Təzəpirdə Aşura - REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Təzəpirdə Aşura - REPORTAJ - FOTOLAR

Bu gün İslam dinində həm də “qətl günü” adlandırılan Aşura günüdür. 1369 il əvvəl İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə Yəzid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirildi. İmam Hüseynin əhli-əyalı isə Yəzidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edildi. Bəzi müsəlmanlar İmam Hüseynin şəhid edildiyi günü – Aşuranı matəm günü kimi qeyd edirlər. Məhərrəmin 1-i ilə 10-u arasında gülmək, ət yemək, yeni geyim geyinmək, yeni işə başlamaq məqbul sayılmır.

Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da bu gün qətlə yetirilən peyğəmbər övladları yad edilir. Minlərlə insan bu faciəli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedib nəzir verir və ehsan paylayırlar.

Bu gün fotoqrafımızla birlikdə Bakıda Aşura mərasiminin keçirildiyi məscidlərdən birinə - Təzəpir məscidinə üz tutduq. Səhər saatlarından paytaxt əhalisinin məscidlərə axını başlamışdı. Məscidə gələnlərin sayı çox olduğundan həmin ərazilərə maşınların girişinə məhdudiyyətlər qoyulmuşdu. Gələnlərin hərəsi bir məqsədlə gəlmişdi. Bura xəstə və ehtiyacı olanlara qan vermək üçün gələnlər yenə də üstünlük təşkil edirdi. Havanın soyuq və yağışlı olmasına baxmayaraq, qan vermək üçün növbəyə dayanan insanların axınını görəndə insani dəyərlərin hələ də yaşadığının şahidi olmaq qürurvericidir. Müsəlman şəhidlərin ruhunu yad etmək, niyyət edərək ehsan paylamaq və ölən şəhidlərin və ya yaxınlarının ruhuna yasin oxutmaq üçün məscidə üz tutanlar da var idi.

Bu il qan verənlərlə bərabər məscidin qarşısında dilənənlərin də sayı çoxalmışdı elə bil. Məscidə çatanda ilk öncə bizi qarşılayan yarıçılpaq qaraçı uşaqları oldu. Əvvəlcə az-az adamlar gözə dəyirdisə, get-gedə gələnlərin də sayı artırdı. Lakin gücləndirilmiş iş rejimində çalışan daxili işlər orqanlarının əməkdaşları məscidin giriş və çıxışını nəzarətdə saxlayırdılar.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura mərasimlərini məscidlərdə, ibadət ocaqlarında, habelə xüsusi ayrılmış məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirməyi, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmasını, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad etməyi tövsiyə edir. Qurum hər il əhalini müqəddəs məkanlarda nizam-intizamı gözləməyə, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verməməyə çağırsa da, bu il də “ya Hüseyn” deyib sinəsinə döyənlər, zəncir vuranlar tapıldı. Lakin bu il Təzəpir məscidində zəncir vurmaq simvolik xarakter daşıyırdı və qan çıxaranlar yox idi.

Artıq bir neçə ildir ki, Aşura günü qanvermə aksiyaları təşkil olunur. Bu il də QMİ və Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ənənəvi qanvermə aksiyaları keçirildi. Qan vermək üçün əhali səhər saatlarından növbəyə dayanmışdı. Səhiyyə Nazirliyinin, Qan Bankının və 2 saylı poliklinikanın briqadaları Təzəpir məscidində idilər. Burada qan vermək üçün yaxınlaşan hər kəsin şəxsiyyəti müəyyən edilir, ilkin müayinədən keçirilir, təzyiqi ölçülürdü. Səhhətində problem yarananlara ilkin yardım göstərilirdi.

Aşura günü ilə əlaqədar keçirilən qanvermə aksiyasında Şeyxülislam Allahşükür Paşazadə də iştirak etdi. O, bu gün şəhidləri yad etmək, qan verməklə xəstə uşaqları sevindirməyin savab olmasından danışdı.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün ümumilikdə 15 dini ibadət ocağında qan verilib. Bakıda isə 9 məntəqə xidmət göstərib. Könüllü qanvermə aksiyalarında qan verənlərin sayı 4043 nəfər təşkil edib. Saat 15:00-a olan məlumata görə, ümumilikdə 1600 litr qan toplanıb. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm