Azərbaycanlı ananın ərə gedən qızına nəsihəti
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı ananın ərə gedən qızına nəsihəti

Ay qızım, bir halda ki, sən nənələrinin ənənəsinə dönük çıxıb yad məmləkətdən olan birisi ilə evlənməmisən, bir para bicliklər var ki, onları bilməlisən. Bu biclikləri bilməsən, düşdüyün evdə baş çıxarda bilməzsən. Qayınana, qayınata, qayınlar, baldızlar içərisində bu siyasəti yürütməsən, təmiz xar olub gözdən düşərsən. Səni əzərlər, səni yeyərlər.

Nədir onlar? Əvvəla və ən vacibi, yarpaq dolması bişirərkən yarpağın ortasında zoğ olur ha, gərək onu səliqə ilə kəsib çıxarasan. Bunu qayınananın gözü qabağında, nümayişkaranə şəkildə etsən, daha yaxşı olar. Yoxsa bir də gördün, özünü yetirib, sənə ağıl öyrətməyə başladı: “Bax, yarpağın zoğunu çıxar ha...” Bunu deməyə ona macal verdinsə, vəssalam, batdın Şamaxı batan kimi.

Ondan sonra üstünlüyü ələ alacaq. Yəni guya bu, yaxşı arvaddır. Yeri gəldi-gəlmədi, sənə məsləhətlər verəcək. Nə bilim, ev süpürəndə “süpürgəni islat”, kartof qızardanda “dibi yapışmasın deyə tavanı tam qızdır” deyib forslanacaq. Belə şeylərə qəti yol vermə!

Elə ki ər evinə çatdın, bütün məharətini işə salıb özünü iş-güc bilən kimi göstər. Lazım gəlsə, sən qabağa düşüb onun gördüyü işə “zameçaniye” tut. Bunu eləyə bilsən, lap əla olar.

Ona görə də mənim sözlərimi yaxşı yadında saxla. Mən o qaydaları sənə çox təkrarlatmışam, amma bura da yazıram ki, ürəyim rahat olsun. Paltarın sökük yerini tikəndə tərs üzünə çevir, xəngəl xəmiri yoğuranda qaynamış ilıq su ilə yoğur ki, xəmir axmasın, borşun kələmini çox xırda doğrama, xəşil çalanda yanına əlavə bir çaydan qaynar su qoymağı unutma, makaronun duzunu bəri başdan suya at ki, köpük verməsin. Burada bir az boş yer qoyuram, yadıma düşdükcə yazacam.

Yuxudan tez dur, yatıb günortaya qalma. Elə ki, əl-ayaq çəkildi, başını at yastığa. Çalış, səni yatan yerdə görən olmasın. Desinlər, zalımın qızı od parçasıdır.

...Nəbadə subay baldızını orda-burda pisləyəsən. Əksinə, harada oldun, tərifini göyə qaldır, qoy tez alıb aparsınlar.

Elə ki, qaynın evləndi, özünü vur xəstəliyə. Qoy təzə gəlin həm bir az sənə qulluq eləsin, canın rahatlansın, həm də qayınana görsün ki, sən daha sərf eləmirsən, təzə gəlini yox, səni ayırsın.

Özün də daha kitab-dəftəri at qırağa. İnternetə girəndə də ancaq belə evdarlıq sirlərini öyrənmək üçün gir. Çox ağıllı, çox savadlı olmaq adamın əl-ayağına dolaşır ər evində. Qızım, sən nə qədər savadlı olsan da, bil ki, azərbaycanlı ailəsində bir qara qəpik qiymətin olmayacaq. Amma arvadlığın olsa, bütün nəsil-kök başına and içəcək.

Sənə mən diplom vermişəm, yaxşı yerə ərə vermək üçün. Diplomun olmasa idi, yoluğun birisinə qismət olardın. İndi, şükür Allaha, imkanlı bir ailəyə urcah olmusan, fərasətin olsa, hər şeyi ələ alarsan. Fərasətin olmasa, ayaq altda qalarsan, əlbuyruqçusuna çevrilərsən.

O Hüqodur, nə bilim, Manpasıdır-nədir, onların kitablarını bir də sənin əlində görsəm, məndən incimə. Az, onları oxuyub, Azərbaycanda yaşaya bilərsən? Ayıl ey, ayıl, qonum-qonşunun qızlarına bax.

Sən elə bilirsən, mən vaxtında oxumamışam? Mən “46 bənövşə”ni orta məktəb vaxtlarımda, bəlkə, yalan olmasın, 46 dəfə oxumuşam ey... Amma sonra gördüm, oxumuş, öz biliyi ilə universitet qurtarmış bacımı ər evində necə hoydu-hoyduya götürüblər, nifrət elədim dəftər-kitaba.

Bacım binəva, heç biclik bilən deyildi. Ərə gedən ilk gündən nəyi bilməsə, qayınanasından soruşurmuş. Gör, heç adam elə səhvə yol verər?

Bir dəfə pomidor-yumurta bişirəndə soruşub ki, bunu qarışdırım? Axı pomidor-yumurtanı qarışdırmazlar. Bu da bilməyib də... Sonra bir dəfə də soruşub ki, kompota duz tökürlər? Qayınana da eləmə tənbəllik, bunu “anekdot” eləyib, yayıb bütün qohum-əqrəbaya. Beş-altı arvad bir yerə düşən kimi, bu “anekdot”ları danışıb gülürlərmiş. Mənim universitet qurtarmış bacımı kəmağıl bilirlərmiş.

Sən də getdin xalana oxşadın. O da özünə baxan deyildi. Özünə baxmayan arvadın ər yanında hörməti olmaz. Tezdən duran kimi birinci işin “pudra-kraska” ilə olsun. Elə geyin, elə bəzən, elə bil, toya gedirsən. Nəyin var, tax əyninə, üstünə-başına. Göz çıxart. Bər-bəzəkli arvadın tay-tuşları yanında da hörməti artıq olur...

Hə... Bir də, a qızım, yadımdan çıxmamış, vacib bir şeyi deyim, nəbadə bu məktubu yad millətin yanında oxuyasan. İnan ki, bizə “həşərat” deyərlər. Nə qədər olmasa, biz də 21-ci əsrdə yaşayırıq axı...

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm