Nobelçilər AMEA-da dəyrimi masa keçiriblər - FOTO
Bizi izləyin

Qırmızı.az

Nobelçilər AMEA-da dəyrimi masa keçiriblər - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxana-İnformasiya Resursları Mərkəzində Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” mövzusunda 5-ci “dəyirmi masa” keçirilib.

AMEA-dan Publika.az-a verilən məlumata görə, forumun məqsədi “dəyirmi masa”lar vasitəsilə dialoqun qurulması olub.

Tədbirdə ABŞ, İtaliya, Rusiya, Özbəkistan, Türkiyə, Misir, Malta, Koreya Respublikası, Serbiya, Macarıstan, Almaniya və Tacikistandan gəlmiş alimlər, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.

“Dəyirmi masa”nın rəhbəri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbir iştirakçılarını salamlayaraq Forumun əhəmiyyətindən danışıb. Bildirib ki, forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırmaqdır. Dünyanın müxtəlif ölkələrindən olan alimlərin, ictimai-siyasi xadimlərin və ziyalıların müzakirə aparmaları üçün önəmli olan bu tədbir Azərbaycanın dünya ilə dialoqudur.

“Dəyirmi masa”da ilk olaraq “Oriyentalizm və postorientalizm: elmi tədqiqatların yeni problematikası” adlı mövzu ətrafında həmsədrlər: akademik İsa Həbibbəyli, Nobel mükafatçısı, ABŞ-ın Massaçuset Texnologiya İnstitutunun professoru Peter Artur Daymond və UNESCO-nun İcra Şurasının sədri Məhəmməd Sami Əmir çıxış ediblər.

Bildirilib ki, coğrafi mövqeyindən asılı olmayaraq elmi təfəkkür sahibləri Şərqi öyrənməkdə qarşılıqlı əlaqələri daha da genişləndirməlidir. Qloballaşma şəraitində Şərq ədəbi-mədəni xəzinəsinin əvəzsiz dəyərlərini bəşəriyyətin istifadəsinə verməklə oriyentalistikanın müsbət ənənələrini uğurla davam etdirməlidir.

Daha sonra “dəyirmi masa”da “Yeni sosio-mədəni meyllər və postsovet məkanında identiklik axtarışları” mövzusunda məruzəçilər müasir dünyanı düşündürən məsələlərdən söz açıb. Qloballaşmanın mənəvi-mədəni faktorları, identikliyin formalaşmasına təsiri, mədəniyyətlərin qarşılıqlı təsirinin forma, prinsip və meylləri müzakirə olunub.

Tədbirin növbəti mərhələsi “Şərq-Qərb dialoqu: qloballaşma şəraitində Şərqin mənəvi-mədəni həyatının transformasiyaları və yeni paradiqmalar” adlı mövzu ətrafında məruzəçilərin çıxışları ilə davam etdirilib.

Müzakirələrin yekunu olaraq bildirilib ki, qloballaşma şəraitində inteqrasiya meylləri cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar bütün xalqları və dövlətləri yaxınlaşdırır. Bu səbəbdən qloballaşma dövründə Şərq və Qərb fəlsəfi fikir ənənələrinin yaxınlaşması və insanların dünyaya baxışlarının ortaq konseptual sisteminin yaradılması işində beynəlxalq əlaqələrin inkişafına böyük ehtiyac vardır.

“Dəyirmi masa”da müzakirə olunan məsələlərə dair çıxışlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyə və müraciətləri əks etdirən IV Bakı Beynəlxalq Forumun Bəyannaməsi qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm