Goranboy qatilindən son xəbərlər
Bizi izləyin

Qırmızı.az

Goranboy qatilindən son xəbərlər

Goranboyda 7 nəfəri öldürən Rafiq Hüseynov rayon polis şöbəsində saxlanır. Axar.az-a bu haqda rayonun Səfikürd kənd sakinləri məlumat veriblər. Kənd sakinlərinin dediyinə görə, oktyabrın 7-də qətlə yetirilən şəxslərin yeddi mərasimi keçiriləcək.

Hazırda qatilin öz evi və valideynlərinin yaşadığı mənzilin qarşısında polis postu var. Qətliamdan artıq 5 gün keçməsinə baxmayaraq, polis postu hələ də kənddə keşik çəkir. Hüquq-mühafizə orqanları əhalinin qəzəblənərək hər hansı insident yaradacağından ehtiyatlanır.

R.Hüseynovun 7 nəfəri öldürdükdən sonra həm qohumu, həm qonşusu olan Aydın Yusifova da güllə atması ilə bağlı yenilik var. A.Yusifovun Axar.az-a verdiyi məlumata görə, rayon prokurorluğunda ondan ifadə alınıb.
Qatilin qonşusuna güllə atması köhnə ədavətlə əlaqədardır.

Onun əmisi nəvələri sayılan Aydın və qardaşı Məzahir Yusifovlar atası evinə gedən yolu kəsib, çəpərləyiblər. Atası Müzəffər Hüseynovla Yusifovlar arasında bu mübahisə üstündə məhkəmə çəkişməsi davam edir. O da kütləvi qətli törətdikdən sonra bu haqq-hesabı da çürütmək istəyib.

Sadəcə, xoşbəxtlikdən güllə Aydın Yusifovdan yan keçərək, darvazaya dəyib, o da dərhal içəri qaçıb. Qardaşının isə evinə bir neçə güllə atıb. Yusifovun sözlərinə görə, yaralılar Gəncə xəstəxanasında müalicə olunur. Onlar vəziyyəti nisbətən yaxşılaşıb.

Qeyd edək ki, Goranboy rayon sakini Rafiq Müzəffər oğlu Hüseynov qayınatasının evinə silahlı hücum edib. Kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Buna səbəb evləndiyi qızın mübahisə etdikdən sonra atası evinə getməsi və geri qayıtmaması olub.

Hadisə zamanı ölənlər - 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur. 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədova isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm