Dilçilik İnstitutu jurnalistlər üçün kurs təşkil edəcək
Bizi izləyin

Qırmızı.az

Dilçilik İnstitutu jurnalistlər üçün kurs təşkil edəcək

Dilçilik İnstitutu teleradio jurnalistləri üçün kurslar təşkil edəcək.

Bu kurslar aparıcıların dilində aşkarlanmış səhvlər əsasında qurulacaq. Kursu bitirənlərə sertifikat veriləcək.

Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin böyük elmi işçisi Rasim Heydərov Publika.az-a açıqlamasında deyib.

R.Heydərovun sözlərinə görə, yerli telekanallardakı xəbər və ictimai-siyasi verilişlərin dili ilə bağlı monitorinqlər aparılır. Həmin monitorinqlərin nəticəsində aşkarlanmış səhvlərin aradan qaldırılması üçün bu cür kurslar təşkil etmək planlaşdırılır.

“Əvvəlki illərdən fərqli olaraq, bu il əyləncəli proqramlar bu siyahıya daxil edilməyəcək”.

R.Heydərov onu da bildirib ki, şöbə həmçinin Səbail, Nəsimi və Nərimanov rayonlarında küçə adları, reklamlar, ictimai obyektlərin monitorinqini aparır.

“Reklamların Azərbaycan dilində olub-olmaması, fonetik, qrammatik və leksik səhvlər konkret faktlarla qeyd edilir. Hər bir səhv kod vərəqində qeyd edilib rayonlar üzrə ümumiləşdirmə aparılacaq. Sonda rayonların dil normalara necə əməl etmələri müəyən ediləcək.

Monitorinq proqramına uyğun olaraq küçə adlarında da dil normalarına əməl edilməsi araşdırılır. Dövlət reyestr xidməti ilə müqaviləmiz olduğuna görə, küçə adlarının yazılışı dəyişdirilərkən əvvəlcə bizə göndərilir. Hər hansı problem olduğu halda iradımızı bildiririk, nəzərə alıb-almamaq isə qurumun öz məsuliyyətindədir. Məsələn, məsləhət görürük ki, Nizami küçəsi yox, Nizami Gəncəvi küçəsi yazılsın”.

Onun sözlərinə görə, aparılan monitorinqin nəticələri dövlət proqramına uyğun olaraq həm yerli icra hakimiyyətlərinə, həm də yekun hesabatlar Nazirlər Kabinetinə, Prezident Aparatına təqdim ediləcək.

Monitorinq şöbəsinin dərmanlarla bağlı monitorinqlər başa çatıb. Müsahibimiz deyir ki, dərmanlarla bağlı əsas problem içlik vərəqələrinin normal tərcümə edilməməsi ilə bağlıdır:

“Nəticələr barədə Səhiyyə Nazirliyinə məlumat verilib. Onların hansı reaksiya verəcəyi isə zamanla bəlli olacaq. Dərmanların içlik vərəqələri ilə bağlı əsas problemlərdən biri məhz Azərbaycan dilində olmamasıdır. Bu məsələ təxminən 60% həll edilib. Bundan başqa, tərcümələrin özləri də düzgün aparılmır, sadə əhalinin başa düşə biləcəyi formada verilmir. İçlik vərəqi birbaşa istifadəçi üçün nəzərdə tutulduğuna görə, anlaşılan dildə yazılması tələb edilir. Bəzən elə formada tərcümə edilir ki, onun rus dilində oxuyaraq daha yaxşı anlamaq olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm