Azərbaycanlılar yaşayan “Şanxay”dan REPORTAJ – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlılar yaşayan “Şanxay”dan REPORTAJ – FOTOLAR

50-ci illərdə Keşlə qəsəbəsinin Hacı Salman adlı sakini Çinin Şanxay şəhərinə gedir. Geri qayıdanda ondan oraların necə yer olduğunu soruşurlar. O da cavab verib ki, “Vallah elə bizim qəsəbə kimidir. Evlər balaca, qatarlar da evlərin arası ilə hərəkət edir”. Və o vaxtdan Keşlədəki həmin o ərazini qəsəbə sakinləri “Şanxay” adlandırmağa başlayırlar...

"Şanxay" günorta çağı...

Etiraf edim ki, Bakının “Şanxay”ı haqqında ilk dəfə mənə bu qəsəbədən reportaj hazırlamağı tapşıranda eşitdim. Bakıda qatarların evlərə yaxın yerdən keçdiyini eşitmişdim, amma bu qədərini bilmirdim. Yağışlı və soyuq bir gündə fotoqrafımızla birlikdə üzü "Şanxay"a doğru yola düzəldik. Biz "Şanxay"a çatanda günorta idi. Əslində bu ərazinin şəhərin mərkəzində olması da məni təəccübləndirdi. Qəsəbəni Bakının ucqarında təsəvvür edirdim. Qəsəbəyə girişdə bizi zibil yığınları qarşıladı . Qəsəbə haqqında ilk təəssüratımız da buradan yarandı. Bir qədər irəlidə isə bizi bu zibilxanadan daha dəhşətli mənzərə gözləyirdi. Qatarlar evlərin yaxınlığından deyil, az qala içərisindən keçir. Hətta bəzi evlər relslərə o qədər yaxındır ki, qatar keçəndə qapını açmaq belə mümkün deyil. Elə evlər var ki, heç küçə qapısı üçün yerləri yoxdur, evlərin qapısı birbaşa relsin üzərinə açılır. Sakinlərin sözlərinə görə, bəzən olur ki, qatar dayanıb onların yoldan çıxmasını gözləyir. Qatar qəsəbəyə çatanda sürəti tamamilə azaldır. Xüsusən də yaz-yay aylarında qatar gələn zaman küçədə oynayan uşaqlar arasında bir çaxnaşma düşür, gəl görəsən. Hamı bir-birinə dəyir. Uşaqlar çığıra-çığıra qaçır. Maşınını sürüb yoldan çıxaran kim, qaçıb canını qurtaran kim... Əgər maşınistlər qatarları saxlayıb camaata yol verməsələr, ölənlər saya-hesaba gəlməzdi. Sakinlər axırıncı dəfə qəzanın ay yarım bundan qabaq olduğunu dedilər. Xoşbəxtlikdən ölən, xəsarət alan olmayıb, qatar yolundakı maşını əzərək keçib.

Qəsəbədə ilk gördüyümüz şəxs isə Qarabağ müharibəsi əlili Şamo Sadıqov oldu. Bir az jurnalistlərdən narazılıq edən keçmiş döyüşçü qəsəbəyə mətbuat nümayəndələrinin tez-tez gəldiyini, lakin bəzilərinin həqiqətəuyğun olmayan, təhrif olunmuş formada reportaj hazırlamalarından gileyləndi. Deyir ki, 1953-54-cü illərdə bünövrəsi qoyulan bu qəsəbənin istənilən nöqtəsinə 1976-77-ci illərdə yanğınsöndürən də, “KamAZ” da, avtobus da, bir sözlə bütün nəqliyyat vasitələri işləyirdi. Şamo dayı deyir ki, əgər qəsəbəyə baxan olsaydı, bura Azərbaycanın ən yaxşı yerlərindən biri olardı. O, qəsəbədə gecə ilə ev tikib səhər evə köçənləri heç qınamır da, əgər qeyri-leqal icazə verməsələr, vətəndaş da tikə bilməz axı...

Qəsəbənin söküləcəyi ilə bağlı gəzən söz-söhbətə inanamyan Qarabağ döyüşçüsü deyir ki, buna o zaman inanar ki, ərazidə yerləşən Neftayırma zavodu bağlansın, ya da köçürülsün. 5 nəfərdən ibarət ailəsini cəmi 45 manatla dolandıran keçmiş döyüşçü ümumilikdə qəsəbədən narazılıq da etmədi. Deyir ki, qəsəbənin köçürülmək söhbəti vaxtaşırı gündəmə gətirilsə də, onlara bununla bağlı heç bir rəsmi məlumat verilməyib. Şamo dayı qəsəbənin ən böyük problemini işsizlik olduğunu deyir. Deyir, yaşı 30-u keçənlər harada iş tapsa, beşəlli yapışırlar ki, əlindən çıxmasın.

Qəsəbə Milli Qəhrəman, polis baş leytenantı Pəhləvan Fərzəliyevin adını daşıyır. Həm də öyrəndik ki, bura bir çoxlarının təsvir etdikləri kimi quldurxana deyil. Qəsəbənin öz qanunları var. Burada hamının xeyiri də, şəri də bir olur. İnsanlar bir-birinin çətin günündə yanında olur, kömək edir. 1976-cı ilin payızından 38 ildir bu qəsəbədə yaşayan Şamo dayı iki dəfə infarkt keçirməsinə və yük götürməsinə həkimlərin qadağa qoymasına baxmayaraq, əlində yükü olan bir qadın görəndə dərhal ona kömək edir. Onun sözlərinə görə, burada “sənin, mənim bacım” söhbəti yoxdur, “bizim bacımız” var.

Keçmiş döyüşçüdən öyrəndik ki, Sovet dövründə burada yaşamaq daha təhlükəli idi, qatarlar xeyli çox idi, uşaqlara görə narahatçılıq var idi. Əlimizdən gələn Şamo dayıya can sağlığı arzulamaq oldu, bu arzuyla ondan ayrılıb üzü qəsəbəyə doğru yollandıq.

Qatar relslərindən ibarət küçələr

Qəsəbənin küçələri (küçə demək mümkündürsə) qatar relslərinin üzərində yerləşir. Burada küçəyə çıxmaq, küçədə hava almaq relslərin üzəri ilə gəzişməkdən ibarətdir. Bu küçələrin birində iki qadın söhbət edirdi. Nisbətən yaşlı qadını görən kimi tanıdım. O, qəsəbə haqqında mətbuatda hazırlanan reportajın qəhrəmanı Sevil Hacıyeva idi. Özü bizə yaxınlaşıb qəsəbənin problemlərindən söz açdı. Deyir 20 ildir bu vəziyyətdə yaşayır. 35-36 ailənin olduğu ümumi həyətdə, 1 otaqda məskunlaşıb. Sevil xanım bizimlə söhbətində burada bədbəxt hadisələrin tez-tez baş verdiyini dedi:

“Naxçıvandan Bakıya bacısıgilə qonaq gələn 14-15 yaşlı oğlanı qatar necə parça-parça etmişdisə, bu mənzərə gözlərimin önündən getmir. Qonşudakı qadının bir ayağını qatar dibindən qoparıb. Əslində, uşaqlar da təhlükəyə alışıblar. Qatarın səsi gələn kimi oyuncaqlarını götürüb relsin üzərindən evə qaçırlar”.

44 yaşlı Rəhimə Babayeva da qatarların ən çox keçdiyi məhəllədə qalır. 2002-ci ildən burada yaşayan qadın darısqal, rütubətli, heç bir şəraiti olmayan evini bizə göstərdi. Deyir ki, tez-tez vaqonlar aşaraq evləri uçurur. Elə onun evinin hamamını qatar bir neçə dəfə aşırsa da, birtəhər yenidən tikib düzəldib. Amma ora da hamam demək olmaz. Darısqal, nəm və çox bərbad bir otaq idi. Rəhimə xanım deyir ki, buradan nə vaxt köçürüləcəklərini dəqiq bilsəydi, bəlkə, yaxınlarının köməyi ilə hamamını təmir etdirərdi.

Rəhimə xanım deyir ki, evinin qarşısındakı küçədən qatarlar bəzən 10 dəqiqədən bir keçir. Keçəndə isə qatarın səsindən televizorun səsini belə eşitmək mümkün olmur

Öyrəndik ki, buradakı evlərin kanalizasiyaları da bərbad vəziyyətdədir. İydən küçədən keçmək mümkün deyil. Bəzi evlər kənardan yaxşı görünsə də, çoxunun içərisi kanalizasiya probleminə görə yaşamalı deyil. Tez-tez daşan kanalizasiya xətlərini maşınla təmizləsələr də, maşın zir-zibilini küçəyə tökə-tökə gedir.

Nə şəhər, nə kənd...

Qəsəbə nə şəhər, nə də kənddir. Bütün çətin və təhlükəli yaşam tərzinə baxmayaraq, bura həm də çox maraqlı yerdir. Buranın insanları da bir başqa cürdür. Hamı bir-birinin dərdinə şərik olur, kimin nə problemi olursa, qonşular yığışıb kömək edirlər. 82 yaşlı Güllər nənədən öyrəndik ki, bura 50-ci illərdə gəlib məskunlaşıblar. O zaman onlara deyiblər ki, tez qeydiyyata düşün, buralar tezliklə söküləcək. Lakin həmin vaxtdan 50 ildən çox keçsə də, hələ də ərazidəki evlər sökülməyib, əksinə, məskunlaşanların sayı artıb. Sakinləri ən çox düşündürən isə “sökülsə, hara gedəcəyik?” sualı idi. “Heç olmasa, babat pul versələr, biz də özümüzə ev-eşik qura bilərik”, deyirlər.

Sökülən evlərin kv.metrinə 1200 manat kompensasiya veriləcək

Məhəllədə oynayan uşaqlardan öyrəndik ki, Şanxayda ölümsüz qəzalar adi haldır. Qatarlar dəfələrlə evlərin hasarlarını uçurub, dəfələrlə relsdə dayanan avtomobilləri bütün küçə boyu sürüyərək evlərin hasarlarını uçura-uçura gedib. Ölən heyvanların, toyuq-cücənin, pişiklərin sayı isə hesaba gəlmir. 13 yaşlı Maarifin sözlərinə görə, bu yaxınlarda qatar onların ördək balalarını doğrayıb keçmişdi. Hər şey bir tərəfə qalsın, onu bilirəm ki, bu həyəcan, qorxu, təşviş içərisində yaşamaq insan ömrünü nə qədər azaldır. Sakinlər yeganə ümidlərini buranın sökülməsinə bağlayıblar. Qəsəbədə yaşayanlardan onu da öyrənə bildik ki, bu yaxınlarda 900-ə yaxın təhlükəli ev qeydiyyata alınıb. Sakinlər deyir ki, sökülən evlərin kv. metrinə nə qədər pul ödəniləcəyi açıqlanmasa da, kv. metrinə 1200 manat kompensasiya veriləcəyi ilə bağlı söz-söhbət dolaşır. Onu da öyrəndik ki, qəsəbənin sökülməsi 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarından sonra mümkün olacaq.

Qəsəbədən elə bu təəssüratlarla da ayrıldım. Qatarı iki saatdan artıq gözləsək də, gəlib çıxmadı. Qatarı gözləməyə nə yağış imkan verdi, nə də vaxt.

Hələlik 885 ev söküləcək

Keşlə Şanxayının nə vaxt söküləcəyi ilə bağlı məlumat öyrənmək üçün Nəqliyyat Nazirliyi Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Publika.az-a verdiyi məlumata görə, təhkim zolağında tikilən və yüklərin daşınmasına mane olan evlərlə bağlı nazirliyə məlumat verilib:

“Respublika ərazisində dəmiryolunun ətrafında yerləşən 2840 ev qeydə alınıb. Ancaq buna Nəqliyyat Nazirliyində baxılıb və müəyyən edilib ki, bunlardan 885-i sökülməsi təxirəsalınmaz olan qeyri-qanuni tikilidir. Biz evləri siyahıya alırıq ki, hansı təhkim zolağına düşdüyünü müəyyən edək. Kompensasiya məsələsinə gəlincə isə, bu məsələ dövlətin işidir, bizə aid deyil”.

N.Əzməmmədov deyir ki, dəmir yollarının üzərində tikilən evlərə görə qatarlar zavodlara apardıqları yükləri boşalda bilmir, məcburən digər stansiyada boşaldırlar.

“Həmin ərazidə təhlükəsizliyi təmin etmək məqsədilə biz qatarları ən aşağı sürətlə yola salırıq. Sakinlər qatar yoluna çirkab suları axıtdıqlarına görə relsdə olan taxtalar çürüyür. Sakinlər öz əşyalarını, tullantılarını qatarın üzərinə yığaraq ərazidən çıxarırlar”.

Qəsəbənin aşıb-daşan problemlərinə aydınlıq gətirilməsi üçün Nizami Rayon İcra Hakimiyyətinə zəng vurduq. Qurumdan təsərrüfat şöbəsilə əlaqə saxlamağımızı məsləhət gördülər. Adıçəkilən şöbə ilə günlərlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı. Qurumun zənglərə verdiyi əhəmiyyətdən qəsəbənin problemlərinə yanaşması da aydın idi.

Əziz "şanxay"lılar, başınızın çarəsini özünüz tapın və çalışın salamat qalın!

Gülnar Əliyeva

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm