Türkiyəli gənc fəallar Şəhidlər Xiyabanında olub
Bizi izləyin

Qırmızı.az

Türkiyəli gənc fəallar Şəhidlər Xiyabanında olub

Türkiyəli gənc fəallar Şəhidlər Xiyabanında olub

Millət vəkili Qənirə Paşayevanın və İstanbulda mərkəzi ofisi yerləşən və bu ölkədə təhsil alan tələbə və gəncləri birləşdirən AZEDER təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə türkiyəli gənc fəallardan ibarət 30 nəfərlik qrup Azərbaycanla tanışlıq səfərində olub.

Publika.Az-ın verdiyi xəbərə görə, ilk dəfə Azərbaycana gələn qardaş ölkə Türkiyənin gəncləri səfərin ilk günü Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.

Milli Məclisin üzvü, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB (ABAİ İB) sədri dr. Qənirə Paşayevanın təşəbbüsü və dəvəti və Türkiyə tələbə və gənclərimizi birləşdirən AZEDER təşkilatının təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan bir qrup Türkiyəli gənc fəal və lider respublikamızla tanışlıq proqramına ilk olaraq, Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarətlə başlayıblar.

Q.Paşayevanın və AZEDER təşkilatı fəallarının müşayiəti ilə öncə Fəxri Xiyabanda olan qardaş ölkə gəncliyinin nümayəndələri ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin “bir millət –iki dövlət” formulunu xatırladan Q.Paşayeva, onun həyatının Türk Dünyası gəncliyi üçün bir örnək olduğunu qeyd edib.

Bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edib və ruhuna dualar oxunub. Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblr. Millət vəkili qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında dinc insanlara qarşı törədilmiş vandalizm aktları, qətliamlar, soyqırımlar barədə geniş bilgi verib.

Qonaqlar Şəhidlər Xiyabanında həmçinin şəhid jurnalistlər Milli Qəhrəmanlar, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Gənclərə onlarla bağlı ətraflı bilgi verilib. Daha sonra Türkiyəli gənclər Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Millət vəkili Qənirə Paşayeva XX yüzilliyin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində amansız qətliamlar törətdiklərini, Qafqaz Türk İslam Ordusunun Azərbaycanı, özəlliklə, Bakını erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəldiyini faktların dili ilə geniş şərh edib, Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı, and yeri olduğunu bildirib.

Millət vəkili ziyarətlər əsnasında ona ünvanlanan çoxsaylı sualları cavablandırıb, türk gəncliyinin ortaq tarix, ortaq dəyərlər və ortaq gələcək bilincinə yiyələnməsi üçün bu kimi səfərlərin, ziyarətlərin böyük önəm daşıdığına inandığını vurğulayıb.

Qeyd edək ki, Türkiyəli gənc fəalların və liderlərin Azərbaycana tanışlıq səfəri ideyası millət vəkili Qənirə paşayevanın Türkiyənin “Kanal-D” televiziyasının populyar “Gənc baxış” proqramında ötən ay çıxışı zamanı meydana çıxıb.

Beləki Azərbaycanlı millət vəkilinin qonaq olduğu interaktiv verilişə maraq göstərən qardaş ölkə gəncləri canlı efirə qoşularaq, Azərbaycan haqqında yetərli bilgilərə sahib olmamaları barədə üzüntü ilə danışıblar və verilişin aparıcısı Abbas Güclü “sayın vəkilim, gənclər soruşur ki, siz, örnəyi, 5-10 gənci qardaş Azərbaycana dəvət edə, səfərini təşkil edə bilərsizmi?”

sualına müsbət cavab verib və verilişi izləyən AZEDER başqanı Rəşad Abdullayevin də xoşməramlı münasibəti və dəstəyi ilə təşkilat rəsmiləri canlı yayımda bu vacib layihəyə dəstək vermək istədiklərini bildirib və ümumilikdə 30- nəfərin Azərbaycana səfərinin təşkili açıqlanıb. Beləliklə, səfər proqramı kəsinləşincə, “Gənc baxış”ın yaradıcı heyətinin də gənclərlə birgə səfərə çıxmaları uyğun görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm