Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ADU-da
Bizi izləyin

Qırmızı.az

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ADU-da

Bu gün noyabrın 3-4-də Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Dillər Universitetində (ADU) oldu. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov noyabrın 4-də nümayəndə heyətini qəbul etdi. Qonaqları salamlayan rektor, professor Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu bildirdi. O, səfirliyin dəstəyi ilə ADU-da macar dilinin tədrisindən danışdı. Rektor universitetdə 22 dilin tədris olunduğunu, Macar dilinin Regionşünaslıq və Beynəlxalq münasibətlər və Filologiya fakültələrində Macar dili və mədəniyyətinin öyrənildiyini nəzərə çatdırdı.

Səmimi qəbula görə təşəkkür edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. O, Azərbaycan və Macarıstan arasında qarşılıqlı əlaqələrin strateji əməkdaşlığa çevrildiyini bildirdi. Nazir P. Siyarto Macar dilinin universitetdə tədrisini yüksək qiymətləndirdi. O, təhsil sahəsində əməkdaşlığa böyük önəm verdiyini və ikitərəfli əlaqələrin inkişafı üçün təhsilin vacib amil olduğunu söylədi.

Görüşdən sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Dillər Universitetinin tələbələrinə mühazirə oxudu. O, mühazirəsində dünyada, eyni zamanda ölkəsində gedən iqtisadi siyasət və quruluş dəyişikliklərindən, iqtisadi sahədə gedən rəqabətdən söz açdı.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Sonda Azərbaycan Dillər Universiteti adından ali qonağa milli ornametləri özündə əks etdirən xalça hədiyyə olundu.

Sonra Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etdi. Mükafatlandırmanın gözəl bir sürpriz olduğunu söyləyən rektor Səməd Seyidov Macarıstan Prezidentinin layiq gördüyü mükafatı almaqdan şərəf duyduğunu bildirdi. O, hər iki ölkənin parlaq gələcəyi naminə bu mükafatın yalnız ona məxsus deyil, eyni zamanda Azərbaycan və Azərbaycan Dillər Universiteti üçün olduğunu dedi. Rektor Səməd Seyidov Azərbaycan və Macarıstanın dəyərlərinin qorunmasında hər zaman ən yaxşısını etmək istiqamətində addımlar atılacağına əminliyini ifadə etdi.

Qeyd edək ki, nazir Peter Siyarto noyabrın 3-4-də Azərbaycanda rəsmi səfərdədir. O, səfəri çərçivəsində nazir Azərbaycanın xarici işlər, iqtisadiyyat və sənaye, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirləri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbəri ilə görüşəcək. Bundan başqa Macarıstan nümayəndə heyəti Bakıda olduğu müddətdə Macarıstan mədəniyyətinə həsr edilmiş tədbirdə iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm