Azərbaycanda yeni televiziya kanalı açılır – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni televiziya kanalı açılır – ÖZƏL

“Çox təəssüf ki, Azərbaycan televiziya kanallarında keyfiyyətli verilişlərin sayı ürəkaçan səviyyədə deyil”.

Bunu Publika.az-a müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, keyfiyyətli verilişlərin az olması təkcə Azərbaycanda deyil, bu, bütün dünyada mövcuddur.

N.Məhərrəmli deyib ki, dünyada şou-biznesə maraq göstərən kütlənin sayının artması tendensiyası mövcuddur:

“Bu, təkcə Azərbaycanla bağlı deyil. Yəni, özəl televiziya kanalları çalışır ki, bununla daha çox gəlir əldə etsin. Həmin telekanallar işlərini daha çox bunun üzərində qururlar. Ona görə də televiziya kanallarında yayımlanan verilişlərin keyfiyyət məsələsi ilə bağlı hələ ki problemlər çoxdur.

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanda teleradio sahəsində siyasəti həyata keçirən bir orqan kimi maraqlıdır ki, ölkədə yayımlanan bütün televiziya kanallarında əhalinin zövqünü, Azərbaycanın tarixini, milli adət və ənənələri və hərbi vətənpərvərlik mövzularını əks etdirən keyfiyyətli verilişlərin sayı çox olsun. Biz bunu çox istəyirik. Ancaq qurum qanuna müvafiq olaraq teleradiolarda yayımlanan verilişlərlə bağlı yaradıcılıq işlərinə qarışa bilmir. Əsas tələb "Televiziya və radio yayımı haqqında" qanuna əməl edilməsidir. Bu tələb isə gözlənilir. MTRŞ tərəfindən televiziya kanallarında monitorinqlər davamlı şəkildə aparılır. Son aylarda aparılan bu monitorinqlərdə hələ ki ciddi qanun pozuntuları aşkar olunmayıb. Qanun pozuntuları daha çox “Reklam haqqında” qanunun tələblərinin pozulması ilə bağlı olur. Əgər televiziya kanallarında ciddi qanun pozuntuları olarsa, o zaman Teleradio Şurası bu məsələyə anında reaksiya verəcək”.

Son günlər toy və yas mərasimləri ilə müvafiq qanun qəbul edilməsi, həmçinin televiziya kanallarında dini verilişlərinin sayının çoxaldılması çağırışları barədə səsləndirilən fikirlərə də toxunan N.Məhərrəmli deyib:

“Onların deməyindən belə çıxır ki, guya din sahəsində mövcud olan problemlərin kökündə televiziya kanalları dayanır? Bu, qətiyyən belə deyil. Azərbaycan dünyəvi dövlətdir, ölkədə dini mövzulara kifayət qədər yer ayrılır, Azərbaycanda yayımlanan televiziya kanallarında kifayət qədər dini verilişlər var. Din sahəsinin təbliği ilə Azərbaycanda xüsusi yerlər, o cümlədən dini məscidlər, universitet və fakültələr mövcuddur. Dinin daha çox burada tədris olunması normaldır. Təbii ki, efirdə dini məsələlərin təbliğ olunmasını istəyənlər çoxdur. Din xadimləri istəyir ki, efirdə dini verilişlərin sayı çox olsun, gənclər istəyir ki, gənclərlə bağlı verilişlər çox olsun, idmançılar da istəyir ki, idman verilişləri çox olsun və sairə. Bütün bunlar təbii istəklərdir. Ancaq əsas məsələ "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinə uyğun fəaliyyət qurmaqdır”.

N.Məhərrəmli Azərbaycanda dini televiziya kanalının açılması barədə səsləndirilən fikirlərə də münasibət bildirib.

“Hesab edirəm ki, buna hər hansı zərurət yoxdur”.

MTRŞ sədri həmçinin deyib ki, 2015-ci ildə Azərbaycanda yeni televiziya kanalı açıla bilər:

“Azərbaycan kimi bir ölkə üçün 10 ümumrespublika televiziya kanalının yayımlanması kifayət edir. Bundan əlavə, 2014-cü ildə yeni regional televiziyanın fəaliyyətə başlaması böyük hadisədir. Ona görə də bu il üçün hələ ki, heç bir televiziya kanalının açılması gözlənilmir. Gələn il üçün isə bu məsələyə baxıla bilər. Yəni, gələn il yeni televiziya kanalı açıla bilər. Niyə də olmasın? Bu, daha çox regional televiziya kanalı ola bilər. Əvvəlcədən bu barədə hər hansı proqnoz vermək istəmirəm. Amma bu bizim gündəlik işimizə daxil olan məsələdir. Bu məsələ də məqamı çatanda müzakirə olunub müvafiq qərar veriləcək. Amma hazırda belə bir məsələ gündəlikdə deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm