“Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” silsiləsindən
Bizi izləyin

Qırmızı.az

“Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” silsiləsindən

“İNCİNSƏN DƏ İNCİTMƏ!”

HACI BEKTAŞ VƏLİYƏ DOĞRU

Mən Yunusu, Mevlananı anladım,

Mən Şəms adlı o günəşdən od aldım.

Səni bulan Aşiqlərdən yol aldım,

Qapını aç bu quluna, ey Rəbbim!

Hacı Bektaş Vəli dərgahına bu gözəlim diləklərsiz, bu duyğusal dualarsız nasıl qədəm basmaq, üz tutmaq olardı ki?! Əvvəldən sonacan qəlbimlə, aldığım nəfəslə bir arada dodaqlarım ucunda vird eləyirdim. Heç bir tərəddüdə-filana yol vermədən “Allah təkcə Məsciddə, Məkkədə, Mədinədə deyil ki, Allah hər yerdədi” – deyib dururdum.

Hər yerdə... Paklıqla süslənən hər görüntüdə, varlıqda!

Hər yerdə - bəri başdan birinin ünvanını mən deyirəm: Hacı Bektaş Vəli dərgahında...

Hararet nârda’dır, sac’da değildir,
Kerâmet sendedir, tâc’da değildir.
Her ne arar isen, kendinde ara,
Kudüs’te, Mekke’de, Hâc’da değildir.

Sakın, bir kimsenin gönlünü yıkma,
Gerçek erenlerin sözünden çıkma.
Eğer insan isen ölmezsin, korkma,
Âşığı kurt yemez, uc’da değildir.

Gönül kâbesine girmesin hülya,
Nefsine hakim ol düşme bed hûya.
Kirleri arıtan baksana suya,
Hep yüzü yerlerde, buc’da değildir.

Bir gün sevgili peyğəmbərimiz Həzrəti Məhəmməddən (s.a.v) soruşurlar:

-İslam nədir?

-Gözəl əxlaq - deyə cavab verir, Allahın elçisi.

Təkrar soruşurlar:

-İslam nədir?

Peyğəmbərimiz yenə bir kəlmə ilə cavab verir:

-Gözəl əxlaq!

Allaha gedən yol da, Kəbəyə gedən yol da, məscidə gedən yol da gözəl əxlaqdan keçir. O gözəl əxlağın boxçalarından biri idi Hacı Bektaş Vəli; Həzrəti Mevlana, Həzrəti Şəms Təbrizi, Həzrəti Seyid Yəhya əş-Şirvani əl-Bakuvi, Somuncu Baba, Şeyx Sədrəddin həzrətləri və b. ilə bir arada... Özləri öz dəyərlərini hər kəsdən gözəl bilir, ehtiram göstərirdilər. Bu ehtiramın özü bir həyat məktəbi, örnək idi.

Sensiz benim bir dem karara mecâlim yok,
İhsânını ta’dâ da imkânım yok.
Tenimdeki her tüy eğer dillense,
Binde bir şükrümü ifâya imkânım yok. (H.B.V)

“Bir şahin kimiydi” o böyük insan

Bir adam pis yola əl atır. Kiminsə inəyini oğurlayır. Sonra səhvini başa düşüb oğurladığı inəyi Hacı Bektaşi Vəli dərgahına qurban olaraq aparır. Təbii ki, bu qurban haram sayıldığı üçün qəbul edilmir. O zavallı adam əlacsız qalıb Həzrəti Mevlanaya müraciət edir. Onun istəyi qəbul edilir. Oğurluq edən adam deyir axı Hacı Bektaş Vəli bu qurbanlığı haramdı deyə qəbul etməmişdi... Həzrəti Mevlana gülümsünüb aydınlıq gətirir: “Biz bir qarğa isək, Hacı Bektaş Vəli bir şahin kimidi. O, hər leşə qonmaz!” Adam bu durumu Hacı Bektaş Vəliyə anladır, o behiştlik insan aydınlıq gətirərək deyir: “Bizim könlümüz bir damla su kimidirsə, Mevlananın könlü bir okean misallıdı. Bu səbəbdən bir damla ilə bizim könlümüz bulana bilər. Amma Mevlananın əngin könlü bulanmaz...”

Bir-birini belə dəyərləndirir, məqamlarını bu yöndən uca tuturdular.

Dostumuzla beraber, yaralanır kanarız,
Her nefeste aşk ile, yaratanı anarız.
Erenler meydanına, vahdet ile gir de gör,
Kırk budaklı şamdanda kırkımız bir yanarız.

Edeb, erkâna bağlıdır, ayağımız başımız,
Güllerden koku almıştır, toprağımız taşımız.
Soframızda bulunan, lokmalar hep helâldir,
Yiyenlere nûr olur, ekmeğimiz aşımız. (H.B.V)

Hacı Bektaş Vəli dərgahına yolçuluq etdiyimiz hər məqamda bu ucalığa, bu dəyərə xitabən söyləməkdəydim ki:

“Nəfs” adında bir şeytanı tərk etdim,

“Həyat nədir?” – gec də olsa dərk etdim.

Ən böyük Eqq... O, Sənmişsən! – dərk etdim,

Qapını aç bu quluna, ey Rəbbim!

Arabamız Mucura doğru yürüməkdədi... Kırşəhər səmti bizim Dəvəçi-Siyəzən bölgələrini xatırlatmaqdadı. Kayseri səmtdən Mucura 89, Kırşəhərə 110 km məsafə ölçüsü olduğu lövhələrdə əks olunub. Bu yerlərin yol rahatlığı, yol mədəniyyəti bir özgə örnəkdi. Manzemuna az, lap az qalıb – vur-tut 10 km. Qarşı dərəyə bir gözəl kənd sığınıb. Yolboyu 30-40 ev görünür. Ətəyi çinar ağacları ilə çevrələnib. Bizim tərəfləri salır yadıma. Gəncədən keçib Şəmkirin Çinarlı, Seyfəli kəndləri boyu irəlilədikcə belə görüntülər sıx-sıx çəkir diqqətimi. Manzemundan sonra Yemlihə kəndi gəlir. Solunda qaya abidələr sıralanıb. Daşlarda ovulmuş ev xatirələri sahibsiz qalmış quş yuvalarını xatırladır. Sonra 100-150 evlik daha bir kəndi keçirik. Yenə çinarlıqdı dörd bir tərəfi. Burdan Mucura 69 km-lik məsafə var. Himmetdede kəndi ilə üzbəüzdəyik...

Boğazlıyan, Yozqat, Samsun yolu sağa burulur. Sol tərəf Bayramtəpəyə aparır. Burdan Ankaraya 224 km-dir. Çılpaq təpəciklər izləyir bizi. Hər yan əkənəcək yeridi burda. Gen-bol çöllük çəkir nəzərlərimi. Ta Kalaba şəhərinəcən beləcə uzanıb gedir bu çöllük. Avanos və Nevşəhərə aparan yol burdan sola dönür. Kalaba şəhərinin gözəl evləri yenə ikiqatlı, üçqatlıdılar. Qədimlik tökülür görünüşündən. Kalaba şəhərindən sonra Çallıgədik gəlir. Önəmli bir şəhərdi. Ardınca da Çalış... Burdan Hacı Bektaş Vəli dərgahına 50-60 km-lik yol var. Ora qədərsə Kozaklıköy var, Topaklı var. Yol boyu gömgöydü əkin yerləri. Çılpaq təpələrə yanıq verirlər. Hacıbektaş-Nevşəhər yolundan sola dönürük. 12 km məsafə qalıb... Avucu keçirik. Ərik ağacları düzüm-düzümdü. Ətrafı taxıl zəmisiylə çevrələnibdi. Təpələr maraqla boylanıb baxır. Uzaqda kəndlər var əl içi boyda. Bu gözəlim evlər üç-üç, beş-beş kənara çəkilib söhbət eyləyən ahıl insanları xatırladırlar. Keçib yetişirik mənzil başına...

“ARA, BUL!” SƏSLƏNİŞİ...

“Oxu, öyrən!” çağırışı, tapşırmasıyla savaba, mükəmməlliyə dəvət edir “Qurani-Kərim” bəşər övladını.

Həzrəti Mevlana “Dinlə!” əxlaqına dəvət edirdi könül dostlarını... Hacı Bektaş Vəli “Ara, bul!” deyir...

Yusif Balasaqunlu “Qutadğu bilik”də sözü övlad əşvəzi ağırlayır, bərabər tuturdu:

İnsan ölüb getdi, uykuya daldı,

Dünyada söz adlı övladı qaldı.

Ölümsüz, əbədi qalmaq istəsən

Sözündən, özündən yardım istə sən...

Hacı Bektaş Vəlinin bir övladı – yəni söz yadigarı “Əlinə, dilinə, belinə sahib ol!” səslənişiylə ömrünü uzadır, yaşadır onu... Bir özgə övladı-sözü “Mərifət əhlinin ilk məkanı ədəbdir” dərsi verir... “Nəfsinə ağır gələni kimsəyə tətbiq etmə” söyləməsi də var. “Düşməninizin dahi insan olduğunu unutmayın” deyirdi, “nəbilər, vəlilər insanlığa Allahın hədiyyəsidir” tapşırmasını sırğa edirdi yaddaşlara. Düşüncə qaranlığına işıq tutanları mutlu sayırdı. Elmdən keçməyən yolun sonunun qaranlıq olduğunu bilirdi. Bilirdi ki, insanın camalı onun sözünün gözəlliyidir. Arifləri həm arı, həm arıçı qismində dəyərləndirirdi. “İncidilsən də incitmə” insanlığının fikir babası da o idi – Hacı Bektaş Vəli...

Erkek dişi sorulmaz, muhabbetin dilinde,
Hak’kın yarattığı her şey yerli yerinde.
Bizim nazarımızda, kadın erkek farkı yok,
Noksanlıkla eksiklik, senin görüşlerinde. (H.B.V)

Şərq dünyasının eşq, vəfa simvollarından biri olan Leyli hələ XVI əsrin poetik təsvirində “Dövran ki, məni məzaca saldı, bilməm satan kim, alan kim oldu?” deyə hüquqsuzluğunun baisi olaraq dövrü, zamanı qınayırdı. O eşq afətindən üç yüz il əvvəl isə Hacı Bektaş Vəli “Qadınları oxudun” deyə “Cənnət anaların ayağı altındadı” söyləyən ulu ustadının – Həzrəti Məhəmmədin (s.a.v) parlaq səslənişinə əks-səda verir, səsini nur içində nur olan o ali zatın səsinə qoşurdu.

  • Axtar, tap.
  • Qadınları oxudun.
  • İncisən də, incitmə.
  • Murada çatmaq səbir ilədir.
  • Doğruluq dostluq qapısıdır.
  • Araşdırma açıq bir sınaqdır.
  • Əlinə, belinə, dilinə sahib ol.
  • Hər nə axtarsan, özündə axtar.
  • Ariflər həm arıdır, həm arıtıcı.
  • Bir olalım, iri olalım, diri olalım.
  • Mərifət əhlinin ilk məqamı ədəbdir.
  • Oxunacaq ən böyük kitab insandır.
  • İnsanın camalı sözünün gözəlliyidir.
  • Nəfsinə ağır gələni kimsəyə tətbiq etmə.
  • Elmdən gedilməyən yolun sonu qaranlıqdır.
  • Düşüncə qaranlığına işıq tutanlar necə xoşbəxtdir.
  • Elm həqiqətə gedən yolları işıqlandıran işıqdır.
  • Düşməninizin dahi insan olduğunu unutmayın. (H.B.V)

Hacı Bektaş Vəlinin Xorasanda dünyaya göz açdığı, əski qaynaqlarda Sulucaqarahöyük, bugünkü adı Hacıbektaş olan cənnətməkanda haqqa qovuşduğu bilinir. Türbəüstü yazılar 1248-1337-ci illər arası yaşadığına şəhadət verir. Bəzi qaynaqlar isə 1208-1271-ci illəri daha uyarlı hesab edir. Əgər Həzrəti Mevlanə ilə Hacı Bektaş Vəli arasındakı doğlun ehtiram, bir-birinin hansı dəyər daşıyıcısı olmalarını bilmələri reallığını nəzərə alsaq, onda Hacı Bektaş Vəlinin 1208-1271-ci illər arası yaşaması daha uyarlı görünür. Həzrəti Mevlananın 1207-ci ildə dünyaya gəldiyi bilinən bir tarixdi. Belədə Hacı Bektaş Vəlinin 1248-ci ildə doğulduğunu əsas götürsək, aralarında 41 illik yaş fərqi görünər və bu yaş fərqində olan insanların bir-birini daha mükəmməl şəkildə dəyərləndirməsi bir qədər mücərrəd anlaşılır. Onun 1208-ci ildə doğulmasını nəzərə alırsaq, Həzrəti Mevlana ilə aralarında vur-tut 1 yaş fərqi olduğu bilinir. Hər halda, bu yaş yaxınlığı onları bir-birinə daha sıx şəkildə bağlaya bilərdi. Eyni zamanda 1208-1271-ci illər arası toplam 63 il edir. Bu, həm də Həzrəti Peyğəmbərimizin(s.a.v) cismani ömür həddidi. Ruhu bir olanların cismani yaşam dövrünün də eyni olması daha çox qəbul ediləndi. Ancaq gerçəyi odur ki, türbəsi önündə yazılan qeyddən məlum olur ki, o, 1248-1337-ci illər arasında yaşayıb. Bu yazılanlara nəzər yetirirəm, yaddaşımda isə Yunis Əmrə babamızın misraları sıx-sıx cövlan etməkdədi:

Bədən fani, can ölməz,

Gedənlər geri gəlməz.

Ölərsə bədən ölər,

Canlar öləsi deyil...

Fəzilətlərin sonsuz dənizlərindən olan Hacı Bektaş Vəli dərgahı önündə böylə düşünür, ruhuna dualar oxuyurdum...

ONU DƏDƏM QORQUD ŞƏKİLLİ GÖRDÜM...

Avuqu keçib Hacı Bektaş Vəli dərgahına yetişdiyimiz ilk anda nəzərimi ilk çəkən abidə qarşı meydanın sol tərəfini əhatələyən kompleks-abidə oldu. Hacı Bektaş Vəlinin şərəfinə ucaldılan abidə bütün görünüşü, durumu ilə tam bir Dədə Qorqud şəkillənməsi idi ki, durmuşdu. Dədənin ərdəmli deyimi səslənirdi qulaqlarımda:

Gəlimli, gedimli dünya,

Son ucu ölümlü dünya.

...Əcəl aldı, yer gizlədi,

Fani dünya kimə qaldı?..

Gözlərimsə barelyef boyunca yazılmış fikir ümmanı üzərində gəzir-gəzir:

Sevap-sayğı üste kurulmuşdur yapımız,

Ta ezelden ebede açıq olub qapımız...

Gör hansı qapılardan keçib yetişmişdi gergahına... Əhməd Yəsəvi Ocağının məhəbbət şərabından muradınca nuş etmişdi. Əhməd Yəsəvi Ocağının zikrini dinləmişdi, barınmışdı, dil əzbəri etmişdi:

Dünya üçün qəm yemə,

Haqdan özgəni demə...

Kişi malını yemə,

Sirat üzrə tutarı.

Əhliğ-əyal, qarındaş,

Heç kim olmadı yoldaş.

Mərdanə ol qərib baş,

Ömrün yel tək ötəri.

Qul Xacə Əhməd taət qıl,

Ömrün bilməm neçə il,

Əslin bilsən-abü-gil,

Yenə gilə gedəri...

Bilinəni budur ki, Əhməd Yəsəvi Ocağınlda kamala yetən Hacı Bektaş Vəli İran, İraq, Ərəbistan və Suriya üzərindən Anadoluya gəlmiş, burada Antep, Antakiya, Marat, Sivas, Toqat, Amasya, Çorum, Yozqat və Kırşəhərdə gəzib-dolandıqdan sonra Sulucakarahöyündə yerləşmişdir. İnsanlığa xidmət göstərən fəlsəfi görüşlərini burada təkmilləşdirmiş, tam bir fikir, düşüncə mərkəzi olaraq Hacı Bektaş Vəli Dərgahını formalaşdırmışdır. 13-cü yüzilin bi bənzərsiz şəxsiyyəti tərəfindən qurulan Dərgah Orxan Qazi, Murad Xudavendigar, İldırım Bəyazid, Yavuz Sultan Səlim, Dördüncü Mustafa, Abduləziz və İkinci Abdulməcid dönəmlərində təmir edilmiş, 1925-ci ilə qədər fəaliyyət göstərmiş, 1957-1964-cü illər arasında vəqflər rəhbərliyi tərəfindən təmir edilərək və muzey olaraq yenidən müsafirləri üzünə açılmışdır. Ən əski çağlarında burada Qonaq evi, hamam, tövlə bölümləri də olub. Günümüzə yetən çamaşırxana və hamam bugünün özündə də qalmaqdadı. Muzey quruluş baxımından bir-birinə keçidi olan 3 ana bölümdən ibarətdi.

Birinci bölümü Nadar adıyla tanınır. Bu bölümə güney səmtdən qədəm qoyulur. Giriş qapısının sağında üçlər çeşməsi yer alıb. Ehsanı olsun deyə su içib, ruhuna dualar oxuyub keçirik. Külliyyəni çevrəliyən divarlar 1897-ci ildə Hacı Mehmet Dədəbaba zamanında yapdırılıb, indi mövcud olan divarlar, ilkin təməl üzərində Mədəniyyət və Turizm Bakanlığı tərəfindən yenidən qurulub. Ta qədimlərdə bu bölüm daxilində bugünümüzə gəlib çatmayan müxtəlif odalar fəaliyyət göstərib.

ÜÇLƏR ÇEŞMƏSİNDƏN SÖZ AÇIM SİZƏ

1902-ci ildə, Feyzulla Dədəbaba zamanında Sədrəzəm Xəlil Paşanın həyat yoldaşı Fatma Nuriyə xanım tərəfindən yapdırılmışdır. Usta olaraq Nevşəhərdən Mustafa Vəsfini dəvət edibmiş. Düz dam alınlığının ortasında 12 dilimli Bektaşi tacı (Hüseyin-i daş) yer alıb. Kəmər gözünün üst tərəfində oyma kitabə, ortasında isə Süleyman Möhürü üslublu təsvir əks olunub.

SÜLEYMANA QALMAYAN DÜNYA

İlk nəzər yetirdiyim andan dədə-babalarımızdan qalma “Süleymana qalmayan dünya kimsəyə qalmaz” məsələsini xatırlayıram. Möhürü-Süleyman üslubu Anadoluda Səlcuqlu və Osmanlı memarlığında sıx-sıx istifadə edilən bir üslubdu. Bu üslub Orta Asiyadan günümüzə qədər Səlcuqlu və Osmanlı dönəmi abidələrində, o cümlədən çini, keramika, sikkə, xəttatlıq, əlbisə və s. üzərində naxışlama prosesində istifaə edilmişdir. Çeşmə üzərində Gül rəsminin təsviri Bektaşilik mərhələsinin sevgi dövrü olmasının simvolunu özündə ehtiva edir.

Sonra gəlir Aslanlı çeşmə. Bu çeşmənin 1554-cü ildə Bolqarıstanın Silistrə şəhər valisi Malkoç Vali bəyin yaxınlaırı tərəfindən yapdırıldığı bilinir. Klassik Misir dövri stilində, İsgəndəriyyə mərmərindən hasilə gətirilib. Aslan Heykəli isə Misir kraliçası Qara Fatma Sultan tərəfindən 1853-cü ildə hədiyyə olaraq Dərgaha göndərilib. O çağdan bu çağa çeşmə Aslanlı çeşmə adıyla tanınmağa başlayıb. Çeşmənin görümlü yerində diqqət çəkən kitabədə Kərbəlada şəhid olanların xatirəsinə yapıldığı bilinir. Aslanlı çeşmənin önündən keçib Aşevi bölümünə doğru irəliləyərkən qoruyucu örtük altında Qəhvəçi Babaya aid olduğu söylənilən, zəminlə eyni səviyyədə bir məzar diqqəti çəkir. Ruhuna dualar oxuyur, rəhmət diləyirik.

BU DA İKİNCİ BÖLÜM

Bu bölümə üçbucaq şəkilli alınlıqlı və sivri kəmərli Üçlər Qapısından giriş var. Sırasına görə sağda Aslanlı Çeşmə, Baba köşkü, Aş evi, Təkkə Camesi, Meydan hovuzu yerləşir. Solu isə Qonaq evi, meydan evi (Cem evi), Kiler evi və Dədəbaba guşəsi çevrələyir. Kitabəsindən bilindiyinə görə Meydan hovuzu Beyrut valisi Xəlil Paşanın həyat yoldaşı Zəhra xanım tərəfindən 1908-ci ildə yapdırılıb. Hovuzun baş tərəfində Dərviş Tağı kimi tanınan “Hüseyn-i Tac” diqqət çəkir.

Aş evi isə dərgah dönəminin ən önəmli guşələrindən biri olaraq tanınırmış. Kitabəsindən məlum olduğuna görə 1560-cı əildə Silistre valisi Malkor Bali bəyin şərəfinə yaxınları yapdırıb. Bu bölümdə Aş evi Baba odası, Kiler odası, ət soyutma və saxlanma guşəsi, yuyacaq yerləri var. Aş Evi bölümündə Yeniçerilərə də qutsal qəbul edilən Qaraqazan, Xəlifə qazanları və digər mətbəx əşyaları sərgiğlənib.Bu bölümdəki Aş Evi Baba Odasından əsasən dərgahda yaşayan dərvişlər, buranı ziyarətə gələn müsafirlər, imkansızlar yararlanırmış.

Digər bölümdə Mehman (qonaq) evi yer alıb. İki odalı olub, tək ocaqlıdır. Dərgaha gələnlər ilk olaraq bu guşəyə baş çəkərmişlər. Xalı döşəmələri indinin özündə də “mehmanın ol, könlün istəyincə dincəl” səslənişi edir. Bir az önəcə ziyarət etdiyim Dərgah bölümündə də, ardınca mehman olduğum Qonaq evində də tarixin şəkillənməsi önündə müntəzir dayandığım anları xatırlayıram. Keçilməsi yasaq olan zona xəttinin o biri üzündə o behiştlik kişilər öz qədim geyim-kecimləri ilə bir arada Hacı Baktaş Vəlinin hüzurunda dayanmış kimi yapılmışdılar. Bir ayrı guşədə dədə-baba qaydasınca üzbəüz əyləşib görüləsi işləri vərəvürd edirdilər. Sanki ölməmiş, tarixə könülməmişdilər; sapsağlam idilər, yaşayır, ömür edirdilər. Belədi durum. Ayrılıb gedirəm Meydan evinə. İbadət üçün bağır basıb, baş endirə-endirə Hacı Bektaş Vəlinin təməl daşı Əhməd Yəsəvi dədəmizdən oxuduqlarımı anır, anıram:

“Allah Elçisinin Meraca yüksəlməsində qəriblərlə, kasıblarla, yetimlərlə maraqlanması böyük rol oynadı” deyən Əhməd Yəsəvi “əgər sən də Allaha qovuşmaq istəyirsənsə onun Elçisinin yolu ilə get, ona bənzəməyə çalış” deyə “Divani-Hikmət”lə bu gün də bizə səslənir:

Resul önüne bir yetim gelmişti,

Garip və müptelayım demişti.

Acıdı Resul onun haline,

Resul dedi ben de bir yetimim,

Yetimlik ve gariplikle yetişdim.

Muhammed dedi ki kim ki yetimdir

Biliniz o benim has ümmetimdir.

Yetim görseniz incitmeyiniz,

Garibi görseniz küstürmeyiniz.

Əhməd Yəsəviyə görə İslam dinində ən böyük, ən yararlı ibadət ehtiyacı olan insanlara, yəni qərib, kasıb, yetim olan insanlara xidmətdir. O, bizi bu gün də peyğəmbərimiz Hz.Məhəmmədi və “Qurani-Kərim”i düzgün anlamağa çağırır.

Eləcə də Meydan Evi əhatəsində ziyarət etdiyim qos-qoca yadigar abidələr. Kitabəsində 1367-ci ildə Əxi soyundan Murad Xudavəndigar (Birinci Murad) tərəfindən yapdırıldığı bilinir. Öz zamanında burada “Yol”a daxil olma (Bektaşiliyə keçid) törənləri, “İqrar vermə” və “Cem törənləri” icra edilərmiş. İç bölümlərində 12 İmamları təmsil edən guşələr yer alıb. Hacı Bektaş Vəli və Balum Sultan portretləri, Bektaşi öndərlərinə aid rəsmlər, Taxtı-Bektaş, Dədəbaba və Dərvişlərə aid siyah-bəyaz fotolarla yanaşı Bektaşiliyi anladan əsərlər burada sərgilənib.

Meydan odası isə Dərgah dönəmində Bektaşi təriqətinə daxil olma, iqrar vermə, nəsib alma mərasimləri ilə bərabər Cem törənlərinin yapıldığı bir yerdi. Giriş qapısının çevrəsi üzərində bir ocaq, ocağın sağında Bektaş taxtının sağ və sol yanını çerələməklə divarlarda Hacı Bektaş Vəliyə, Balım Sultana, Qayğısız Abdala və Bektaşi öndərlərinə aid tablolar sərgilənib. 12 İmamın simvolu olan, təriqət yolunda bir məqamı təməsil edən 12 bölüm burada yer alıb.

Bu da Meydançı Baba Odası: Əsasən yazılı lövhələr ilə Bektaşi Baba və Dərvişlərinə aid fotoşəkillər sərgilənib bu bölümdə. Biri oxuyur və yaddaş saxlancımın iç dünyasınəda qoruya-qoruya xəyal edirəm: “Ey günahkar evronuz üzü qara... Nə üz ilə Həzrətə qarşı vara?!” Bir ayrı yazılan da var: “Hacı Bektaş Babamızdır yürüdür cansız divarı...”

Kiler Evi bölümünü ziyarət etdikdən sonra Üçünlcü bölümə qədəm basıram. Həzrət bölümü adıyla da anılır. Bölümə basıq kəmərli, Altılar qapısı deyilən səmtdən girilir. Bu bölümdə Atatürk Köşkü, Balım Sultan türbəsi, Hazire (Dərviş məzarlığı) və Xas Baxça diqqət çəkir.

Ulu öndər Mustafa Kamal Atatürkün Hacı Bektaşa gəlişi xatirəsinə 10 avqust 2009-cu ildə Mədəniyyət və Turizm başqanlığı tərəfindən yapdırılan abidə önündə ehtiramla ayaq saxlayır, xatirəsini anırıq. Mustafa Kamal Paşa bir çox önəmli beynəlxalq Konqreslərdə Türkiyənin möhtəşəm varlığını ortaya qoyduqdan sonra 22 dekabr 1919-cu ildə Hacı Bektaş Dərgahını ziyarət etmiş, Dərgahın böyüklərinin xeyir-duasını almışdır.

Dərgahın Pir evi bölümü Giriş, Çiləxanə, Orta Medhal, Məscid, Qırxlar meydanı, Hazirə və Güvənc Abdal türbəsi ilə çevrələnib. Solda Həzrəti Məhəmmədin simvolu olan Günəş təsviri, sağda Həzrəti Əlinin simvolu olan Ay təsviri, hər ikisinin ortasında isə sevgi simvolu olan gül təsviri yer alıb. Bu üç təsvirin altında isə Bektaşiliyin simvolu olaraq qəbul edilən və 12 imamları təsvir edən 12 guşəli “Təslim daşı” təsviri yer alıb. Girişin sağ və sol tərəflərindən ümumilikdə 12 Dədəbaba məzarı diqqəti çəkir. Ağ qapı deyilən üst qatda isə “İkibaşlı qartal” təsviri süslənib. Bektaşiliyi mənimsəyərək Cəfəri-Sadiq adını almış Memar Yanko Meydanın məzarı buradadı. Çilaxanə Hacı Bektaş Vəlinin qırx gün, qırx gecə ibadətə çəkildiyi yer olaraq bilinməkdədi. Qapı önünün girişində şamdan yerinə nəzər yetirə-yetirə Qarabağ torpağının Xan qızı Xurşid Banu Natəvanın misraları canlanır yaddaşımda:

Yanar canım, oğul,

Daim sənin nari-fərağında,

Neçə pərvanələr hər dəm

Yanar şəmin ayağında...

O müqəddəs məkanda Xan qızının ruhuna da rəhmət oxuyur, cümlə Qarabağ torpaqlarımızın düşmən tapdağı altında azad olunması üçün dilək edirəm. Dərgahın Qırxlar meydanı bölümündə yer alıb Qırxbudaq şamdan, Həzrəti Əliyə məxsus fikirlərin əl yazısı yer alan lövhə, Dərviş və Babalarına aid simvollar və Hacıbektaş Vəli Həzrətlərinin tabutunun qoyulduğu böğlümün orijinal gümüş qapısı. Bir-bir ziyarət edir, bütün varlığımla ehtiram göstərirəm. Buradakı “Göy Eşik” deyilən qapıdan adlayıb Hacıbektaş Vəli Həzrətlərinin Türbəsinə yetişirik. Səlcuqlu memarlıq məktəbinin ən zəngin nümunələrindəndi bu türbə. Bütün divarlar boyu ruhu oyadan kəlamlar həkk olunub. O böyük şəxsiyyətin son mənzili olan sandıq önündə ehtiramla iç dünyama qapılır, dualarımı edirəm.

Sevgi muhabbet kaynar, yanan ocağımızda,
Bülbüller şevke gelir, gül açar bağımızda.
Hırslar, kinler yok olur, aşkla meydanımızda,
Arslanlarla ceylanlar, dosttur kucağımızda. (H.B.V)

Bəzi səfər yoldaşlarım hansı bir duyğuylasa göz yaşlarını tuta bilmir... Tabutun bir kənarına sığınıb dua edə-edə ağlayan başqa ziyarətçilər də var.

Malım mülküm servetim, hepsi evde kaldı,
Eşim dostum akrabam, geçtiğim yolda kaldı,
Dostlarımdan birisi, benden hiç ayrılmadı,
Allah için yaptığım iyilikler bende kaldı. (H.B.V)

Yaddaşımda illər öncəli yazdığım şerin misraları şimşək kimi çaxıb keçir:

Mənim dostum göz yaşlarım,

Ən yaxşı o anlar məni.

Axar gözümdən, üzümdən,

Paylaşar dərd-sərlərimi.

Əvvəl gözümü oxşayar,

Yanağımdan axıb keçər.

Sonra enər dodağıma,

Bir udum ağrı içər.

Boynuma süzülüb gələr,

Boğazıma muncuq olar.

“Qorxma, yanındayam” deyər,

Kövrək olar, incik olar.

Gözyaşımla danışaram,

Pıçıltıma nəm qarışar.

Yaşlar hərdən sevincimi,

Gah kədərimi bölüşər.

Təkcə o anlayar məni,

Təkcə o qoymaz tək məni!

Saf və məlum gözyaşlarım,

İnsanlar ovutmaz məni.

Hacı Bektaş Vəli zamanında yaşamış ustad ozan-şair Güvənc Abdal türbəsi daxilində bu behiştlik insanın uyuduğu məzarı ziyarət edirik. Ömür-gün yoldaşı Dünya Gözələ və onlara xidmət edən bir başqa qadına məxsus məzarlar da bu aradadı. Rəvayət edirlər ki, Hacı Baktaş Həzrətləri ona çox güvəndiyindən adına Güvənc Abdal deyərmiş...

Sonra Balım Sultan türbəsini ziyarət edirik. 1462-1516-cı illərdə yaşamış Balım (Xızır) Sultan Seyid Əli Sultan dərgahında yetişmiş, nəhayətdə Hacı Bektaş Vəli Dərgahına gələrək Dədəbaba olmuşdur. Rəsminə baxıram. Tam olaraq Mevlana qiyafəsindədi; Əlində təsbeh, əynində uzun ətəkli əba... Diz üstə əyləşmiş... Bektaşiliyə etdiyi xidmətə görə Alevi-Bektaşi toplumu tərəfindən “Pir-i Sultan”, yəni İkinci Pir olaraq qəbul edilən Balım Sultan 1516-cı ildə haqqa qovuşmuşdu. Türbəsi 1519-cu ildə Yavuz Sultan Səlimin komandirlərindən biri olan Dulkadiroğlu bəyi Şahsuvar Əli bəy Səlcuklu memarlıq ənənələri üslubunda inşa edilmişdir. Məzarının quzey səmtindəki sandıqça içindəsə qardaşı Şah Kalendar uyuyur. Rəvayət edirlər ki, Əhməd Yəsəvinin Türküstandan Anadoluya atdığı yanmış kosov günümüzə qədər gəlib çatmışdı. Dərgahda Qaratut ağacından olan, üstündə Osmanlıca yazılan bir sütun hələ də qorunmaqdadı...

Qorunub saxlaması abidələr isə bir deyil, beş deyil... Sulucaqarahöyük qazıntılarına göz yetirmək, tapılan abidələri ziyarət etmək şəhadət verərər ki, bu deyilənlər doğruların doğrusudu. Osmanlı dönəminin nadir abidələrindən olan, 1603-cü ildə inşa edilmiş Bektaş Əfəndi türbəsinə, XIII əsrə aid Kadıncık Ana Evinə nəzər salmaq bəs edər ki, bu deyilənlər ənənəyə, kökə söykənib durmaqdadı.

Getməyin zamanı yetir... Hər bir abidəyə ehtiram duyğusuyla ayrılırıq. Könül gözüylə baxa-baxa...

Madde karanlığı, akıl nûru;
Cehâlet karanlığı, ilim nûru;
Nefis karanlığı, marifet nûru;
Gönül karanlığı, aşk nûru ile aydınlanır. (H.B.V)

“Yol Ona yönələndə yol olur” düşüncəsiylə ayrılıram. O böyük Allah dostunun unudulmaz sözlərini, öyüd və nəsihətlərini yaddaşıma köçürə-köçürə çıxıram Yola! Bu Yol insanın özünə yolçuluqdur… Böyük Yol isə ilk öncə özünə yolçuluqdan başlayır. O da belə deyərdi...

Hak’ka tâlib olan kişi, başka murâd isteme,
Dostun seninle beraber, başka vuslat isteme.
Bu dünya bir sofradır, arzular gelir geçer,
Eğer bizi buldun ise, başka murâd isteme. (H.B.V)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm