Dövlət Komitəsi Avropa Əməkdaşlığı təşkilatına müraciət edib
Bizi izləyin

Qırmızı.az

Dövlət Komitəsi Avropa Əməkdaşlığı təşkilatına müraciət edib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Akkreditasiya üzrə Avropa Əməkdaşlığı (EA) təşkilatına assosiativ (müxbir) üzv olmaq üçün müraciət edib.

SMPDK-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda müraciətə bu təşkilatda baxılır.

EA-ya assosiativ üzv qismində qoşulmaq hüququna Avropa İttifaqına potensial namizəd ölkələrin və ya Avropa İttifaqı Qonşuluq Siyasətinin şamil olunduğu ölkələrin akkreditasiya orqanları malikdir.

Məlumat üçün bildirək ki, Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatı 1997-ci ildən fəaliyyət göstərir. Rəsmi Avropa akkreditasiya qurumu qismində yaradılmış EA tanınmış milli akkreditasiya orqanlarının şəbəkəsidir. Bu status 9 iyul 2008-ci il tarixli Avropa Parlamenti və Avropa İttifaqının Şurasının qəbul etdiyi 765/2008 nömrəli Reqlamentlə müəyyən edilib. 21 may 2009-cu il tarixində Avropa İttifaqının rəsmi jurnalında Avropa Komissiyası, Avropa Azad Ticarət Zonası, EA və milli orqanlar arasında əməkdaşlığın prinsip və məqsədlərini müəyyən edən rəhbər sənəd nəşr edilib.

EA, üzv ölkələrin milli orqanları tərəfindən istifadə olunan standartların ümumi şərhinin təmin edilməsi üçün akkreditasiyanı Avropada bir xidmət kimi müəyyən edir, qiymətləndirmə zamanı əldə edilən nəticələrin aşkarlığını təmin edir, üzv ölkələrin milli akkreditasiya orqanları arasında çoxtərəfli qarşılıqlı tanınma razılaşmalarının əldə olunmasını və akkreditasiya məqsədilə aparılan uyğunluğun qiymətləndirilməsi nəticələrinin tanınmasını təmin edir. Bundan başqa, beynəlxalq təcrübəyə uyğun olaraq qiymətləndirmə sistemini idarə edir, akkreditasiya üzrə Avropa siyasətinin həyata keçirilməsi ilə bağlı olan məsələlərdə texniki mənbə rolunda çıxış edir və s.

EA regional qurum kimi akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar olan Laboratoriyanın Akkreditasıyası üzrə Beynəlxalq Əməkdaşlıq (İLAC) təşkilatının və Beynəlxalq Akkreditasiya Forumunun (İAF) üzvüdür. EA-ya üzvlük İAF-a üzvlük üçün əsas yaratmış olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm