Mətbuat Şurası KİV- ləri diqqətli olmağa çağırdı
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurası KİV- ləri diqqətli olmağa çağırdı

Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin cəbhə xəttindəki hadisələrlə bağlı fəaliyyətinə münasibət bildirib. Şuranın bəyanatını təqdim edirik:

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı mediamızda çoxsaylı informasiyalar yer almaqdadır. Fikir, söz və ifadə azadlıqları şəraitində məsələyə xüsusi diqqət göstərilməsi anlaşılandır. Torpaqlarının 20 faizini itirmiş, 1 milyondan artıq vətəndaşının qaçqın həyatı yaşadığı ölkənin kütləvi informasiya vasitələrinin həssas mövzuya üz tutması da qəbulediləndir. Təəssüflə bildirməliyik ki, cəbhə xətti ilə əlaqədar xəbərlər yayan bir çox internet media resurslarının tutduqları dəst-xətt onların həssas mövzuya peşəkar münasibət meylini deyil, cəmiyyətdə çaşqınlıq, ruh düşgünlüyü yaratmaq istəklərini aşkar şəkildə göstərməkdədir. Mətbuat Şurasının monitorinqinin nəticələri də bunu təsdiqləyir.

Mətbuat Şurası müəyyənləşdirib ki, cəbhədə gərginliyin artdığı gündən başlayaraq mövzuya dair məlumat yayan internet media resurslarının sayında dinamizm yaranıb. Söz azadlığı şəraitində cəmiyyətə informasiya yaymağa məsul media vasitələrinin sayının çoxalması müsbət hal sayılsa da, qeyd etdiyimiz kəmiyyət artımının keyfiyyətlə uzlaşmadığı konkret nəticələrdə əksini tapmaqdadır. Şura cəmiyyətin yanlış yönləndirilməsinin qarşısının alınmasının vacibliyini rəhbər tutur. Buna görə də həmin nəticələri müvafiq tədbirlərin görülməsi üçün aidiyyatı orqanlara təqdim edəcək. Qurum nəzərə alır ki, sırf cəbhə ilə əlaqədar məlumatlara kökləndiyi aşkar görünən, fəaliyyəti yalnız mövcud müstəvidə nəzərə çarpan internet media resurslarının qeyri-peşəkarlığı vətəndaşlar içərisində qəsdən yanlış təəssürat yaratmaq niyyətinə də söykənə bilər. Bu isə yolverilməzdir. Qloballaşma şəraitində istənilən müharibədəki qələbənin informasiya müstəvisində qazanıldığı reallığını nəzərə alsaq, ictimai rəyi formalaşdırmaq missiyasını üzərinə götürmüş Azərbaycan jurnalistikasının bu müharibədən qalib çıxması üçün media adına iddialı olan kənar, xoşagəlməz təsirlərdən uzaqlaşılmalıdır.

Mətbuat Şurası hazırkı şəraitdə tanınan, ictimai rəyə real təsirə malik KİV-lərə xüsusilə həssas olmağı tövsiyə edir. Qurum hesab edir ki, indiki vaxtda cəmiyyətin obyektiv və operativ informasiyalara ehtiyacı daha böyükdür. Bu ehtiyacın ödənilməsi üçün hər bir jurnalistin işinə məsulyyətlə və vicdanla yanaşması şərtdir. Daha çox rəsmi dövlət orqanlarımıza istinad olunmalı, əldə edilən digər informasiyalar onlarla dəqiqləşdirilməlidir.

Siyasi partiyalara yaxınlığından, tutduğu mevqeyindən və baxışından asılı olmayaraq, hər bir KİV-in dövlətçiliyə sadəqət, milli mənafe prinsipiallığı ruhunda fəaliyyət göstərməsi müstəsna önəm daşımaqdadır. Mətbuat Şurası tarixin müxtəlif dövrlərində aktual olan bu məqama, həmçinin böyük ənənələrə malik Azərbaycan jurnalistikasının mühüm tarixi proseslərdəki səfərbəredici funksiyasına söykənir. Şura inanır ki, həqiqi qələm sahibləri cəbhədəki vəziyyətlə əlaqədar materialların təqdimatında qüdrətli ordu qürurumuzun formalaşdırılmasını başlıca vəzifə kimi müəyyənləşdirəcək, hadisə və proseslərin doğuracağı effekti peşəkar şəkildə dəyərləndicərəcək, praktik müstəvidə meydana çıxması mümkün olan məqamlara dair düzgün qərarlar verəcəklər. Qurum Azərbaycanın KİV təmsilçilərinin üzərilərinə düşən missiyanı ləyaqətlə yerinə yetirəcəyinə, Vətənə və dövlətçiliyə əməli xidmət baxımından örnək səciyyə daşıyan nümunələr ortaya qoyacaqlarına əmindir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm