Qırmızı.az
Mehriban Əliyevaya həsr olunmuş kitab təqdim edildi - FOTOLAR
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Mehriban Əliyevaya həsr olunan kitabı təqdim edilib.
Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu kitabda
Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti
diqqətə çatdırılmaqla yanaşı, Mehriban Əliyevaya məxsus
keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim edilir.
Kitabdan bəzi hissələri oxuculara təqdim edirik:
O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi,
dogma Mehribanıdır
“Mehriban xanım haqqında yazmaq və fikir söyləmək böyük məsuliyyət
tələb edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə
nüfuz etmiş birinci xanım barəsində müxtəlif kitablar yazılıb,
ölkə daxilində və xaricində onun fəaliyyətini təfərrüatı ilə əks
etdirən materiallar nəşr olunub. Əsasən rəsmi məlumatların yer
aldığı bu nəşrlər onun xarakteri, daxili aləmi barədə dolğun
təəssürat yaratmır. Bu səbəbdən peşəkar fəaliyyətimin böyük
hissəsinin onun adı ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu gün
ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən Mehriban xanım haqqında
yazmaq və onun ictimai şüurda formalaşmış bitkin portretinə yeni
cizgilər əlavə edərək daxili aləmini təqdim etmək istədim.
Bu illər ərzində mən onun insanlara qayğıkeş münasibətini, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşmasını, valideyn qayğısından məhrum olmuş uşaqlara himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi olduğunu gördüm. O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma Mehribanıdır”.
Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün
dünyada tanınır, o, həm də çox gözəldir
“Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə,
mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən
kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını
müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Bu gün
əminliklə söyləyə bilərik ki, Azərbaycanda son illər ərzində
formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri
üçün örnək ola bilər.
Ölkə Prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci
xanımın davranışı və görünüşü xarici kütləvi informasiya
vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın
xarici ölkələrdə yaşından asılı olmayaraq hər kəs tərəfindən, hətta
uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam.
2007-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin
Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu
ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki
ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə
tutulmuşdu. Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri
təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə
tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə
Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və
qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə
soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan
“Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbaycanın
birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm
də çox gözəldir” söyləməsi xoş və unudulmaz təəssürat
bağışladı”.
Mehriban Əliyeva ən xırda təfərrüatları belə təhlil etmədən
qərar vermir
“O, iti müşahidəçilik qabiliyyətinə malikdir. Görüşlər, təbdirlər
zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə müşahidə
etdiyi hansısa bir hadisəni bütün təfərrüatı ilə xatırlaya
bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir və düzgün
qərar verməyi bacarır. Ən xırda təfərrüatları belə təhlil etmədən
qərar vermir”.
O, heç kimi ümidsiz qoymur
“Mehriban Əliyeva sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ölkə başçısı ilə regionlara səfər edərkən onlarla görüşə toplaşan insanlarla çox mehriban davranmağı, müraciət edən hər kəsə diqqət göstərməsi, bəzən hətta kənarda dayanmış yaşlı bir insana yaxınlaşaraq hal-əhval tutması bunun əyani sübutudur.
2005-ci ilin aprel ayında Şamaxıya səfər çərçivəsində Şamaxı şəhər
internat orta məktəbi ilə tanışlıq zamanı məcburi köçkün ailələri
Mehriban xanıma yaxınlaşaraq ondan məskunlaşdıqları yataqxanaya baş
çəkməsini xahiş etdilər. Təbii ki, səfər proqramına daxil olmayan
bu gözlənilməz təklif təhlükəsizlik baxımından mühafizə xidməti
tərəfindən birmənalı olaraq müsbət qarşılanmadı və məndən təkidlə
xahiş olundu ki, Mehriban xanıma bu təklifi qəbul etməməyi
çatdırım. Onun xasiyyətinə yaxşı bələd olan bir insan kimi,
Mehriban xanımın ona üz tutmuş insanlara biganə yanaşmayacağına,
əksinə ondan kömək uman hər bir kəsin olduğu kimi, bu insanların da
problemlərini dinləyəcəyinə və həllinə çalışacağına əmin olduğumu
bildirdim. Əlacsız qalan mühafizə xidməti protokol qaydalarını
pozaraq Mehriban xanıma yaxınlaşıb israrla yalnız protokolda
nəzərdə tutulmuş obyektləri ziyarət etməyi məsləhət gördü.
O, gülümsəyərək məcburi köçkünlərin əhatəsində, onlarla söhbət
edə-edə yataqxanaya doğru getdi. Mehriban xanımın buraya gəlişi onu
səbirsizliklə gözləyən insanların, uşaqdan tutmuş ağsaqqallara kimi
hər bir kəsin hədsiz sevincinə səbəb oldu. O, hamını təmkinlə
dinləyir, mövcud problemlərin araşdırılaraq imkan daxilində aradan
qaldırılacağını söyləyirdi. Və cəmi bir neçə ay sonra- 2006-cı ildə
Mehriban xanımın Şamaxıda keçirdiyi növbəti görüş məcburi
köçkünlərə sonsuz sevinc bəxş etdi – burada vaxtilə internat
məktəbinin yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən
qurularaq və zəruri avadanlıqla təchiz edilərək çətin şəraitdə
yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verildi”.
Şəfqət onun xarakterinin nəzərə çarpan
xüsusiyyətidir
“Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra
qəlbində kədərli hislərin baş qaldırdığının dəfələrlə şahidi
olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər
bir xırdalıqlara fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların
qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu
gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə
alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar
üçün sözün əsl mənasında ailə mühiti yaradılıb”.
Azərbaycanda qadın hərəkatında yeni bir
mərhələ
“Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını
canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Mehriban
xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir
Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın
təsəvvür yaradır. Onun şəxsiyyətində Azərbaycan qadını üçün
səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər
parlaq təcəssümünü tapıb”.
Əzmkarlıq, işləri düzgün qurmaq bacarığı bütün
problemləri həll edir
İlk zamanlar Mehriban xanımın millət vəkili olduğu Xəzər rayonunda
ictimaiyyətlə görüşlərinin keçirilməsi üçün müvafiq yer
müəyyən edə bilmirdik. Rayonda normal şəraiti olan mədəniyyət
mərkəzi belə yox idi, görüşləri köhnə məktəb binalarının akt
zalında keçirmək məcburiyyətində idik. Elə o vaxtlar Mehriban
xanımın tapşırığı ilə rayonda mövcud olan problemlərin ardıcıl və
vaxtında həyata keçirilməsi məqsədi ilə Əzizbəyov rayonunun
İnkişafı Fondu (indiki Xəzər İnkişaf Fondu) təsis edildi. Bu gün
artıq Xəzər rayonu tamamilə yeni mənzərəyə malikdir. İnsanları ən
çox narahat edən problemlər uğurla həllini tapıb. Yeni yollar
çəkilib, parklar salınıb, təhsil, tibb, mədəniyyət obyektləri
istifadəyə verilib. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi
ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli
mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
...2005-ci il. Xəzər rayonu ictimaiyyəti ilə görüş keçirilir.
Zirədə keçirilən görüş zamanı ağbirçək bir qadın Mehriban xanıma
yaxınlaşaraq onu sidq ürəklə öz evinə çay içməyə dəvət edir.
Mehriban xanım gələn dəfəki səfəri zamanı mütləq onun qonağı
olacağına söz verir. Bir neçə ay sonra, 2006-cı ilin fevralında
Xəzər rayonunda keçirilən tədbirlər bitəndən sonra Mehriban xanım
həmin o qadının, 80 yaşına çatan Badam nənənin evinə getməyi
unutmur. Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq
bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış
Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə
qarşılayaraq, verdiyi bütün vədlərə əməl edən Mehriban xanıma
səmimi arzularını yetirdi. Mehriban xanım onunla hal-əhval tutaraq
səhhəti ilə, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz
hədiyyələrini təqdim etdi, onun mənzilinin təmir edilməsi və
avadanlıqla təmin olunması barədə tapşırıqlarını verdi.
…İctimai şüurda xeyirxahlıq mücəssəməsi kimi qəbul edilən
Mehriban xanımın insani keyfiyyətləri, ailə dəyərlərinə sadiqliyi
onun görkəmli alim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat
elmləri doktoru, akademik Arif Paşayevin və Azərbaycanda ərəb
ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk qadın-professor Aida
İmanquliyevanın övladı, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın
gəlini olmasından da qaynaqlanır.
O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün
çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb”.
Qeyd edək ki, “Mehriban” adlı kitabda Mehriban Əliyeva ilə bağlı
maraqlı məqamlarla yanaşı, ölkənin birinci xanımının ailə üzvləri,
eləcə də tanınmış ictimai-siyasi xadimlərin fikirləri yer alıb.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı