Şəhidin həyat yoldaşı: “Yuxuda mənə dedi ki...” FOTO
Bizi izləyin

Qırmızı.az

Şəhidin həyat yoldaşı: “Yuxuda mənə dedi ki...” FOTO

"Yuxuma girmişdi. Birinci sözü o oldu ki, uşaqlardan muğayat ol. Sonra dedi ki, hərbi formanı geyin, hüzrə gələn camaatın qarşısına çıx". Bunu Trend-in cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı ilə söhbətində Azərbaycan Ordusunun şəhid olmuş gizirinin həyat yoldaşı Sədaqət Almazova bildirib.


Şəhid gizir İsa Almazovun hazırda Qazaxın Bala Cəfərli kəndində yaşayan həyat yoldaşı deyib ki, ərinin yuxusunda da olsa, dediyi bu sözlərinə böyük məmnuniyyətlə əməl edərdi. Lakin kəndin böyükləri, qohumları, ağsaqqallar, ağbirçəklər bildiriblər ki, elimizin adətinə görə, qadın el içində hərbi formada gəzməz. Ona görə də böyüklərin sözündən çıxmayıb.


Qeyd edək ki, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu iyulun 31-də saat 20:00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən isə gizir Almazov İsə Ziyad oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

S.Almazova qeyd edib ki, həyat yoldaşı onlara heç zaman döyüşdüyünü deməz, düşmənlə üz-üzə postda olduğunu gizlədərmiş. Ölümündən cəmi bir neçə saat əvvəl isə telefonla belə bir ismarıc yazıb: "Uşaqlardan muğayat ol. Özünü qoru. Vətən sağ olsun!"

Onun sözlərinə görə, həyat yoldaşı həqiqi hərbi xidmətini Ağdamda keçib. Ümumilikdə 17 il hərbi xidmətdə olan İsə daha sonra Naxçıvanda və Qazaxda xidmət edib: "İsənin bir qardaşı 18 yaşında xəstəlikdən ölüb. Atası çoxdan rəhmətə getmişdi. Anasını isə cəmi 3 ay bundan əvvəl torpağa tapşırmışıq".


Ölümündən sonra 37 yaşlı şəhiddən Şahvələd adlı 10 yaşlı oğlu, Gülnar adlı 9 yaşlı qızı, Mədinə və Səbinə adlı 8 aylıq əkiz körpələri yadigar qalıb. Sədaqət xanım deyir ki, bundan sonra əsas məqsədi övladlarını atalarının adına layiq şəkildə böyüdüb boya-başa çatdırmaqdır.


Oğlu Şahvələd evlərinə gələn-gedən hər kəsə bunu deyir: "Mənim atam şəhiddir. Şəhidlər isə heç zaman ölmür".

Gizir İsə Almazov neçə il imiş ki, ailəsinə ev tikmək istəyirmiş. Min bir əziyyətlə də olsa, demək olar ki, evinin inşasını tam bitirib qurtarmaq üzrə imiş. Evinin qapısından göz dəyməsin deyə gözmuncuğu asıbmış. Lakin İsəyə göz əvəzinə düşmən gülləsi dəydi. O, evinin tikilməyən pilləkənləri ilə yuxarı qalxa bilməsə də, şəhid olaraq pilləsiz daha yüksək məqamlara ucala bildi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm