Əli Həsənov: "Tapşırıqlar vaxtından əvvəl yerinə yetirilməlidir"
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov: "Tapşırıqlar vaxtından əvvəl yerinə yetirilməlidir"

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə Göygöl və Hacıqabul rayonlarında məcburi köçkünlər üçün salınan yeni qəsəbələrdə olub.

Komitədən Trend-ə verilən məlumata görə, ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Ə.Həsənov inşaat işlərini aparan tikinti şirkətlərinin rəhbərləri ilə görüşərək söhbət edib, onların arzu və təkliflərini dinləyib və tövsiyələrini verib.

Məlumat verilib ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbə qaz, su və elektrik ilə tam təchiz olunacaq.

Baş nazirin müavini bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

O, məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edərək bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.

Göygöl və Hacıqabul rayonları ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısının müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Yeni salınmış qəsəbələrdə eyni zamanda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi həyata keçirilib.

Qərara alınıb ki, tikinti işləri sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir.

Ə.Həsənov həmçinin məcburi köçkünlərlə də görüşüb, onların istək və arzularını dinləyib və müvafiq tapşırıqlar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm