Mehriban Əliyeva: “Mən qadın olaraq siyasi və iqtisadi azadlıqlara üstünlük verirəm“
Bizi izləyin

Qırmızı.az

Mehriban Əliyeva: “Mən qadın olaraq siyasi və iqtisadi azadlıqlara üstünlük verirəm“

Mehriban Əliyeva: «Qadınların iqtisadi azadlığı kişilərlə bərabərlikdə onlara əmək azadlığı və digər azadlıqları vermiş olacaq»

«Mən qadın olaraq siyasi və iqtisadi azadlıqlara üstünlük verirəm. Bu, qadınlara imkan verəcək ki, onlar ölkənin bütün həyatında, bütün siyasi-iqtisadi sahələrində fəal iştirak edə bilsinlər. Bununla da onlar öz azadlıqlarını bərqərar etmiş olacaqlar. Qadınların iqtisadi azadlığı kişilərlə bərabərlikdə onlara əmək azadlığı və digər azadlıqları vermiş olacaq». Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclasda etdiyi çıxışda bu fikirləri işlədib.

Mehriban Əliyeva qadınların uzun müddət tarixdə öz haqları uğrunda mübarizə apardıqlarını vurğulayıb: «Onlar get-gedə dövlət dairələrində daha yüksək yerlər tuturlar. Qadınlar digər sahələrdə olduğu kimi, iqtisadi azadlıqların qazanılmasında da uğurlar əldə ediblər. Müxtəlif ölkələrdə yaşayan qadınların nailiyyətləri bu mübarizənin çox uğurlu olduğunu göstərir. Əksər ölkələrdə qadınlar onlara məxsus olan əmlak ilə bağlı çox çətinliklərlə rastlaşıblar. Bu proseslər indi də davam edir. Milyonlarla qadının fundamental azadlığı hər gün – hətta üçüncü minillikdə də pozulur. Ayrı-seçkilik dünyanın çox yerlərində - həm Şərqdə, həm də Qərbdə müxtəlif formalarda mövcuddur».

Heydər Əliyev Fondunun prezidenti qeyd edib ki, keçirilən tədbir həm qadınların rastlaşdığı problemlərin müzakirəsinə, eyni zamanda, təcrübə bölgüsünəə, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların qadınların hüquqlarının təşviqi işinə cəlb olunmasına imkan yaradır: «Qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir. Bu, Azərbaycanda qadınlar üçün təhsil imkanlarının daha da genişləndirilməsi sahəsində özünü göstərib. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi məktəb Azərbaycanda açılıb. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılıb. Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ verib və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən edib. Azərbaycan 20 il bundan əvvəl öz müstəqilliyini yenidən qazanıb. Açıq cəmiyyət, demokratiya və inkişaf yolunu tutan ölkəmiz dövlətçiliyin qurulması sahəsində çoxlu çətinliklərlə üzləşib. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bunun nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemləri durur.

Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün çox sürətlə inkişaf edən ölkədir. Bizim sürətli iqtisadi inkişafımız dünyanın rekordlarını vurub. Sürətli iqtisadi inkişafımız Azərbaycan qadınları üçün yeni imkanlar açıb. Azərbaycan qadınları fəal surətdə ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərir, dövlət qulluqçuları, parlament üzvləri, vətəndaş cəmiyyətinin fəalları kimi çalışırlar. Bundan başqa, qadınlar arasında çox bacarıqlı tələbələr, müəllimlər, professorlar var. Həmçinin qadınlarımız prioritet məsələlərdə çox fəaldırlar. Məsələn, biz Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul etdik. Bundan başqa, 2008-ci ildən ölkədə qadın məsələləri üzrə Tədbirlər Planını həyata keçiririk. Bu Plana əsasən, qadınların sosial-iqtisadi hüquqlarının qorunması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Azərbaycanın digər mədəniyyətlərə və dinlərə münasibətdə qədim tolerantlıq ənənələri var.

Biz müxtəlif beynəlxalq forumlarda iştirak etmişik. Bu forumlarda çoxşaxəli biliklərimizi, bu sahədə olan təcrübələrimizi bölüşmüşük. Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən mədəniyyətlərarası dialoq da, bu forum da qadınların cəmiyyətdə nə dərəcədə fəal rol oynamasını, bu sahədə nə qədər fəal olmasını bir daha göstərib».

Azərbaycanın birinci xanımı XXI əsrdə də ədalətsizliyə rast gəlindiyini bəyan edib: «Təəssüf ki, bugünkü həyatda bizim uşaqlarımız hələ də müharibələrin, müxtəlif münaqişələrin, qəddarlıqların baş verdiyi, tolerantlığın olmadığı bir dünyada yaşayırlar. Çox önəmli olan insan hüquq və azadlıqları qorunmalıdır. Bundan başqa, BMT-nin Minilliyin İnkişaf Məqsədləri geniş şəkildə, vaxtında yerinə yetirilməlidir».

Çıxışının sonunda M.Əliyeva keçirilən görüşün insan haqlarının, xüsusilə də qadın haqlarının, hüquqlarının qorunması sahəsində bütün məqsədlərə nail olmaq kömək edəcəyinə əminliyini vurğulayıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm