Səfər Alışarlı “Cavad Xan” filmi barədə nə yazdı?
Bizi izləyin

Qırmızı.az

Səfər Alışarlı “Cavad Xan” filmi barədə nə yazdı?

Səfər Alışarlı “Cavad Xan” filmi barədə nə yazdı?

Əlbəttə, əlbəttə, əlbəttə!..

Neçə illər bundan əvvəl qədim rus şəhərinin məşhur küçələrindən biri ilə gedə-gedə göz yaşlarımı silirdim.

Mənə elə gəlirdi ki, bu ağlamaq adi 3000 kilometrlik bir ayrılıq həsrəti ilə deyil, nəsə başqa, daha dərin və daha uzaq mətləblərlə bağlıdır. Bunu bütün çarəsiz ağrıları ilə dərk etməyim ağlamağımla bərabər mənə daxili bir təskinlik və toxtaqlıq da verirdi. “Cavad xan” filminə baxa-baxa da ağladım. İki gün, gecə-gündüz qəlbim sızladı, göz yaşların gah içimi, gah yanaqlarımı islatdı. Qəribədir, filmdə konkret olaraq heç kim, heç bir obraz məni, necə deyərlər, tərpətmədi, amma mən ağladım. Əlbəttə, ağlamaq ölçü meyarı olmasa da, sənət tamaşaçıda katarsis yaratmaq üçündür.

23 noyabr 1988-ci ildə axşamüstü Hökumət Evinin qarşısındakı meydandan camaatı dağılışmağa səsləyən Sabir Rüstəmxanlının çıxışının konkret sözlərindən çox ümumi ahəngi yadımdadır. Şair dostum Rəşad Bəydəmirli ilə fəvvarələrin yanında açıq havada qoyulmuş, cəmi bircə tüstü borusu olan gülməli odun sobasının istisində əllərimizi qızdıra-qızdıra xalqa növbəti tribuna müraciətini dinləyirdik. Rəşadı bilmirəm, mən ağlayırdım. Eyni ilə qədim rus şəhərinin məşhur küçəsi ilə gedə-gedə, eyni ilə “Cavad xan” filminə baxa-baxa ağladığım kimi... Əlbəttə, əlbəttə, əlbəttə... Bu dünya həm də ağlamaq üçündür, oğlum!

Bütün Bakı elitasının Heydər Əliyev Sarayında maraqla baxdığı bu film və bizim iki yüz illik rus istilasında davam edən həyatımız, təəssüf ki, sevindirici ovqat vermir. Cənublu-şimallı bütün Azərbaycanın, bütün türk dünyasının gözü qarşısında balaca Gəncə xanlığını qanına-qəltan etmiş azğın düşmən bu gün də eyni xislətlə Qarabağın işğalını dərinləşdirir. İki dəfə Gəncə xanlığından böyük Qarabağ xanlığının torpaqları 200 ildən sonra təkrarən Azərbaycanın əlindən alınır. Filmin verdiyi təəssüratlar boyunca tarixə ekskursdan bugünkü Qarabağa dönüşlə bağlı bütün həqiqətləri yazmaq bəlkə də düşmənə xidmət edər.

“Cavad xan” filmi bizim ağlımızın çoxdan kəsdiyi tarixi həqiqətləri hiss və ehtiraslarımızın təsdiqinə verdi. İlk dəfə kinomuzda göstərilən və səslənən həqiqət tariximizin faktına uyğun gəldi. Azərbaycanın həqiqi milli, mənəvi istiqlalı 31 avqust 2009-cu ildə Heydər Əliyev Sarayından başlandı. Güman edirəm ki, gələcək nəsillərimiz üçün bu yöndə həqiqətən də sevindirici nələrsə ola bilər. Çünki kino çox böyük silahdır.

Diqqətlə baxsaq, filmdə bədii-estetik məntiqin sübuta yetirdiyi bir dənə də obraz yoxdur. Məsələn, folklorda belə halların birində deyirlər ki, əsərin qəhrəman gülüşdür; digərində deyirlər ki, sadəlövhlükdür. Burada da qəhrəman yoxdur, bütün qabarıqlığına baxmayaraq, Cavad xan özü də rus imperiyasının Azərbaycana divan tutması faciəsini üstələyərək obraza çevrilə bilmir. Burada başlıca obraz işğaldır: qanlı, zorakı, vəhşi. Azərbaycan sənətində bu obrazın yeri boş idi. Fakt var idi, amma obraz yox. (Təsəvvür edin ki, Naxçıvan xanlarının birbaşa törəməsi İsmayıl xanın Ter-Qukasovlarla birləşərək, rus ordusunun şilləvuranı ranqında Bəyazid qalasını türklərdən döyüşlə alması 10 avqust 2009-cu ildə Azərbaycan televiziyalarının birində şücaət və qəhrəmanlıq nümunəsi kimi təbliğ edilir!) “Cavad xan” filminin kontekstində obrazlar sistemi bizə heç lazım da deyil, bizim başqa işimiz var. Film hamının beynində mövcud olan sxemlərin bir hissəsini ekran təcəssümləri ilə üst-üstə saldı. Diriltdi, onlara həyat verdi. Tarixi həqiqətlərdən daha çox tarixi vəziyyət və şərait bərpa edildi.

Bu şəraitin və vəziyyətin qəhrəmanları göz önünə gətirildi: nəhayət, uşağımız qanmağa başlayacaq ki, qiyafəsindən asılı olmayaraq, düşmən həmin düşməndir və Qarabağı da işğal edən odur. Saxta, yalan informasiyanın zombiləşdirdiyi dünyada əzilən bir xalqın öz dostunu və düşmənini tanıması çox böyük uğur və nailiyyət sayılmalıdır.

Tarixi ədavətdən və coğrafi pəqabətdən doğan bu ideyanı ruslar öz filmlərində bizdən daha yaxşı verməyi bacarırlar. Müəyyən təcrübə var, ən azı rejissor Eyzenşteyn məktəbi var. Bizim nəyimiz var? Utanaq və sadalayaq: “Fətəli xan”, “Qatır Məmməd”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım” və sair. Dəhşətlisi bu deyil. Dəhşətlisi budur ki, belə mənəvi rəzaləti xalqına ideoloji kino sistemi olaraq sırımış “korifeylər” bizim mənəvi bütlərimiz sırasında bu gün də qalmaqda davam edirlər. Ona görə Qarabağı ala biləcək əsgər və sərkərdə yetişmir.

Ancaq 2003-cü ildə ruslar “Bayazet” filmini çəkdilər, özü də reklamına külli vəsait xərclədilər. Onlar yüz il öncə silahla qazandıqları qələbəni rus mənəviyyatı üçün XXI əsrdə türk mənliyini bir daha enərək təzələdilər. Sonra, məsələn, ruslar “Çingiz xan” filminə külli miqdarda vəsait qoydular (hətta, deyəsən, Nazarbayevdən də xeyli pul aldılar). Burada məqsəd nədir, rus nəyə görə türkün yenilməz hərb atasına bu gün müraciət etdi?

Məqsəd Çingiz xanı onun nəvələrindən kiminsə götürməsinə mənəvi, psixoloji sədd yaratmaq, dünyanın ən böyük sərkərdəsi haqda mövcud olan sovet stereotiplərini yeni nəfəslə müasir nəslə təqdim etməkdir. Məlum olduğu kimi, sovet tarixində türk, müsəlman qaniçən, qara rəngli, vəhşi bir məxluqatdır, özü də sayca çoxdur. Yəni onu kütləvi şəkildə qırmaq xaçpərəst boqu qarşısında günah sayılmaz. İndi ideoloji nizamlama yox, məhz sənət fəndləri vasitəsi ilə Çingiz xan obrazı müasirlərimiz üçün aşağılanacaqdır. Məsələn, braziliyalıların çəkdiyi müsəlman həyatı serialındakı kimi.

Bununla ürəyi soyumayan rus bu gün məhz erməni alimlərinin rəhbərliyi altında Altaydakı qədim türk kurqanlarını dağıdır, mina axtaran cihazlarla yerin dərinliklərini cikkildədir, hətta dağ Altayın radioaktiv uran yataqları olan sıldırımlarını da ələk-vələk edir. Rus ən murdar erməni başlarının köməyi ilə Çingiz xanın qəbrini tapmaq istəyir. “Niyəsi” ayrı söhbətin mövzusudur.

Ermənilərin isə bu gün nə çəkdiklərindən bizim xəbərimiz yoxdur! Təsəvvür etmək çətindir...

Tarixi həqiqətlərin ağırlığı altında əyilməyə məcbur olan belə filmlərin həm də müasir kino sənətinin inkişafına Fellini xidməti göstərməsi üçün çox şeylər lazımdır: bizdə onlar yoxdur! Biz sadəcə unutdurulmuş, xatırlanması qadağan edilmiş, bəzi vətəndaşlarımız tərəfindən yüzilliklər boyu qəsdən təhrif olunmuş doğma tariximizin kiçik bir parçasını xalqımız üçün açdıq. Düşmənin kimliyini göstərdik, gördük, məqsədini anladıq: indi bunlardan nəticə çıxarmaq nisbətən asan olar. Düşmən bizə bu imkanı heç zaman, hətta müstəqillik illərində də verməmişdi.

O nəticəni bizim babalarımız – Azərbaycan xanları - çıxara bilmədi desək, ədalətli olmaz. Yadınızdadırmı, yəhudi Sinedron başçısının Ponti Pilatdan müqəddəs İususun əvəzinə adicə oğru Varravanı əfv etməsini tələb etməsi? Bunu mən bu yazıda axıra qədər açıqlamaq istəmirəm, çünki tarixi mətn tamam başqa yanaşma tələb edir. Beləliklə, xanlarımız Cavad xana arxa durmaqdan qaçdılar. Osmanlı imperiyasını Adriatikadan Qafqazlara qədər quruda və suda vurmuş, Bəyazidi, Rəşti, Təbrizi almış rus imperiya ordusunun kimliyini onlarmı bilmirdilər? Filmdə xanlar arasında nifaq və münaqişə isimləri kimi hallanan Zubov, Georgievsk sazişi və sair sadəcə müharibəyə girməmək üçün xanların əlində bir bəhanədir. Əsl həqiqət rus ordusunun həmin dövrdəki qüdrəti və imperiyanın hərbi passionarlığıdır. Xanlar rus imperiyasına xidmət bahasına da olsa, birtəhər salamat qalmaq, öz sülalə idarəçiliklərini davam etdirmək istəyirdilər. Və həmişə belə hallarda olduğu kimi, onlar yanılırdılar: çox çəkmədi, ruslar, demək olar ki, onların hər birini ailəsi ilə birlikdə edam etdilər.

Bu mənada Qarabağ hökmdarı, “Mən Abaqa nəslindənəm!” bağırmağı sevən, Cavad xanın qaynı İbrahim xanın və ailəsinin taleyi çox faciəvidir. Yeri gəlmişkən, xanların toplantısı haqda. Uğursuzluğuna və nəticəsizliyinə baxmayaraq, Azərbaycan tarixinin ən önəmli səhifələrindən biri sayılan bu toplantı film üçün də böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekst, bu səhnə filmə lazım və gərəkli olan ekspressiyanı verir. Ancaq burada söylənilənlər onsuz da stenoqram deyil, ssenarist yozumudur. Ona görə bu səhnə bu gündən daha çox gələcəyə tuşlana bilərdi, yəni xanların qısa çıxışları daha müdrik, daha sanballı verilməklə, daha dəqiq tarixi ştrix və faktlara söykənməli idi. Burada həqiqət azdır, həqiqət +1 formulası işləməli idi. Cavad xanın namaz üstdə həqiqətən alqışlara layiq duası kimi.

Filmdə kitabxana məsələsi başdan-ayağa qondarma bir ideoloji yatırımdır. Xırdalamağa ehtiyac yoxdur. Filmin son səhnələri uğurla yekunlaşdırılıb. Sisianovun qalaya daxil olması, Cavad xanın dəfninə icazə verməsi, onun xanımına hədiyyə göndərməsi, məscidi kilsəyə çevirməsi yox, məhz döyüş meydanına aşıq ağzı ilə ağı deyilməsi təsirlidir. Cavad xanın bayrağının döyüş meydanından pionerfason oğurlanmasına ehtiyac yox idi. Yəqin ki, bayraq yerdə qalmalı idi və yaxud heç göstərilməli deyildi. Bir kərə yüksələni kimlərin endirdiyini bilirik...

Bəzi ziyalılarımız filmdə pafosun olduğunu qeyd edirlər. Filmdə pafos az da olsa, var. Xüsusilə Cavad xan obrazında, xüsusilə onun qılınc məşqi səhnələrində və sair. Ümumiyyətlə, aktyor məktəbi bir yana dursun, Nurəddin Mehdixanlı özü xarakter etibarı ilə bir az pafoslu adamdır. Yəqin ki, burada heç bir qeyri-səmimilik yoxdur, daxili temperament oktavasının yüksəkliyi var.

Cavad xanı, aktyor məktəbimiz üçün peşəkarlıq zirvəsi sayılan Kərbəlayı İsmayıl, Gəray bəy obrazları ilə müqayisə etməyə çalışanlar var. Amma bunu etmək olmaz. Hər iki obraz rejissor yozumunda əyilib: biri tamam əyilib, o birində isə Fərman Kərimzadənin yazdıqlarından ciddi notlar qoparılıb. Amma Cavad xanı onlarla müqayisə etmək olmaz. Çünki, deyildiyi kimi, indiki halda Cavad xanın bizə bədii sənət təcəssümünün estetik dəyərləri və incəlikləri yox, həqiqi siyasi, tarixi qəhrəmanlıq örnəyi vacib idi. Film buna nail olub. Sağ olsunlar! Əlbəttə, illər keçəcək, Azərbaycan oğulları Cavad xan haqqında yenə də filmlər çəkəcək, səhnə əsərləri yaradacaqlar. Və bu filmlərin xalqımıza verəcəyi mənəvi qidanın sanbalı ilə müqayisədə filmə xərclənmiş qəpik-quruş qətiyyən nəzərə gəlməyəcək.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm