Bir inəyə görə əkizlərini geri aldı
Bizi izləyin

Qırmızı.az

Bir inəyə görə əkizlərini geri aldı

Bir müddət əvvəl yeni doğulan əkiz övladlarından imtina edən 79 yaşlı Əliniyaz Nəzərov onların geri qaytarılması üçün 1 saylı Körpələr Evinə müraciət edib.

Körpələr evinin müdiri Nəhayət Əliyeva Publika.az-a açıqlamasında Ə.Nəzərovun müraciət etdiyini təsdiqləyib.

“Dünən Əliniyaz bəy bizə müraciət edib. Biz də ona izah etmişik ki, rəsmi müraciət olmadan uşaqları geri qaytara bilmərik. Daha sonra Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və rayon xəstəxanasının baş həkimi zəng etdi. Onlara da bildirdik ki, uşaqlardan rəsmi ərizə ilə imtina edilib. İndi onları geri qaytarmaq üçün rəsmi müraciət olmalıdır. Uşaqları geri vermək üçün İcra Hakimiyyətinindən bizə rəsmi məktub göndərilməlidir ki, uşaqlar nəzarətdə olacaq. Onların bundan sonrakı maddi təminatı necə həyata keçiriləcək? Bunlar hamısı bildirilməlidir. Bura dövlət qurumudur, 80 yaşlı kişiyə uşaqları necə etibar edim, üstəlik, o, maddi imkansızlığa görə bir müddət əvvəl uşaqlardan imtina edib? Nə vaxt İcra Hakimiyyətindən rəsmi məktub göndərilərsə, icra hakimiyyətinin və xəstəxananın təcili yardım xidməti ilə uşaqları ailəsinə qaytara bilərik. Bunun üçün polis tərəfindən də akt tərtib edilməlidir. İcra hakimiyyətindən daxil olmuş məktub da həmin uşaqların sənədinə tikiləcək”.

N.Əliyeva hazırda əkizlərinin səhhətinin də yaxşı olduğunu dedi.

Masallı rayon icra hakimiyyətinin hüquq şöbəsinin baş məsləhətçisi Hikmət Xəlilov Publika.az-a bildirib ki, ailəyə maddi yardımın ediləcəyini və yaxın zamanda uşaqlar ailələrinə geri qaytarılacaq.

“Hələ ailə uşaqlardan imtina etməmişdən əvvəl icra başçısı Rafil Hüseynov Əliniyaz bəyə öz maaşından aylıq ödəniş və ailəyə inək alınmasını təklif etsə də, o, bunu qəbul etməmişdi. Lakin bir müddət keçəndən sonra özləri İcra Hakimiyyətinə müraciət ediblər ki, əvvəl təklif edildiyi kimi inək verin, uşaqları geri götürürük. Bu müddət ərzində rayon rəhbərliyi tərəfindən ailə ilə profilaktik söhbətlər aparılıb. Artıq onlara sosial yardımlar göstərilib”.

H.Xəlilov onu da bildirdi ki, uşaqların qaytarılması ilə bağlı artıq sənədlər toplanıb, böyük ehtimalla sabah uşaqlar geri qaytarılacaq. O, ailəyə ediləcək maddi yardımlar barədə də məlumat verib:

“Uşaqlar geri qaytarıldıqdan sonra ailəyə inək veriləcək.Uşaqlara birdəfəlik pul müavinəti veriləcək. Ailə ünvanlı sosial yardım alırdı, iki uşağa görə yardıma yenidən baxılacaq, hər uşağa görə 45 manat veriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl maddi imkanı olmadığına görə övladlarından imtina edən Ə.Nəzərov indi onları geri istədiyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm