Maykl və Makakanın “saqqallı” düşmənləri – Zooparkdan REPORTAJ/FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Maykl və Makakanın “saqqallı” düşmənləri – Zooparkdan REPORTAJ/FOTOLAR

Bakı Zooparkının ən sadiq ziyarətçiləri yenə də uşaqlardır. Havalar soyumağa başlasa da, hələ də heyvanları görməyə gələnlər azalmayıb. 4 hektara yaxın ərazidə yerləşən Bakı Zooloji Parkında 1000-dən çox irili-xırdalı heyvan, quş, sürünən və balıqlara rast gəlmək olar. Parkda 150 heyvan növü qorunur. Heyvanat bağında heyvanların yaşaması üçün müəyyən şərait yaradılsa da, bəzən onların yaşadıqları qəfəslər darısqallıq edir. Elə canavarın və ya ayının saxlandığı qəfəslər kimi. Bir çox hallarda pis iy və qoxu bu yırtıcılara tamaşa etmək zövqündən insanı məcburən uzaqlaşdırır.

Bakı zooparkı Qafqazda ən kiçik zooparkdır

Elə Bakı zooparkının bu gün ən böyük problemi də ərazi ilə bağlıdır. Bakıda heyvanxananın yaradılması ötən əsrin 20-ci illərinə təsadüf edir. Əvvəlcə zooparkın özəyi indiki Nizami parkında guşə şəklində qoyulub. Sonralar bir neçə dəfə yeri dəyişilən zooparkın son məkanı “Gənclik” metro stansiyasının yaxınlığı olub. 4 hektara yaxın ərazidə yerləşən zoopark 1984-cü ildə istifadəyə verilib. İndiki ərazi isə150-dən çox növü və 1000-dən çox heyvan sayı olan park üçün darısqaldır.

Məlumat üçün bildirək ki, Bakı heyvanat parkı ərazi baxımından Qafqazda ən kiçik zooparkdır. Tiflisdə zooloji parkının ərazisi 10, İrəvanda isə 12 hektardır. Moskvada isə sözügedən məkanın ərazisi 21,4, Kiyevdə 34 hektara bərabərdir.

Ümumiyyətlə, həm MDB, həm də Avropa ölkələrində heyvanat parkları şəhərin mərkəzində yerləşsə də, əksər zooparkların yay və qış məkanları fərqli olur. Heyvanlar fəslə uyğun nəzərdə tutulan qəfəslərə köçürülür. Zooparkın ərazisinin kiçik olması bəzi heyvanların rahat hərəkət etməsinə və özlərini təbiətdəki kimi hiss etməsinə mane olur. Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində qeyri-kommersiya hüquqi şəxsi statusuna malik zooloji parkın yaradılmasının təmin edilməsi ilə bağlı 2008-ci il 26 dekabr tarixində Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncamdan 6 il keçsə də, yeni zooparkdan səs-səmir yoxdur.

Heyvanlar necə qidalanır?

Bakı Zooparkının direktoru Azər Hüseynovun Publika.az-a bildirdiyinə görə, parkda hər bir heyvanın saxlanması, qulluq edilməsi, yemlənməsi üçün lazımı şərait yaradılıb. Hər bir heyvanın növ müxtəlifliyinə görə şöbələr var və buna uyğun olaraq xüsusi işçilər ayrılıb. Heyvanlara fərdi qulluq olunduğunu, altının təmizləndiyini, yemləndiyini deyən A. Hüseynovun sözlərinə görə, parkda bizim iqlimə uyğun olan və olmayan, o, cümlədən Qırmızı Kitaba düşən heyvanlara da rast gəlinmək mümkündür. Məməlilər sinfinə aid olan Qafqaz Nəcib maralı, Qafqaz qonur ayısı- Qırmızı Kitaba düşənlər arasındadır. Zooparkda çoxlu quş növləri var, o cümlədən, Sultan toyuğu, Qutan, Qu quşu, Səhra qartalı, Toğlugötürən, Ağbaş kərkəz, Qara kərkəz, Qızıl qaz (Flaminqo), sürünənlərdən ən çox maraq doğuran Piton, Anakonda, Albinos piton, timsah, məməlilərdən meymundur. Meymunun parkda 3 növü var- Paviyanqa madril (Ötən il Tibilisi parkından gətirilib), Makaka rezus və Oyuncaq meymunlar.

Heyvanların qidalanmasına gəlincə, zoopark direktoru bildirdi ki, birinci növbədə təhlükəsizlik qaydalarına əməl etmək lazımdır, işçilər burada ayıq olmalıdırlar. Heyvana qulluq edən adam həm də onun qidasını təmin edir. Heyvanların yanına birbaşa girməyə isə icazə verilmir, onlar təhlükəsizlik qaydalarına əməl olunması şərti ilə saxlanılır. A. Hüseynov bildirdi ki, kenqurularda, cırtdan maralda, zebuda, dəvədə qidalanma ilə bağlı problem yoxdur. Yırtıcılar isə əsasən, yataq otağında olduqda yeri təmizlənir, onları gəzinti yerinə salanda isə yataq otağı təmizlənir və qidası verilir.

Zoopark qışa necə hazırlaşır?

Zooparkda qışla bağlı hazırlıqlar yayda, yayla bağlı hazırlıqlar isə qışda həyata keçirilir. Hazırda görülən hazırlıq işlərinə gəlincə A. Hüseynov bildirdi ki, ekzotik heyvanlar, quşlar və timsahın yeri qışa uyğunlaşdırılıb. Hətta timsah üçün su hövzəsi isti döşəmə ilə də təmin olunub, Meymunlar, akvarium balıqlarının olduqları yerlərdə istilik batareyaları qoyulub, zooparkda kombi sistemi quraşdırılıb. Onun sözlərinə görə, zoopark artıq qışa hazırdır.

Zooparkın ən yaşlı nümayəndəsi "Maykl" adlı erkək şirdir. Bu heyvanın 20-yə yaxın yaşı var. Əslində vəhşi təbiətdə şirlər adətən bu yaşa qədər yaşamırlar. Buna əsas səbəb isə yaşlı şirlərin ov edə bilməməsi və bu səbəbdən öz sürülərindən qovulmasıdır. Belə olduqda isə onlar ya aclıqdan ölür, ya da digər yırtıcılar tərəfindən parçalanırlar.

Heyvanların, xüsusən də yırtıcıların insanlara hücumuna gəlincə, zoopark direktoru bildirdi ki, hazırda təhlükəsizlik qaydalarına tam əməl olunduğuna görə, belə hallara demək olar ki, rast gəlinmir: “Bir dəfə 12-15 il bundan əvvəl piton öz yerindən çıxmışdı. Səhlənkarlıqdan deyil, həmin seksiyada təmir işləri aparılarkən divar deşilib və ilan oradan çıxmışdı. Düzdü, zəhərsiz ilan idi, amma biz onu tutduq. Son illər heyvanların insanlara hücumu ilə bağlı belə hadisələr olmur”.

“Tutuquşu 10 qr yem yeyirsə, şir gün ərzində 8-10 kq ət yeyir...”

Bir heyvanın saxlanması üçün tələb olunan vəsaitə gəlincə, direktor bildirdi ki, hər heyvan üçün bu rəqəm fərqlidir. Belə ki, bir tutuquşu 10 qram yem yeyirsə, bir şir gün ərzində 8-10 kq ət yeyir. Yem rasionunda qış və ya yay rejimi də öz sözünü deyir. Çünki qış rejimində qidaların kaloriləri bir qədər artırılsa da, yayda azaldılır. Bu isə yayda heyvanların çox qida qəbul edə bilməməsi ilə əlaqədardır.

Hazırda zooparka hər hansı heyvanın gətirilməsi üçün maddi baxımdan heç bir problem yoxdur. Bakı Zooloji Parkı Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının üzvü olduğundan heyvanlar pul ilə yox, mübadilə yolu ilə gətirilir. Zooloji parkda artan heyvanları verərək əvəzində bizdə olmayanları gətirilir. Ən çox Tbilisi Zooloji Parkından, Moldovanın Kişinyov Zooparkından heyvanlar gətirilsə də, ümumilikdə Çexiya, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan, Ukrayna, Özbəkistandan heyvanlar alınıb.

Gələcəkdə zooparka fil və zürafədə gətirilə bilər, amma...

Zooparkın direktoru söhbətdə onu da bildirdi ki, yaxın gələcəkdə parka yeni heyvanların gətirilməsi nəzərdə tutulub. Bu daha çox tək olan heyvanlara aiddir. Məsələn, Amur pələngi, leopard, yaquar və lamanın qarşı cinsdən olanları gətiriləcək. Parka axırıncı gətirilən heyvanlar isə dəvə növündən olan alpaka və kenquru olub.

Amma zooparkda hər bir tamaşaçının görmək istədiyi fil və ya zürafədir. Lakin A. Hüseynov bu heyvanların gətirilməsi üçün heç bir maneə olmadığını, yeganə problemin ərazi və yer darısqallığı olduğunu dedi: “Fili gətirmək olar, amma biz fili zooparka gətirsək, bu, ona zülm etmək olar. Əlbəttə gələcəkdə fil də, zürafə də olacaq. Bu gün isə onları saxlamaq üçün şərait yoxdur”.

Heyvanların müayinəsinə gəlincə, A.Hüseynov deyib ki, heyvanlar baytar həkimləri tərəfindən hər gün müayinə olunur, sağlamlıqları yoxlanır. Hansı heyvan yemə yaxın getmirsə, onda müalicə işləri aparılır. Bundan əlavə, heyvanların xəstələnməməsi üçün parkda profilaktik işlər də aparılır. Hazırda isə xəstə heyvanın olmadığını deyən direktorun sözlərinə görə, ötən gün dəniz qunduzunun temperaturu qalxsa da, indi müalicə olunur.

Heyvanları incidənlər də tapılır

Zooparka istirahət etməyə, heyvanlara baxmağa, əylənməyə gələnlər nə qədər müxtəlifdisə, insanların heyvanlara münasibətləri və onlardan aldıqları zövq də bir o qədər müxtəlifdir. Bəzən park rəhbərliyi gələn ziyarətçilərlə bağlı müəyyən problemlər yaşamalı olurlar. Heyvanlar saxlanan qəfəslərin üzərində “heyvanları yemləmək qadağandır” yazılsa da, bir çoxları bu qaydaya əməl etmir. Qəribə burasıdır ki, bu hallar çox zaman balacalar tərəfindən deyil, “saqqallı uşaqlar” tərəfindən törədilir. Elə zooparkda olduğumuz müddətdə də bunun şahidi olduq. Uşaqlarını zooparka gəzməyə gətirmiş bir valideyn ovcuna bir xeyli daş yığmışdı. O, daşları qəddarcasına heyvanlara atır və bundan ləzzət alırdı. Öz aləmində uşaqları əyləndirən, özü də əylənən ata əslində bununla onların psixologiyasına hansı böyük zərbələri vurmasından xəbərsiz idi. Onun atdığı daşlardan qorxan meymun dəmir barmaqlığın küncünə sığınaraq dayanmışdı. Həmin valideynin bu hərəkətindən utandım əslində.

Zooparka gəlin, gəzin, uşaqlarınızı gəzdirin, əyləndirin də...Amma bu şəkildə yox. Bir şeyi unutmayaq ki, onlar heyvan olsalar da, ağrını bizim kimi hiss edirlər.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm