Prezident Xırdalana gedib (YENİLƏNİR)
Bizi izləyin

Qırmızı.az

Prezident Xırdalana gedib (YENİLƏNİR)

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərinə gəldi.


Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə son vaxtlar şəhərdə və rayonda görülən işlər barədə məlumat verdi.

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xırdalan şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub.


Son illərdə Abşeron rayonunda həyata keçirilən abadlıq işləri sırasında Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkının yenidən qurulması mühüm əhəmiyyət daşıyır. Bu da ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla bölgələrimizin daha da gözəlləşməsinə xidmət edir. Bu, bir daha təsdiqləyir ki, şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanlarının isə yenidən qurulması diqqətdən kənarda qalmır. Xırdalan şəhərinin mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkında yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub.


Dövlətimizin başçısına məlumat verildi ki, ərazisi 12 hektar olan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.


Xırdalan şəhərindəki Heydər Əliyev adına parkda aparılan yenidənqurma işləri ölkədə əhalinin istirahətinin yüksək səviyyədə təşkil olunmasının davamlı və kompleks xarakter daşıdığını təsdiqləyir.

Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli inkişafında, ölkədə bütün sahələrin canlandırılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə mühüm layihələr reallaşdırılır. Bu tədbirlər sırasında dahi şəxsiyyətin adını daşıyan, onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən mərkəzlərin rolu böyükdür. Bu cür mərkəzlərdən biri də Abşeron rayonunda inşa olunub. Orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir.

Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb.
Burada dünyanın nüfuzlu siyasətçilərindən olan ulu öndər Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyinin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhrandan inkişaf yoluna çıxarılması, güclü ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz Vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir.


Prezident bu gün də İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.


Dövlətimizin başçısı Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotolara baxdı.


Məlumat verildi ki, mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada interaktiv məlumat tablolarına geniş yer verilməsidir. Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi muzey də yaradılıb. Ekspozisiya zallarının hamısı zəruri avadanlıqla təchiz olunub. Mərkəzin funksionallığını artırmaq məqsədilə burada gənclər üçün müzakirə və diskussiya zalları qurulub, elektron kitabxana yaradılıb. Sərgi zalından əlavə, mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da var. Bütün bunlar gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkil edilməsinə geniş imkanlar açır.


Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili nəzərdə tutulur. 280 yerlik böyük akt zalı istifadəyə verilib ki, burada da rayonla bağlı bir çox tədbirlərin keçirilməsi üçün böyük imkanlar var. Bir sözlə, Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi üçün burada hər cür şərait yaradılıb.


Sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev həmin gün Xırdalan şəhərindəki Bayraq Meydanında olub.

Dövlətimizin başçısına məlumat verildi ki, bayraq dirəyinin hündürlüyü 65 metrdir. Bayrağın sahəsi isə 200 kvadratmetr təşkil edir. Burada müxtəlif video görüntülərin nümayiş etdirilməsi üçün böyük monitor da quraşdırılıb.

Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, bu gün müstəqil ölkəmizin başı üzərində dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımıza dövlət səviyyəsində olan ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, indi hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarına xüsusi ehtiramla yanaşan Prezident İlham Əliyev də bu məsələdə hər zaman həssas münasibətilə ilə seçilib. Odur ki, paytaxtla yanaşı, bölgələrimizdə də Bayraq meydanları salınıb. Abşeron rayonundakı Bayraq Meydanı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Xırdalan şəhərində musiqi məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev musiqi məktəbi ilə tanış oldu.

Son illərdə ölkədə mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı artıq öz bəhrəsini verməkdədir. Bu da ondan irəli gəlir ki, mədəniyyətin inkişafına göstərilən qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Həm Prezident İlham Əliyev, həm də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məsələyə xüsusi diqqət və qayğı göstərirlər. Ölkəmizdə mədəniyyət xadimlərinə diqqət getdikcə artır, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Bundan əlavə, zəngin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği ilə bağlı layihələr icra olunur və bu prosesin önündə Heydər Əliyev Fondu gedir. Son illərdə paytaxtla yanaşı, bölgələrdə yaradılan mədəniyyət ocaqları da bu sırada xüsusi yer tutur.

Yüksək zövqlə və xüsusi memarlıq üslubunda inşa edilən məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafı istiqamətində xidmətlərinin əks olunduğu fotolar nümayiş etdirilir. Geniş sinif otaqlarının yaradıldığı məktəbdə şagirdlərin musiqi biliklərinə yiyələnmələri üçün hər cür şərait var. Bütün siniflər musiqi alətləri ilə təchiz olunub. Müəllimlər üçün də yüksək iş şəraiti yaradılıb. Kitabxana zəruri musiqi ədəbiyyatı ilə təchiz olunub. 82 nəfərlik akt zalında müxtəlif tədbirlərin, konsert proqramlarının keçirilməsi üçün bütün imkanlar var. Bir sözlə, son illərdə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən irimiqyaslı işlərin tərkib hissəsi olan bu musiqi məktəbi gənclərdə musiqi zövqünün formalaşmasında xüsusi rol oynayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm