İlham Mirzəyevin tutdurduğu şəxsin məhkəməsində jurnalistin səhhəti pisləşib
Bizi izləyin

Qırmızı.az

İlham Mirzəyevin tutdurduğu şəxsin məhkəməsində jurnalistin səhhəti pisləşib

İlham Mirzəyevin tutdurduğu şəxsin məhkəməsində jurnalistin səhhəti pisləşib

Bu gün Yasamal rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin şikayəti əsasında həbs olunan Asif Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Asif Əliyevin həyat yoldaşı Aysel Əliyeva ifadə verib. O, bildirib ki, Asif Əliyevlə rəsmi olaraq ayrılmayıb. Onun sözlərinə görə, rəsmi olmasa da, onların evliliyi pozulub. Aysel Əliyeva deyib ki, onun ailəsinin dağılmasında İlham Mirzəyevin rolu olmayıb.

Daha sonra həkim-psixoterapevt Fəxriyyə Məmmədova şahid qismində ifadə verib. Onun sözlərinə görə, iyulun 13-də İlham Mirzəyev onun işlədiyi klinikaya gəlib: “Həmin vaxt İlham Mirzəyev çox narahat idi. Ondan narahat olmasının səbəbini soruşdum. Dedi ki, hücuma məruz qalıb, onu vurublar. Onun boynuna baxanda kəsilmiş-deşilmiş xəsarət gördüm.

Bununla bağlı polisə şikayət etməsini məsləhət bildim. Ona dedim ki, əgər polisə şikayət etməsən, mən özüm şikayət edəcəm. Çünki həkim kimi şikayət etməliyəm. İlham Mirzəyev həmin şəxslə qohum olduğunu və polisə şikayət etmədən məsələni yoluna qoyacağını deyib. Onların qohum olduğunu biləndən sonra mən susdum”.

Fəxriyyə Məmmədova əlavə edib ki, hadisədən sonra İlham Mirzəyev bir ay müddətində müalicə alıb. Digər şahid Rəbiyyə Zərdabinin sözlərinə görə, İlham Mirzəyevə hücum edilməsinin şahidi olub.

O, deyib ki, həmin vaxt İlham Mirzəyevdən müsahibə almaq üçün hazırladığı yazılı sualları götürərək “Space” kanalının yanına gəldim. Orada olduğum vaxt İlham Mirzəyevə hücum edildi. Hücum edən şəxsi üzündən görmədim. Bundan sonra səs-küy saldım. İlham Mirzəyevə hücum edilməsinin şahidi olmuşam. Mən Zərdabinin nəvəsiyəm. Heç vaxt yalan danışmamışam. Burada gördüyümü deyirəm”.

Rəbiyyə Zərdabi daha sonra qeyd edib ki, İlham Mirzəyevlə 2012-ci ilin noyabrında ad günü məclisində tanış olub. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Onun sözlərinə görə, müstəntiqə hadisə yerini göstərib: “Həmin vaxt hal şahidləri olmayıb. Orada bir mən olmuşam, bir də müstəntiq olub. Hadisə yerində ifadəm yoxlanılandan sonra protokol tərtib edilib və məndə həmin protokola imza etmişəm”.

Asif Əliyevin vəkili Cavanşir Süleymanov deyib ki, hadisə yerində ifadənin yoxlanılması zamanı müstəntiq Rəbiyyə Zərdabiyə şübhəli şəxs qismində dindirilmə protokoluna imza etdirib. Vəkil bununla bağlı Rəbiyyə Zərdabiyə suallar verib. Rəbiyyə Zərdabi həmin vaxt şahid qismində ifadə verdiyini, onun şübhəli şəxs qismində protokola imza etdirilməsi isə müstəntiqin günahı olduğunu deyib.

Daha sonra məhkəmə zalına jurnalist Sara Hüseynova dəvət edilib. Sara Hüseynova səhhətinin pisləşdiyini və ifadə verə bilməyəcəyini deyib. Hakim deyib ki, məhkəmənin tibb məntəqəsi var. O, şahidin məntəqədə olan həkimə göstərilməsini göstəriş verib və prosesdə 10 dəqiqəlik fasilə elan edib. Fasilə zamanı məlum olub ki, tibb məntəqəsinin işçilərinin iş vaxtı başa çatdığı üçün gediblər. Buna görə də şahid məhkəmə binasını tərk edib. Fasilədən sonra davam etdirilən prosesdə İlham Mirzəyevin “Space” kanalında yayımlanan “Etiraf” verilişinin redaktoru Anar Həsənov ifadə verib.

Daha sonra İlham Mirzəyevin nümayəndəsi Xanlar Bayramzadə deyib ki, Asif Əliyevin mülklərinin müəyyən edilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilən sorğuya cavab gəlib. O, həmin məsələ ilə bağlı verdikləri vəsatətin müzakirə edilməsini hakimdən istəyib. Hakim deyib ki, İlham Mirzəyevin vəkilləri vəsatətlə çıxış ediblər.

Onlar vəsatətlərində Asif Əliyevin mülklərinə həbs qoyulması ilə bağlı vəsatət veriblər. Hakimin sözlərinə görə, vəsatətdə Asif Əliyevin adına maşın olub: “Amma evlərlə bağlı vəsatətdə qeydlər olsa da, dəqiq göstərilməyib. Buna görə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdi. Sorğuya cavab verilib. Asif Əliyevin adına bir mağaza olduğu qeyd olunub”.

Dövlət ittihamçısı Rizvan Soltanov vəsatətin təmin edilməsini və Asif Əliyevin adına olan mülklərə həbs qoyulmasını istəyib. Asif Əliyevin vəkili Cavanşir Süleymanov isə vəsatətin təmin edilməsinin mümkünsüz hesab edib.

O, deyib ki, mülklər qiymətləndiriləndən sonra üzərinə həbs qoyulması qanunvericiliklə nəzərdə tutulub: “Burada əmlakların qiymətləndirilməsi ilə bağlı ekspertlər dəvət edilməlidir. Ekspertlərin rəyindən sonra əmlaka həbs qoyulması məsələsinə baxıla bilər”.

Asif Əliyevin digər vəkili Abuzər Müətllimov vəsatətə münasibət bildirmək üçün vaxt istəyib. Hakim məhkəmə iclasının davamını fevralın 6-na kimi təxirə salıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm