Ticarəti bacarmayan, ziyarətgahları sevənlərin məkanı - CƏBRAYIL
Bizi izləyin

Qırmızı.az

Ticarəti bacarmayan, ziyarətgahları sevənlərin məkanı - CƏBRAYIL

Buranın adı VII-IX əsrlərdə yaşamış və hökmdar Sultan Əhmədin yaxın qohumu olmuş Cəbrayıl Atanın adı ilə bağlanır.

Digər mənbə və məlumata görə, Cəbrayıl toponimi İslamda və monoteist dinlərdə Allahın ən yaxını olan Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır. Cəbrayıl sözü ərəbcə “Allahın qulu” deməkdir.

Bu versiya onunla bağlıdır ki, “Araz çayı” üzərində tikilmiş Xudafərin körpülərindən biri e. ə. V əsrdə tikilmiş və körpülərin adının Xudafərin qoyulması (“Allaha eşq olsun”, “Allaha afərin”) islamçılıqla bağlı olub. Bu isə Cəbrayıl rayonunun adını Cəbrayıl mələyinin adı ilə bağlamağa əsas verir. Məhz bu səbəbdən Həzrət İmam Əli Cəbrayılda olan “Dul-dul” ocağını ziyarət etməyə gəlmiş və onun atlarının izi həmin ziyarətgahda qalıb.

Hacı Qaraman, Cəbrayıl ata, Qara daş, Ağoğlan, Qurbantəpə, Məzannənə, Mərmərnənə ziyarətgahları və Tumas ata abidəsi xalqın inanc yerləri olub. Amma rayon sakinlərinin işi yalnız ocaqlara, ziyarətgahlara getmək deyildi. Bu rayonun sakinlərini digərlərindən fərqləndirən məqamlardan biri elmə olan xüsusi maraqdır. İstehsal etdiyi məhsulları satmaq qabiliyyətləri yüksək olmasa da, kənd təsərrüfatı və sənayenin inkişafı ilə digər rayonlardan geri qalmırdı.

Publika.az Dağlıq Qarabağ və ətraf rayonların işğalı nəticəsində büdcəmizin Cəbrayıl kəsirini araşdırıb.

Qarabağ müharibəsində rayondan 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. 23 avqust 1993-cu il tarixdə erməni qəsbkarları tərəfindən işğal edilmiş rayonun məcburi köçkünləri respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində - çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

1994-cü ilə olan hesablamalara əsasən, Cəbrayıl rayonuna işğal nəticəsində 3.450.000.000 (üç milyard dörd yüz əlli milyon) dollar ziyan dəyib.

Cəbrayıl işğaldan əvvəl

İnzibatı rayon kimi 1930-cu ildə təsis edilən Cəbrayıl rayonunda XVIII əsrin axırlarında həftəbazarı yaradılıb. 1840-cı ildən başlayaraq burada rus pulları işləyib. Qəzada 5 ipək fabriki olub. 1876-cı ildə Cəbrayılda rus məktəbi, 1912-ci ildə isə qızlar məktəbi açılıb.

XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir yolu xəttinin Cəbrayıl ərazisindən keçən hissəsi çəkilib.

Rayon ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Əli-Bayramlı - Zəngilan avtomobil yolları (60 km) keçib.

Abidələr diyarı

Rayon tarixi abidələri, memarlıq kompozisiyaları ilə daim fərqlənib. Qumlaq və Xüdafərin kəndləri arasında Araz çayı üzərindən salınmış məşhur Xüdafərin körpüləri Cəbrayılın rəmzidir. XII əsrdə tikilmiş bu körpülər çox dəyərli memarlıq abidələri və ölkənin tarixi keçmişinin şahididir. Bu vaxta qədər körpülərin qalması Azərbaycan memarlarının yüksək ustalığını sübut edir.

Cəbrayıl rayonunun Xudayarlı kəndində qüllələr, Şıxlar kəndindəki məqbərə də tarixi abidə sayılır.

V-VI əsrə aid olan Sirik qalası 500 kv.metrlik ərazini əhatə edir. Çaxmaq daşı ovuntusunun əhənglə qarışıq məhsullarından istifadə edilərək daşdan tikilmiş, bürcü palıd ağacının özəyi üzərində qurulub. Qalaya yalnız bir tərəfdən sıldırım qayalıqlardan çıxmaq olar. Bu tikintidən də müşahidə və düşmən işğalından uzun müddət müdafiə olunmaq üçün istifadə olunub. Rayonun ən yüksək dağ kəndi olan Sirik kəndi Cəbrayılın qapıları hesab olunur. Bu torpaq onlarla tarixi abidənin məskəninə çevrilib.

Rayonda sənaye imkanları

İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi.

İşğaldan əvvəl rayonda 13147 mənzil var idi, 886 ictimai bina, 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix-diyarşünaslıq muzeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstəxana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tumas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer-mama məntəqəsi sakinlərə xidmət göstərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi.

8 ədəd sənaye obyekti, 44 kənd təsərrüfatı obyekti, avtomobil yolları 990 km, 56 körpü, 95 km içməli su kəməri, 1150km suvarma boruları, 32 nasos stansiyası, 118 kəhriz, 58 568 hektar əkin və otlaq sahələri, 1077 ha meyvə ağacları, 5385 hektar üzüm bağları, 381,km/1460 ədəd elektrik xətləri, avadanlıqlar, 28 su anbarı, 135000 ədə fərdi əmlak (mənzil məişət əşyaları), 2400 ədəd nəqliyyat vasitələri, maşın-mexanizmlər, avadanlıqlar(şəxsi-ictimai), 11 tikinti müəssisəsi, 65 rabitə obyekti, 26133 mal-qara (iri buynuzlu şəxsi-ictimai cəmi), 53224 qoyun keçi davar olub.

Kəhrizlərlə zəngin idi

Respublikadakı 813 kəhrizdən 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar var. Rayon ərazisində iki böyük suvarma kanalı- “Teymur Quliyev”, “Maralyan” kanalları kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. Cəbrayılda 4039 hektar meşə zolağı, 58585 hektar əkin sahəsi, 1079 hektar bağ sahəsi var idi.

Cəbrayıl rayonunda mişardaşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min m3 olan Tulus tuf, ümumi ehtiyatları 5434 min m3 olan 2 Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min m3 olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min m3 olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.

Cəbrayıl şəhərində diametri 250 sm, hündürlüyü 30 m, yaşı 500 il olan 1, Hacılı kəndində diametri 350 sm, hündürlüyü 30 m, yaşı 700 il olan 1 və diametri 800 sm, hündürlüyü 45 m, yaşı 1600 il olan 6, Karxulu kəndində diametri 90 sm, hündürlüyü 25 m, yaşı 200 il olan 1, Funqalı kəndində diametri 450 sm, hündürlüyü 30 m, yaşı 900 il olan 1 və diametri 370 sm, hündürlüyü 30 m, yaşı 750 il olan 1, Horovlu kəndində diametri 400 sm, hündürlüyü 30 m, yaşı 800 il olan 1, Işıqlı kəndində diametri 400 sm, hündürlüyü 25 m, yaşı 800 il olan 1 ədəd Şərq çinarları qorunurdu.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib.

Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmayıb, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan çinar ağacı kəsilib məhv edilib.
Araz çayı vadisindəki bütün ağaclar yandırılıb, həmçinin çoxyaşlı iri diametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.

Rayon İcra Hakimiyyətinin yaydığı məlumata görə, işğal zamanı rayona dəymiş ziyanın indiki qiymətlə 7.5 milyard ABŞ dolları məbləğindədir.

1970-ci ildən başlayaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvolu hesab edilir.

Şərab zavodları

Cəbrayıl rayon icra başçısının birinci müavini Tapdıq Nəsirov əhalinin əsas gəlir sahələrinin heyvandarlıq və üzümçülük olduğunu deyir:

“Tarixən rayon sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq olub, 1979-cu ildən başlayaraq üzümçülüyə diqqət artırılıb. Heyvandarlıqla məşğul olan 45 kolxoz təsərrüfatı var idi. Kolxozlarda iribuynuzlu heyvanların sayı 12 mindən çox idi, 53-54 min xırdabuynuzlu heyvan vardı, kənd təsərrüfatı məhsullarının ümumi istehsalının dəyəri 100 milyon manat ola bilərdi. İl ərzində 1160 ton ət, 5563 ton süd, 75 ton yun, 85 milyarddan çox yumurta istehsal edilirdi. Son illər 7 min hektara yaxın çoxillik üzüm əkilmişdi, əhalinin əsas gəliri məhz bu sahələrdən əldə olunan məhsullar hesabına təmin edilirdi”.

Rayonun sənaye imkanlarına gəldikdə, T.Nəsirov bu sahədə də imkanların geniş olduğunu dedi. Rayon ərazisində 8 şərabçılıq zavodu var idi, istehsal edilən üzüm bu zavodlarda emal edilirdi.

“Rayonda əlavə sənaye obyektləri-tikiş fabriki, xalçaçılıq sexi, daş karxanası, taxta emal müəssisəsi, balıq yetişdirmə vətəgəsi, kərpic bişirmə sexi, həmçinin çörək bişirilən zavodlar var idi. Rayonda istehsal edilən məhsullar, xammal hamısı yerli sənaye obyektlərində istifadə edilirdi”.

Müsahibim deyir ki, əhalinin istehsal etdiyi məhsul öz ehtiyaclarını qarşılayırdı, qalan məhsulu da yaxınlara pay verirdi. Cəbrayıllıları digər rayonların sakinlərindən fərqləndirən əsas cəhət də bu idi, satışla məşğul olmurdular:

“Əhali alverlə məşğul olmadığına görə, müstəqillikdən sonra işğal edilməsəydi yaranan infilyasiya, çətinlikləri bizim rayon sakinləri çox da hiss etməyəcəkdi. Rayonun dağlıq hissəsindən turizm üçün əlverişli şərait yaratmaq olardı. Rayonda mövcud pioner düşərgəsini daha da inkişaf etdirmək olardı. Təşəbbüskar insanların səyi nəticəsində qum istehsal edilirdi. Pepel istehsal edilib, Bakıya göndərilirdi, gələcəkdə emalı üçün də imkan yaradıla bilərdik. Kür-Araz çayı üzərində su elektrik stansiyası tikilirdi. Eyni zamanda, yaradılan bənd sayəsində dağlıq və dağətəyi rayonların hamısını suvarmaq mümkün olacaqdı. Rayon ərazisindəki 13 min hektar torpaq sahəsinin,3 mini təbii yolla suvarılırdı. Bu bənd tikildikdən sonra bütün torpaqlar su ilə təmin ediləcəkdi ki, bununla da rayonun iqtisadi imkanları təxminən 10 dəfə artacaqdı. Sulanan torpaqlardan 250, dəmyə yerlərdən isə 70-80 sentner məhsul götürürdük. Bununla da ərazilərin hamısının suvarıldığı halda hansı imkanlarının olacağını təxmin etmək çətin deyil”.

T.Nəsirovun sözlərinə görə, rayonun əsas diqqətçəkən tərəflərindən biri də tarixi abidələrlə zənginliyidir. Hələ Çar Rusiyası dövründə ölkənin dörd qəzasından biri olub. Mövcud tarixi abidələr də onun qədimliyini sübut edir.

İşğaldan sonra rayon sakinləri 53 rayonda məskunlaşıb, dövlət tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması üçün addımlar atılır. Biləsuvar rayonunda 5 çadır şəhərciyinin yaxınlığında yeni 6 qəsəbə salınıb, əlavə 5 qəsəbə də sonradan salındı. Onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlavə torpaq sahələri də ayrılıb.

100 ton üzüm, 200 min ton pambıq istehsal edilirdi

Rayonun ağsaqqallar şurasının müavini, uzun müddət vəzifədə çalışmış 75 yaşlı Mustafa Məhərrəmov rayonun kənd təsərrüfatı üzrə daha çox inkişaf etdiyini deyir:

“Dağ Tumas kəndində 11 kəndi birləşdirən sovxozun direktoru olmuşam və 1750 hektar üzüm sahəsi olub. Cəbrayılın kəndləri heyvandarlıq, quşçuluq, maldarlıq, taxılçılıq üzrə inkişaf etmişdi. İşğal edilməsəydi, rayonun imkanları daha da genişlənəcəkdi.

Əhali əvvəllər pambıqçılıqla məşğul olurdu, gəlirləri heç də az deyildi. Arazboyu kəndlərdə baramaçılıq, taxılçılıq inkişaf etmişdi. Lakin sonradan pambıqçılıq üzümçülüklə əvəzləndi. Təkcə bizim sovxozda 10 min, ümumilikdə rayon üzrə 100 min tondan artıq üzüm istehsal edirdi, 8 şərabçılıq müəssisəsi var idi. 200 min ton pambıq istehsal edilirdi, sonradan həmin torpaq sahələr üzümçülük məqsədilə istifadə edilirdi. Əhalinin imkanları daha da genişlənirdi. Amma bu, yalnız kənd təsərrüfatı ilə bağlı deyildi. Rayonun turizm imkanları da geniş idi. Tarixi abidələri, meşələr turistlərin diqqətini çəkirdi. Rayon işğal edilməsəydi, istehsal edilən məhsullar xarici ölkələrə idxal ediləcəkdi. Su çıxmayan torpaqların suvarılması imkanları daha da artıracaqdı”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm