Erkən doğum və səbəbləri - USM müayinəsi təhlükəlidirmi?
Bizi izləyin

Qırmızı.az

Erkən doğum və səbəbləri - USM müayinəsi təhlükəlidirmi?

Qızım hamilə olduğu müddətdə daim həkim nəzarətində olub. Hər ay USM-dən keçib, bütün analizləri vaxtında aparılıb.Lakin uşaq həkimin müəyyən etdiyi vaxtdan 1 ay tez oldu. Həkimlər uşağın vaxtından əvvəl doğulmasını qızımın ağır iş görməsi ilə əlaqələndirdilər. Halbuki qızım 8 ay boyunca daim nəzarətdə olub, hamiləliklə bağlı kitablar oxuyub, sağlam hamiləlik keçirmək üçün əlindən gələni edib.

Bir müddət əvvəl Rusiya telekanallarının birində çıxış edən genekoloq erkən doğumun səbəbini hər ay USM-nin aparılması ilə izah etdi. O, Rusiyada son illər erkən doğumların artdığını və bunun əsas səbəbini anaların hər ay USM müayinəsindən keçməsi ilə əsaslandırıb.USM uşağı tez yetişdirir, nəticədə vaxtından əvvəl doğulur.

Bu sözləri, hazırda erkən doğulmuş nəvəsi ilə xəstəxana qapılarında qalan Laləzar xanım deyir. O, indi kimə inanacağını bilmir. Nəvəsinin heç bir problem olmadan bir ay əvvəl doğulmasını yerli həkimlərin izah edə bilməməsi və rusiyalı genekoloqun sözləri onda çaşqınlıq yaradıb.Laləzar xanımın sözlərinə görə, qızı ilə bir vaxtda doğum şöbəsində yatan xəstələrin bir çoxunda erkən doğum olub.

Publika.az-ın “Qırmızı xətt” layihəsində erkən doğum, səbəblərini araşdıracağıq.

Bir milyon uşaq doğulandan bir neçə gün sonra ölür

Araşdırmalara görə, bütün hamiləliklərin təxminən 8-10 %-i erkən doğumla nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, hər il dünyada 15 milyon uşaq – hər 10 körpədən biri vaxtından əvvəl doğulur. Bu körpələrin bir milyondan çoxu ömürlərinin ilk günlərində ölür.ABŞ və Braziliya vaxtından əvvəl doğum hallarının sayının çox olduğu on ölkə sırasına, Belarus, Latviya, Litva və Estoniya isə vaxtından əvvəl doğuş əmsalı ən aşağı olan dövlətlər sırasına daxildir.

Vaxtından əvvəl doğuş əmsallarının 15 faizdən çox olduğu 11 ölkənin ikisi istisna olmaqla, hamısı Afrika qitəsində, Böyük Səhradan cənubda yerləşir. Dünyada uşaqların diri doğulduğu bütün halların 11,1%-i vaxtından əvvəl doğuşun payına düşür.

Hər 100 doğuşa düşən vaxtından əvvəl doğuşların ən yüksək əmsalları Malavi (18,1), Komor adaları, Konqo Respublikası (16,7), Zimbabve (16,3), Ekvatorial Qvineya (16,5), Mozambik (16,4), Qabon (16,3), Pakistan (15,8), İndoneziya (15,5) və Mavritaniyada (15,4) qeydə alınmışdır. Vaxtından əvvəl doğuş əmsallarının ən aşağı həddi Belarus, Ekvador, Latviya, Finlandiya, Xorvatiya, Litva, Estoniya, Yaponiya və İsveçdədir.

Gəlir səviyyəsi yüksək olan ölkələrdə vaxtından əvvəl doğum hallarının sayının artması doğan qadınların yaşının çox olması və çoxdöllü hamiləliyə gətirib çıxaran sonsuzluğa qarşı dərmanlardan geniş istifadə olunması ilə bağlıdır.Gəlir səviyyəsi aşağı olan ölkələrdə vaxtından əvvəl doğum hallarının əsas səbəbləri infeksiyalar, malyariya və yeniyetmələrdə hamiləlik göstəricilərinin yüksək olmasıdır.
Gəlir səviyyəsi aşağı olan ölkələrdə çox tez doğulmuş uşaqların 90 faizindən çoxu bir neçə gün ərzində tələf olur, halbuki qabaqcıl ölkələrdə həmin göstərici 10 faizdən az təşkil edir.

ÜST-nın açıqlamalarına görə, bu gün yarımçıq doğulan körpələrin 75%-ni qiyməti münasib olan səmərəli müalicə ilə xilas etmək mümkündür.

Meyarlar dəyişdi

Azərbaycanda vaxtından əvvəl doğulan körpələrlə bağlı meyarlar dəyişdirilib.Belə ki, Sovet dövründən tətbiq edilən əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr “uşaq” adlandırılmırdı, onlara “gecikmiş düşük” deyilirdi.Əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsində doğulan, çəkisi 1 kq-dan çox olan və həyat əlamətləri görünən körpələr "diridoğulmuş uşaq” hesab edilirdi.

Yeni meyarlar əsasında isə bu müddət 28 deyil, 22 həftə müəyyən edilib. Artıq hamiləliyin 22 həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlaməti - ürək döyüntüsü, nəfəs alma, yaxud əzələlərin hərəkəti müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır və tibb işçiləri tərəfindən ona lazımi yardım göstərilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, vaxtından əvvəl doğuşların tezliyi inkişaf etmiş ölkələrdə 6-12 faiz arasında tərəddüd edir.İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm daha böyükdür.Vaxtından əvvəl doğuşların təxminən 40 faizi hamiləliyin 34-cü həftəsinə qədər, 20 faizi isə 32-ci həftəsinə qədər baş verir.Neonatal itkilərin 65 faizinin, uşaq yaşlarında nevroloji pozğunluqların 50 faizinin səbəbi vaxtından əvvəl doğuşlardır.Vaxtından əvvəl baş verən doğuşların 80 faizi özbaşına baş verən doğuşlardır.

Hamiləliyin 32-ci həftəsinə qədər olan doğuşlar (bütün doğuşların 2 faizi) neonatal xəstəliklərin və neonatal ölümlərin əsas səbəblərindən sayılır.

Uşaqların 20%-i sağ qalır

Vaxtından əvvəl doğulan uşaqlar digərlərinə nisbətən xəstəliklərə qarşı daha həssas olurlar.Onlarda xüsusən beyindaxili qanaxma, ürək-damar xəstəlikləri, bağırsaq problemləri, sarılıq, qansızlıq, infeksiyalara qarşı həssaslıq daha çox müşahidə edilir.

Inkişaf etmiş ölkələrdə 22-23 həftədə doğulan uşaqların 20%-i sağ qalırsa, inkişaf etməkdə olan ölkələrdə bu daha azdır.Səhiyyə Nazirliyinin açıqlamalarına görə, Azərbaycanda bir yaşa qədər uşaq ölümlərində əsas səbəb tənəffüs orqanı xəstəlikləridir.Belə ki, 2013-cü ildə 1862 uşaq bir yaşa qədər ölüb.Ölüm səbəbləri sırasında anadangəlmə anomaliyalar 3-cü yerdədir.

Hollandiyalı alimlərin araşdırmasına görə, ev işi görən hamilə qadınların erkən doğum riski həddən artıqdır. Məlumdur ki, bu kateqoriyaya aid qadınlar özlərinə çox əziyyət verməməlidirlər. Buna baxmayaraq, qadınların bir çoxu hamiləliyin son dönəmlərində də ev işləri görməkdən əl çəkmirlər. Bu ev işlərinə isə paltar yumaq və təmizlik daxildir. Mütəxəssislər vurğulayırlar ki, dünyaya gələcək uşağın sağlamlığı üçün qadınlar bu işləri ya kişilərin boynuna qoymalı, ya da yaxınlarından yardım istəməlidir.

"Erasmus" universitetinin alimləri tərəfindən aparılan araşdırmada təxminən 12 min yeni uşaq dünyaya gətirən qadın iştirak edib. Nəticədə, üzə çıxıb ki, ev işləri görərkən fiziki və psixi yüklənmə nəticəsində erkən doğum riski 25 faiz artır. Lakin gəzinti, fiziki idman hərəkətləri kimi addımlar sağlam olan hamilə qadınlar üçün təhlükəli deyil.

Analar ehtiyac olmadan USM müayinəsindən keçir

Genekoloq Arzu Məhərrəmova erkən doğum səbəblərinin çox olduğunu bildirib. Onun sözlərinə görə, erkən doğum həm ana, həm də uşaqların səhhəti ilə bağlı olur:

“17 yaşdan tez və 35 yaşdan gec ailə quran qadınlarda erkən doğum riski çox olur. Infeksiyaların olması, uşaqlıqda müxtəlif patalogiyalar-fibroma, miyoma, həmçinin çapığın olması, çanağı kiçik olanlarda erkən doğuşlar olur. Əvvəlki illərə nisbətən qadınların spirtli içkiyə və siqaretə meyli artıb. Bu da vaxtından əvvəl və az çəkili uşaqların doğumuna səbəb olur. Bundan başqa, radiasiya, telefon, kompyuter şüalanmaları da erkən doğumun səbəbləri sırasındadır. Hamiləlik vaxtı oturaq həyat tərzi keçirmək həm qüsurlu, həm də erkən doğuş səbəblərindəndir”.

Genekoloqun sözlərinə görə, erkən doğulan uşaqların yaşama şansı yaxşı qulluqdan asılıdır:

“Erkən doğulan uşaq qüsurlu deyilsə, onun yaşama şansı digərlərindən az olmur. Həmin uşaqlar nevropatoloq və digər həkimlərin müayinəsindən keçdikdən sonra ehtiyac olduqda müalicə edilməli, vaxtında peyvənd edilməlidirlər. Onların sağlam yaşamaları üçün ana südü mütləqdir. Hətta normal doğulan uşaqlardan daha vacibdir. Çünki ana südü immuniteti gücləndirir, süni qidalar isə qəbizliyə, qısa zamanda çəkinin lazımsız artımına, inkişafın ləngiməsinə və hormonal pozğunluğa səbəb olur. Süni qidanın yaxşısı yoxdur, o heç vaxt ana südünü əvəz edə bilməz. Ümümdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, erkən doğulan uşaqlar digərləri kimi azı iki il ana südü ilə qidalanmalıdır”.

Onun sözlərinə görə, bu uşaqları soyuqdan və infeksion xəstəliklərdən qorumaq lazımdır. Erkən doğulan uşaq olan otağa qrip və digər yoluxucu xəstəliyi olanların daxil olmasına icazə verilməməlidir.

Genekoloqun sözlərinə görə, hazırda erkən doğumların əsas hissəsi qeysəriyyə əməliyyatı ilə bağlıdır. Bu əməliyyata ehtiyac olanda uşaqlar vaxtından əvvəl olurlar.

O, erkən doğuşların ultrasəs müayinəsi ilə əlaqədar olması ilə bağlı fikirlərə də münasibət bildirib.

“Ultrasəs müayinəsinin hamilələr üçün zərərli olması barədə təsdiqlənmiş məlumat yoxdur. Lakin həm maddi, həm də vaxt baxımdan tez-tez bu müayinədən keçmələrinin tərəfdarı deyiləm.Hamiləliyi təyin etmək, uşağın ürək döyüntüləri və s ilkin məlumatlar üçün 8 həftədə ultrasəs müayinəsi edilir. 14-16 həftədə daun sindromu və digər genetik qüsurların müəyyən edilməsi üçün, 28-32 həftədə də doplerdən keçilməsi məsləhət görülür. Lakin göstəriş olmadan tez-tez bu müayinənin aparılması doğru deyil. Ananın qüsurlu uşağı olubsa, hamiləlik vaxtı qrip keçiribsə, bu zaman iki aydan bir USM-dən keçə bilər.Əks halda, hər ay müayinədən keçməyin mənası yoxdur.Lakin təəssüf ki, indi analar heç bir problem olmasa da, ayda bir dəfə bu müayinədən keçirlər.Bunun əsas səbəbi cinsiyyətin öyrənilməsi ilə bağlıdır. Hətta birinci uşaq olsa da və abort barədə düşünməsələr də, cinsiyyəti öyrənənə qədər hər ay USM-dən keçirlər. Bu müayinə məsləhət görülməsə də, erkən doğuşun USM-lə əlaqədar olması ilə razılaşmıram. Çünki bu, təsdiqlənməmiş məlumatdır”.

Uşaqların yaşaması doğum həftəsi və çəkidən asılıdır

Baş pediatrın Nəsib Quliyevin erkən doğulan uşaqlarda müşahidə edilən xəstəliklər barədə məlumat verib. Onun sözlərinə görə,erkən doğulan uşaqlar doğuş asseksiyası olur. Buna da səbəb uşağın doğuş yolunda boğulmasıdır.

“Həmin uşaqlarda infeksion və qeyri-infeksion xəstəliklərə rast gəlinir. Bu uşaqlara tibbi xidmətin göstərilməsi ilə bağlı irəliləyiş var. Lakin erkən doğuş hər zaman problemdir. Həmin uşaqlar istər infeksion, istərsə də orqanların funksiyası ilə bağlı riskləri çox olur”.

Baş pediatrın sözlərinə görə, vaxtından əvvəl doğumun 4 dərəcəsi var və hər dərəcədə doğulanların yaşama faizi fərqli dəyərləndirilir:

“Artıq 22 həftədə doğulanı diri doğulmuş hesab edirlər. 500 qram və 1 kiloqramda doğulan uşaqların hər birinin özünəməxsus xüsusiyyətləri, riskləri var.Uşaqların doğum həftələrinin sayı artdıqca yaşama şansı artır, risklər azalır”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm