli ordu və polisdən olan kiçik bir mühafizə 500 nəfərdən artıq erməni-rus birləşmiş ordusu qarşısında qaldı”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm