“Bazardan re­por­taj qəzetdə ilk yazım oldu... ” - Fotolar
Bizi izləyin

Qırmızı.az

“Bazardan re­por­taj qəzetdə ilk yazım oldu... ” - Fotolar

Evdə mühazirə dəftərimi açanda Ələk­bə­rin xətti ilə yazılmış bu cümləni oxudum: “Sən bilmirsənmi ki, mən səni sevirəm”. İki gün utandığımdan instituta gəlmədim. Dərsə gələndə üzünə də baxa bilmirdim. Dərs başlayandan sonra gəlib yanımda əyləşdi.

Qələm sahibi yazmağa başladımı, vaxtı da, məkanı da çox vaxt unudur. Ömrünü könül duyğularına, gözünün nurunu yazılara həsr edir. Bir də görürsən ki, artıq yubiley bir yaşın astanasındasan. Xanımdan yaş soruşmazlar. Biz də soruşmadıq, ancaq 60 yaşı bəhanə edib, istedadlı bir xanım, “Xalq qəzeti”nin əməkdaşı Zərifə Bəşirqızı ilə jurnalistika və həyata dair fikirləriylə bağlı səmimi söhbət etdik.

-Niyə jurnalistikanı seçdiniz?

-Əslində jurnalistikanı mən yox, bacım Tərlan seçdi. Çünki uşaqlıqdan o qədər ədəbiyyat aludəçisi olmuşam. məsələn Cəmşid Əmirovun “Qara Volqa”, “Brilyant məsələsi” əsərlərini oxuyanda əsər­də­ki müstəntiq obrazına, onun işlərinə həsəd aparırdım. Hüquqşunas olmaq istəyirdim, sə­nədlərimi də o fakültəyə hazırlayırdım. Lakin atamın “qız hara, hüquqşunaslıq hara”—de­məyindən sonra fikrimi dəyişdim. Bacım istəmədi, sənədlərimi filologiyaya verim, dedi “orada mən oxuyuram, gəl sən sənədlərini jur­na­lis­ti­kaya ver”. O dövrdə sənəd verəndə həm də dövri mətbuatda dərc edilmiş məqalə də təqdim etmək lazım idi. Sənədlərimə baxan qız attestat qiymətlərimin hamısının beş olduğunu gördü və soruşdu: “Niyə məqaləsiz gəlmisən?!” Səbəbini izah etdim. Bir az sual-cavabdan sonra sə­nəd­lə­rimi götürdülər. İmtahanlardan ikisindən beş, ikisindən dörd aldım, attestdan isə 5 balım vardı və mən 23 balla universitetə daxil oldum, o vaxtki ən yüksək bal isə 25 idi. Qrupumuzdan qızıl medal sahibi Ramiz Əskər bir imtahanla daxil olmuşdu. Jurnalistikanı seçməyim təsadüf olub. Jurnalistikanı istəyən in­sanın içində bir ədəbiyyat məbədi olmalıdır, Bədii əsərlər onu elə yetişdirməli, for­ma­laş­dırmalıdır ki, o yazmağa ehtiyac hiss etsin, eləcə də hadisələrə kimsənin görə bil­mə­di­yi yöndən görüb təhlil edə bilsin. Ona görə insanın içi mənəvi baxımdan dolu ol­ma­lıdır ki, jurnalistikaya gəlsin.

-O illərdə hansı korifey müəllimlər sizə dərs deyib?

-İndi o müəllimlərin bir çoxu rəhmətə gedib. Nurəddin Babayev, Nüsrət Bağırov, Nəriman Zeynalov, Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, eləcə də digərləri dərs deyib. Çox yaxşı in­sanlar idi. Mir Cəlal müəllimin bir xasiyyəti vardı; dəhlizdə tələbələri görəndə so­ru­şar­dı” Məndən imtahan vermisən?” “Bəli”—deyəndə neçə aldığımızı soruşardı, “Beş” al­dı­ğı­mı­zı deyəndə “Hə, tanıdım, yadıma düşdün”—deyib gülümsünərdi. Təcrübi dərs­lə­ri­miz­də o dövrün nüfuzlu qəzetlərindən olan “ Bakı” qəzetinə gedər, Nəsir müəllimin məslə­hət­lə­rinə qulaq asardıq. Jurnalistika fakültəsi tək universitetdə deyil, res­pub­li­ka­nın bütün ali mək­­təb­lə­ri arasında yeganə fakültə idi ki, hamı bir ailə kimi idi. Tələbə-mü­ə­llim mü­na­si­bət­ləri də doğma idi. Yəqin ki, bunun özülü belə qoyulmuşdu, çünki bizdən son­rakı tələ­bə­lərin meh­riban münasibətləri də davam edirdi. Jurnalistika yeganə fakültə idi ki, tələbə mü­­əl­lim­lə dərdləşə-məsləhət duyduğu anda ürəyini aça bilirdi. Deyərdim ki, həyatın bər­ki­nə-boşuna düşmüş, acı tale yaşamış insanlar daxilən zəngin insanlar olurlar. Mü­əl­lim­lə­ri­miz elə illərdən keçib gəlmişdilər ki, onlar həyatın hər üzünü görüb öz təcrübələrinə əsasən bizlə danışırdılar, məsləhət verirdilər. Hətta bəzən öz sirlərini də tələbələriylə bölüşən olurdu. Fəlsəfədən dərs deyən Qəmbər müəllim öz sirrini mənlə bölüşmüşdü. Gənc müəllim idi, kasıb bir ailədən idi, nişanlı idi. Gəlib məndən soruşurdu ki, ni­şan­lı­sı­nın ailəsi maddi baxımdan çox şey istəyir, sən ni­şan­lı olsaydın, sən də istəyər­din­mi? Mən də cavab verirdim ki, “yox, istəmərəm”. O, tələbələrin həyata baxışlarını da nəzərə alır, öyrənirdi.

-Sizi tanıyanlara sirr deyil ki, sevginiz elə doğma fakültənin divarları arasında qarşısınıza çıxıb...

-(Gülümsəyir) Bir qrupda oxumuşuq. Amma mən onun sevgisindən uzun müddət xəbər tut­­madım. Qəbul vaxtı sərbəst mövzuda yazı imtahanında qrup yoldaşım Qəzənfər Rüs­tə­mov “Ana laylası” adlı yazıdan yaxşı qiymət almışdı, onu oxu­yur­­du, hamımız başına top­laşıb qulaq asırdıq. Hərə bir tərəfdən onu tərifləyir, sevindirici söz­lər deyirdi. O isə ha­mımıza diqqətlə qulaq asandan sonra yarızarafat demişdi; “Nə ol­sun ki, məni indi tə­rif­lə­yirsiz, sabah bu qızların hərəsi bir ucaboy oğlan axtaracaq. Mənim kimi bəstəboya heç kim baxmayacaq.” O sözə etiraz etmişdim, dedim ki, xeyr, mən ucaboy oğlan ax­tar­maram, mən onun ürəyinə baxaram. Ancaq sonralar məni tələbə yoldaşlarımdan qına­yan­lar oldu ki, sən yalan dedin, fakültənin elə ən ucaboylu oğlanı ilə ailə qurdun. əslində isə mən ürəyində özümün olduğunu gördüyüm oğlanı seçdim. İlk illər Mehman Cavadoğlu, mən, Qəşəngi, eləcə də gələcək həyat yoldaşım Ələkbər dost idik. İmtahanlara birgə ha­zır­la­şır­dıq, kömək edir, içimizi açırdıq. Arada sevgidən danışar, “ sən kimi se­vir­sən?”—deyə soruşardıq bir-birimizdən. Mən də zarafatyana Ələkbərdən soruşmuşdum. Hət­ta deyirdik ki, narahat olma, biz qızla danışıb razı salarıq. Cavabından anladıq ki, sev­di­yi var, kimliyini demirdi. İkinci kursun sonu idi. Evdə mühazirə dəftərimi açanda Ələk­bə­rin xətti ilə yazılmış bu cümləni oxudum: “Sən bilmirsənmi ki, mən səni sevirəm”. İki gün utandığımdan instituta gəlmədim. Dərsə gələndə üzünə də baxa bilmirdim. Dərs başlayandan sonra gəlib yanımda əyləşdi. Əvvəlcə atam razı olmur evlənməyimizə. “Mən özgə rayona qız vermərəm”—deyirdi. Bizi tanıyanlar bilirlər. Aramızdakı sevgi dastanı idi. Sevgi dastanlarının sonu həmişə facilə ilə qurtarır. (kövrəlir) Universiteti bitirəndən sonra bizim təyinatlarımız Bakıya veriləndə ailədə vəziyyət dəyişdi. Anam dedi ki, gənclər ki, bir-birlərini sevirlər, bu dəfə elçi gəlsələr, verək qızı. Bu sözü eşitcək tez Ələkbərə zəng vurmaq istədim. O vaxt mobil telefon yox idi, evdən də zəng vura bilməzdim, qonşunun qızı ilə poçta getdim.

...Evləndik. Bakıda Sovetskidə darısqal 2 otaqlı evdə yaşayırdıq. Ancaq o ev mə­nim gözümdə dünyaydı. Hər şeyimiz vardı, ən əsası özü, mən və uşaqlar birlikdəydik. Son­ra onu işi ilə əlaqədar “Azərbaycan gəncləri” qəzetindən Mərkəzi Komitənin xətti ilə komsomol məktəbinə Moskvaya oxumağa göndərdilər. İki il orda oxudu. Həmin müd­dət­də tək qaldım uşaqlarla. Ancaq tətil və bayramlarda gəlirdi. Cəmi bir dəfə Moskvaya getdim yanına. 1984-cü ildə onu Saatlı rayon komsomol komitəsinə I katib təyin etdilər. Mən isə onda “Yazıçı” nəşriyyatında işləyirdim. İşdən çıxmaq istəmirdim. İnstitutu bitirən vaxt mənim təyinatımı əslində Radio və Televiziya Şirkətinə vermək istəyirdilər. Ələkbər etiraz etdi, dedi ki, mən o qızla ev­lə­nə­cəm, qoymayacam televiziyada işləməyə. Mən əslində ərköyün böyümüşəm, ancaq Əkbər nə deyirdisə, düşünürdüm ki, elə belə də olmalıdır. Çox sonralar dərk etdim ki, bu içimdə ona qarşı sevgimdən irəli gəlir. Təyinatımı “Yazıçı” nəşriyyatına verəndə razılaşmışdı. Deyirdi ki, bu qadın sənətidir, həm də ora ziyalı mühiti idi. ...İşgüzar idi, onun işi ilə əlaqədar bir müddət analıq məzuniyyətim bitənə qədər Saatlıda yaşadıq. İki dəfə həmin vəzifəyə seçildi. Lakin mənim analıq məzuniyyətimin bitməsi ilə əlaqədar 1989-cu ilin noyabrında yenidən Bakıya köçdük. Mərkəzi Komitəyə işini dəyişdilər, ancaq bir gün də olsun, işə gedə bilmədi. O hadisə oldu. Təsadüfə bax ki, onun qırx mərasimi keçiriləndə Bakıda 20 yanvar şəhidləri torpağa tapşırılırdı. Yalnız Ələkbərdən sonra mən inandım ki, dünyada hamı ölə bilər. O vaxta qədər ölümə başqa cür baxırdım. Böyük qızım Günayın on yaşı, sonbeşik Turalımın 2 yaşı vardı. Dörd uşaq­la həyata davam etməli oldum. Mənə çətin idi. Bir uşaq xəstələnəndə məcbur olub, dörd uşaq­la əl-ələ gedirdim poliklinikaya. Onları kimsəyə etibar etmirdim. Çətin günlərimdə ilk olaraq, Allah, sonra isə anam, bacı-qardaşlarım, yaxınlarım dəstək olub. Maddi ba­xım­dan əziyyət çəkməmişik. Ancaq bu həyatda məni ağrıdan uşaqlarımın öz ata­sız­lıq­larını mənə hiss etdirməmələri oldu. Sonra, uşaqlarım böyüyəndən sonra etiraf ediblər ki, “bizim anamız yox, atamız var, sən bizə sərt olmusan”. Arada onlar elə deyəndə əvvəllər pis olurdum. Hansısa sərt söz deyəndən sonra gecələr yatmırdım, içimdə ağlayırdım, onlar yatandan sonra başlarını tumarlayır, əzizləyirdim. O cür sərt olmağa məcbur idim. Çünki bir həyat kredom vardı” atalı qızın özü böyüyər, atasız qızın özü”. Şükürlər olsun ki, övladlarım mənim əməyimi hədər etmədi, hər zaman özlərini doğrulda bildilər. Hələ o vaxtlar mənə tez-tez ziyalı insanlar deyirdilər ki, bir mövzu götür, müdafiə elə. Razılaşmırdım. Əkbərin çiynimdə qoyduğu yükləri layiqincə daşımalıydım, azaltmalıydım. Övladlarımı hər tərəfli böyütmək, boya-başa çıxarmaq mənim diplomum, mükafatım, disser­ta­si­yam­, akademiyamdır. Qızlarım Günayı, Güneli, Lamiyəni el adətiylə köçürmüşəm. Dörd nəvəm var. Oğlum Tural isə nişanlıdır.

-“Yazıçı” nəşriyyatında tanınmış yazıçılarla işləmək yəqin ki, maraqlı olardı.

-Əlbəttə. 1978-ci ildən 1995-ci ilə kimi Yazıçı nəşriyyatında klassik ədəbiyyat, folklor və çoxcil­d­lik­lər şöbəsində işləmişəm. Nəşriyyat əsl həyat məktəbi idi. Ziyalı mühitlə iş­lə­yir­dik. Ək­rəm Cəfər, Məmmədağa Soltanov, Qulam Məmmədli, Bəxtiyar Vahabzadə, Mədinə Gül­gün, Nigar Rəfibəyli, Rəsul Rza və digər adını çəkmədiyim dəyərli ziyalılar nəşriy­ya­ta gəlirdi. Onlar həqiqətən örnək olan insanlar idi.

-Yadınızda qalan, gülərək xatırladığınız hansı hadisə olub?

-Təyinat zamanı məni kiçik redaktor, qalan məzunları isə korrektor kimi göndərmişdilər. Əj­dər müəllim mənə də korrektura şöbəsinə göndərdi. Etiraz etdim. Dedim ki, məni bura ki­çik redaktor olaraq göndəriblər. O cavabında dedi ki, həqiqətən naşir olmaq istəyir­sən­sə, mütləq korrekturadan başlamalısan. Mən kuryerlikdən başlamışam bu işə. Hə­qiqətən Əjdər Xanbabayev istər işi, istərsə də mənəvi baxımdan ölkənin ən görkəmli poliqrafistlərindən idi. İki il işləyəndən sonra yanına gedib dedim ki, “Əjdər müəllim, mən redaktor keçmək istəyirəm”. O dedi ki, qızım, redaktor keçmək üçün hələ bir neçə kitab redaktə etməlisən. Bizim şöbə də klassik ədəbiyyatla bağlı şöbə idi. O vaxt da Əkrəm Cəfərin təqdimatında Füzulinin əsərləri çap edilmişdi. Onun nəşriyyat redaktoru da mən idim. O kitabı direktora göstərdim, dirəndim ki, redaktorluğumla bu kitab çıxıb. Kitaba baxıb o qədər güldü ki, rəhmətlik. “Ay qızım, nə sən, nə mən, nə Əkrəm Cəfər bizlər Füzulini nəinki redaktə etmək, heç yanından ötüb keçə bilmərik. Sən bunun hərflərini, vergülünü düzəltmisən. Redaktə başqadır.” İki il işləyəndən sonra redaktor keçdim.

O vaxt kitab nəşrinə daha çox ciddi yanaşılırdı. Gənc yazarların kitabının işıq üzü görməsində mühüm rolumuz vardı. Yadımdadı, bir gənc yazar Eyvaz Əlləzoğlunun əlyazmasını nəşriyyatdan qaytarmışdılar. Mənə baxıb dedi ki, axı pis yaz­ma­mı­şam, qaytardılar kitabımı. Mən onun əlyazmasını götürdüm. Əjdər müəllimdən xahiş etdim ki, təzədən özüm baxım əsərə. Oxuyandan onra Əjdər müəllimə dedim ki, buradakı hekayələri oxuyanda çay qırağında başı kəsilmiş otların üstüilə yeridim, onlar mənim ayaqlarımı daladı. Necə bunu çapa verməmək olar?! Həmin əsərə imza atdı və siyahıya saldı. Mənim öz uğurumu onda gördüm ki, gənc və istedadlı bir yazarın əsərinin oxucuya təqdimatında rolum oldu. Bir dəfə də yazıçı Çingiz Əlioğlunun qardaşı yapon yazıçının əsərini təqdim etmişdi. Bəzi çatışmayan cəhətlər var idi, bəzi sözlərin tərcüməsi verilməmişdi, Sabir Rüstəmxanlı baş redaktor idi. Ona dedim, dedi, biz kitab buraxırıq, nə olsun ki, mənim dostumdu. Mənfi rəy yazdım. Müəllif qüsurları aradan qaldırandan sonra əsər çap edildi. Nəşriyyatda bu cür hadisələr çox olurdu. Müstəqilliyimiz bərpa olunandan sonra Kitab Palatası ləğv edildi. Halbuki ölkədə çıxan bütün kitabların nüs­xə­lə­ri oraya təqdim edilir, saxlanılırdı. “Yazıçı” nəşriyyatı bağlanmaq ərəfəsində “Xalq qəzeti”nə gəldim.

- Öz üslub və ənənələri olan “Xalq qəzeti”nə gəlişiniz necə oldu?

-Nəşriyyat artıq bağlanmaq üzrə idi. Qrup yoldaşım Ramiz Əskər o zaman qə­zetdə birinci müavin işləyirdi. O, məni dəvət elədi qəzetə. Məmməd Nazimoğlu ilə məs­ləhətləşib, qəzetin o dövrkü redaktoru Mahal müəllimə dedilər. “Yer varsa, işə gö­tü­rün”. O zaman ancaq korrekturada boş ştat var idi. Məmməd müəllim bircə onu dedi: “Axı o professional, istedadlı jurnalistdi”. Mənim korrektor işləməyimə qıymırdı. Re­dak­tor isə “axı yer yoxdu”—dedi. İlk olaraq həm korrekturada, həm də müxbir kimi işləməyə başladım. Rayona ge­dən­də mənə tapşırdılar ki, elə rayon bazarından bir reportaj hazırlayım. Yazını Məm­məd mü­əl­lim redaktora göstərdi, dedi ki, ab-havasını o qədər canlı təsvir edib ki, qeyri-qanuni pulların yığılması, əllərdə şabaş kimi oynaması və s. bazar müdirinin açıqlama verməməsi. Yazını belə bitirdim ki, “qatar gələnə qədər də gözlədim, gəlib çıxmadı”. Düz­dür, müx­təlif kitablara rəylər, publisistik yazılar, ön söz yazmışdım. Ancaq bazardan re­por­taj mənim qəzetdə ilk yazım oldu.

-Bəs indiyə kimi yaddaqalan, ürəyinizcə olan yazınız hansıdır?

-Yadımdadır, görkəmli dövlət xadimi Əziz Əliyevin yubileyi münasibəti ilə geniş mə­qalə hazırlamağı mənə tapşıranda, heç gözləmirdim. Ancaq bu mənim üçün həm se­vin­cimə səbəb oldu, həm də mənə olan etimadın güclü olduğunu gördüm. O yazını ha­zır­lamaq üçün oğlu Tamerlan müəllimlə söhbətləşdim. Məqalənin sanballı, ətraflı alınması üçün müsahibə ilə yanaşı, dövri mətbuatda getmiş məqalələri də nəzərdən keçirib, təhlil etdim. ...Söhbətlərdən elə maraqlı da yazı alındı. Lakin “Niyə o yazını məhz Zərifə yazdı?”—deyə məqaləyə qısqanclıqla yanaşanlar da oldu. İclasda Məmməd müəllim ayağa qalxıb dedi: “ O yazını Zərifə xanımdan başqa kim bu cür ətraflı yaza bilməzdi. Bu­ra­da Əziz müəllimin istər dövlət xadimi, istərsə də, ailə başçısı kimi portreti var”. Mən hər zaman çalışdığım “Xalq qəzeti”ndə bir qələm sahibi kimi öhdəmə düşən işi vicdanla görmüşəm, hər zaman buna çalışmışam. Zaman-zaman müxtəlif rubrikalarda çıxış etmişəm. “Adın şərəflidir sənin ey qadın” rubrikası altında Əzizə Cəfərzadə, Maral Rəhmanzadə, Rəhilə Həsənova, Xavər Vəkilova və digər qadınlardan müsahibələr unutmadığım və ürəyimə yaxın yazılar olub.

-Dönüb geri baxanda nələri itirib, nələri qazandığınızı görürsüz?

-Ən böyük itkim Ələkbəri itirməyim oldu. Həyatım başqa cür də ola bilərdi. Ondan son­ra artıq diqqətimi əvvəlkindən də artıq uşaqlarıma yönəltdim. Bir mövzu götürüb uğurla mü­dafiə edə bilərdim, yaradıcılığıma daha çox vaxt ayıra bilərdim. Ancaq onların üs­tün­dən xətt çəkdim. İtirdiklərim o oldu. Mənəvi baxımdan isə yarımı itirdim. Bir insan bü­töv, tamdı, Əkbəri itirməyimlə tam ortadan bölündüm. Yağışlı havada əlimdə kuloklar ba­zar­­dan evə gələndə göz yaşlarım səssizcə yanağımdan axırdı. Ancaq heç kim görə bil­mir­di ki, ağlayıram. Uşaqlarım yatandan sonra gecələr ağlayırdım, sonra səhhətimdə cid­di problemlər yarandı. Çiynimdə elə bir yük var idi ki, bilmirdim neyləyəcəm, sabahı düşünmədən yaşayırdım. Məni yaşadan övladlarıma olan sevgim oldu.

Jurnalistikamızın indiki durumu ilə bağlı nə deyə bilərsiz?

Düzdür, bu gün jurnalistikada xeyli dəyişiklik var, informasiya texnologiyaları, internetin in­kişafı medianın daha da inkişafına öz töhfələrini verir. Bu gün informasiyanı daha çox in­ternetdən alırlar. Lakin neqativ cəhətlər də var. Bu gün reket--hədə qorxu gələn jur­na­list­lə­rə də rast gəlirəm. Təəssüf ki, onların heç birisi bizim fakültəni bitirməyiblər, kənar insanlardır. Çün­ki jurnalistika fakültəsi elə bir məbəddir ki, oranın məzunları tam başqa duyğularla for­malaşırlar, əsl jurnalistika ilə məşğuldurlar. Sovet dövründə jurnalistin yazısına daha çox diqqətlə yanaşırdılar, müxbirin çəkisi vardı. Jurnalist adının çəkisi hüquqşunas səviyyəsində tutulurdu. Ancaq hansı dövrdə yaşamasından asılı olmayaraq, istedadlı qələm sahibinin yeri hər zaman görünür, yazıları oxunur. Çünki zaman hər şeyi ələk­dən ke­çi­rir.

-60 yaşda hansı təbrik ürəyinizcə olar?

-Allah haqq-hesab günümüzü yüngül etsin. Bilərəkdən-bilməyərəkdən etdiyimiz günahları bağışlasın. Bir də..... Bir də övladlarım məndən sonra fikir etməsinlər. Təqdiri ilahi de­sin­lər. Həyatda məni yaşadan övladlarımın sevgisi və nəvələrimdir. Nəvələrimin şirin dillə “nənə”—deyib məni qucaqlamaları elə ən gözəl təbrikdir.

Söhbətləşdi: Əfsanə BAYRAMQIZI

Oxumağa davam et
Reklam
Reklam

Gündəm