Bulvarda dezinfeksiya işlərinə start verildi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bulvarda dezinfeksiya işlərinə start verildi - FOTOLAR

Dənizkənarı Milli Park ərazisində bu gündən etibarən dezinfeksiya işlərinə start verilib. Son illər dünyada artan infeksion xəstəliklərin qarşısını almaq üçün Bulvar İdarəsi belə bir addım atmaq qərarına gəlib.

Bu barədə Publika.az-ın suallarını cavablandıran Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, bulvar ərazisinə gələn insanların sayının çox olması ilə əlaqədar oturacaqlardan tutmuş bütün kafe və restoranlara, attraksionlara və əltutacaqlarına qədər hər yer dezinfeksiya olunacaq. Bu məqsədlə Almaniya və İtaliyadan xüsusi dərman pereparatları da gətirilib:

“Bildiyiniz kimi, son illər dünyada infeksion xəstəliklərin miqyası genişlənməkdədir. Adətən, belə xəstəliklər insanların sıx toplaşdığı yerlərdə yayılır. Bizim bu tədbiri həyata keçirməkdə də əsas məqsədimiz belə xəstəliklərin qarşısını almaqdan ibarətdir. Ona görə də ilk dəfə olaraq Dənizkənarı Milli Parkda dezinfeksiya işlərinə başlamışıq. Dezinfeksiya işləri bütün bulvarı əhatə edəcək”.

Nazim Məmmədovun sözlərinə görə, Bulvar İdarəsi bu gündən etibarən yay aylarında hər 15 gündən bir Dənizkənarı Milli Parkda dezinfeksiya işlərini həyata keçirəcək.

İnfeksiyaya qarşı profilaktik işlərini yerli BİODEZ şirkəti həyata keçirəcək. Ərazinin geniş olması və obyektlərin sayının çox olması ilə əlaqədar dezinfeksiya işləri həftə sonuna kimi davam edəcək. Dezinfeksiya işləri ilə əlaqədar bulvarda fəaliyyət göstərən obyektlərin, kafe və restoranların fəaliyyətinin dayandırılmasına gəlincə isə, Nazim Məcidov bu addımın atılmasına ehtiyac olmadığını bildirdi:

“Dezinfeksiya işlərini həyata keçirmək üçün istifadə olunan dərmanlar insan sağlamlığı üçün təhlükəli deyil. Dərman vurulandan bir-iki dəqiqə sonra həmin ərazilərdə rahat şəkildə gəzmək, istirahət etmək olar. Ona görə də bu müddət ərzində kafe və restoranlar əvvəlki qaydada fəaliyyət göstərəcək. Bundan əlavə, insanlar da paralel olaraq öz istirahətlərindən qalmayacaqlar”.

Qeyd edək ki, Bulvar İdarəsinin bu addımı paytaxt sakinlərinin də ürəyincədir. Bu barədə bizimlə söhbət edən şəhər sakinləri belə bir addımın atılmasını alqışalayiq hal hesab edirlər: “Yaxşı olar ki, bu cür tədbirlər tək Dənizkənarı Milli Parkda deyil, bütün parklarda, ictimai yerlərdə həyata keçirilsin”, – deyə şəhər sakinləri bildirdilər...

Hikmət Kərimoğlu

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm