Mehriban Zeynalova: “Radikal qrupların təsiri altına düşən kişilər bunu ailədə də tətbiq edir”
Bizi izləyin

Qırmızı.az

Mehriban Zeynalova: “Radikal qrupların təsiri altına düşən kişilər bunu ailədə də tətbiq edir”

Son illər ölkədə məscidlər kimi, ora ibadətə gedənlərin sayı da artır. Əlbəttə, uzun müddət dinsizliyin təbliğ edildiyi ölkədə birdən-birə dinə marağın artması yalnız müsbət nəticə vermir. İllərdir mənəviyyatda yaranmış boşluqdan istifadə edib insanların din marağını yanlış istiqamətlərə yönəldənlər də az deyil.

Bunun nəticəsidir ki, azərbaycanlı kişilərlə yanaşı, qadınların da Suriyaya, Əfqanıstana din uğrunda cihad üçün yollanması artıq adi hal alıb. Gedənlər əsasən ölkənin şimal bölgəsindəndir. Həmin qadınların məhz həyat yoldaşlarının təsiri ilə cihada getməsi heç də istisna edilmir. Radikal dini qrupların təsiri altına düşən kişilər qısa zamanda həyat yoldaşlarını, övladlarını da həmin yola dəvət edir, yaxud da məcbur edirlər.

Müxtəlif radikal qrupların təsiri altına düşən kişilər həmin radikallığı ailədə də tətbiq edir. Azyaşlı uşaqlarını, həyat yoldaşını məcburi qaydada hicab geyinməyə məcbur edir. Düzdür, bir neçə il əvvəl Təhsil Nazirliyi tərəfindən vahid məktəbli geyiminin tətbiqi uşaqların məktəbə hicablı gəlməsi problemini aradan qaldırdı. Çünki “Təhsil haqqında” Qanunun 14-cü maddəsinin 10-cu bəndində qeyd olunur ki, «Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində təhsil alanların geyim fоrmaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir».

Lakin yalnız məktəb və ya iş yerində qadağa qoymaqla məsələni həll edə bilmərik. Bu məsələni Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident yanında Dövlət İdarəçilik Akademiyasında çıxışı zamanı bir daha gündəmə gətirib. O son vaxtlar ölkədə hicablı qadınların artmasından və səbəblərindən danışıb:

“Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.
Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir”.

Məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Şahin Həsənli də gənc oğlan və qızlarımızın dinə meylinin artdığını və bunun müsbət hal olduğunu deyir. Onun sözlərinə görə, dinə meylin artması dünyada müşahidə edilir.

“Gənclərin dinin təsirinə düşməsi zərərli deyil, onların təhlükəli cərəyanlara qoşulması, düşünmədən dini ayinləri icra etməsi narahatlıq doğurmalıdır. Din könüllü və şüurlu şəkildə qəbul edilməli, dərin məntiqə söykənərək insan özünə yol seçməlidir. İnsanların fikirlərini ətrafdakılar, mühit yox, özü formalaşdırmalıdır.

Bu gün gənclər arasında sağlam dini dəyərlərə yiyələnənlərlə yanaşı, radikal düşüncələri təbliğ edən cərəyanlara qoşulanlar da var. Din düzgün anlaşılanda stimul rolunu oynayar. İnsan mənəvi təkamüllə tamamlanmalıdır”.

Ailələrin qız və qadınlara məcburi hicab geyindirmələrinə gəldikdə, Hacı Şahin Həsənli dində məcburiyyətin qəbul edilmədiyini bildirib:

“Hicab dinimizdə vacib bilinən əməllərdəndir. İnsanlar könüllü şəkildə hicabla bağlı qərar verməlidirlər. Dinimizdə məcburiyyət yoxdur. Qadın və qızlarımız istədikləri seçimi etməkdə sərbəstdirlər. Din təbliğində zorakı üsullara əl atılmamalıdır. İstənilən dini ayini məcburi şəkildə icra edən şəxs məcburiyyət aradan qalxanda o da dindən imtina edəcək. Insanları sadəcə dəvət etmək olar, lakin zorakı üsullarla kimisə hər hansı yola istiqamətləndirmək mümkünsüzdür. Zahiri baxımdan bunu etmək bəzən mümkün olsa da, sonra daha təhlükəli məqamlara, həmin şəxslərin dinə nifrət etməsinə səbəb ola bilər”.

Onun sözlərinə görə, dinin məcburi, zorakı üsulla və yanlış təbliğatının qarşısını almağın yeganə yolu, dini dəyərlərin düzgün istiqamətdə yayılmasına zəmin yaradılmasıdır.

“Son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən bu istiqamətdə tədbirlər keçirilir. Dinin düzgün anlaşılması üçün maarifləndirmə işi gücləndirilməlidir. Çünki boşluq olanda kənardan, müxtəlif ölkələr onu doldurmaq üçün din adı ilə başqa məqsədlərini həyata keçirirlər. Həmçinin xurafat və mövhumatın məhz bilgisizlikdən yayıldığını unutmamalıyıq”.

“Təmiz dünya” Qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova hicaba məcbur edilən qadınların rəhbərlik etdiyi təşkilata müraciətlərin kütləvi olmadığını, lakin bu məcburiyyətin ciddi problemə səbəb olduğunu deyib:

“İslamı süurlu şəkildə qəbul edənlərə heç kim qarşı çıxa bilməz, bu, həmin şəxslərin hüququdur. Bir çox hallarda aqressiv dindarlar həyat yoldaşlarını da hicaba məcbur edirlər. Hətta uşaqlarını məktəbə getməsinə icazə vermirlər. Zaqatalada artıq qadınların əksəriyyəti qara çadraya bürünüb. Bu da xoşagəlməz mənzərə yaradır -həmin ailələrin cəmiyyətdən sanki təcrid edildiyini göstərir. Bu cür ailələrdə böyüyən qızlar çox zaman təhsildən, ictimai iştirakdan yayındırılır, qadınların özünü realizə imkanlarını məhdudlaşdırırlar. Ailədə zorakılıq olsa belə, bu, gizli saxlanılır, qadın sünnətlərinin sayı artır. Ola bilər ki, zaman keçdikcə bu kimi hallarla qarşılaşan qadınlar bu barədə danışacaqlar. Lakin bu gün qadınların dinə məcburi cəlb edilmələri müşahidə edilir. Bu, yalnız mövhumatçılıq və cəhalətə aparır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm