İnformasiya cəmiyyətinin inkişafı üçün yeni strategiya hazırlanıb
Bizi izləyin

Qırmızı.az

İnformasiya cəmiyyətinin inkişafı üçün yeni strategiya hazırlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən cari ilin 9 ayı ərzində informasiya cəmiyyətinin inkişafı, “E-hökumət” həllərinin tətbiqinin genişləndirilməsi, İKT-nin cəmiyyətdə tətbiqi və əhalinin İKT biliklərinin artırılması istiqamətində də ardıcıl işlər görülüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın həyata keçirilməsi üzrə 2014-2017-ci illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanıb, aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb, tədbirlər üzrə tələb olunan maliyyə vəsaitləri müəyyənləşdirilib və hazırda Maliyyə Nazirliyi ilə razılaşdırılır.


Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir.


Hesab olunur ki, strategiya üzrə tədbirlərin icrası nəticəsində cəmiyyətin hərtərəfli inkişafı üçün informasiya cəmiyyətinin yaratdığı bütün imkanlardan bəhrələnməyə əlverişli şərait yaradılacaq. İKT sektorunun əsas göstəriciləri inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri səviyyəsinə çatdırılacaq, İKT infrastrukturu inkişaf etdiriləcək və əhalinin artan tələbatını qabaqlayaraq müasir texnologiyalardan inkişaf üçün bəhrələnməyə imkan verəcək, bölgələr, sosial qruplar arasında və digər növ “rəqəmli fərqlilik” azaldılacaq, rəqabətədavamlı İKT sənayesi formalaşacaq, ÜDM-də İKT, poçt və informasiya sektorunun payı artırılacaq. Həmçinin internet azadlığı, informasiya əldə etmək kimi universal dəyərlər təmin ediləcək, vətəndaşların hüquq və azadlıqlarının reallaşdırılması üçün müasir texnologiyalar yardımçı olacaq, genişzolaqlı internet xidmətləri universal xidmətlərə aid ediləcək və ölkə ərazisində genişzolaqlı internet xidmətlərinə çoxçeşidli və müasir texnologiyalar əsasında çıxış imkanları genişləndiriləcək, internet magistrallarına alternativ və yüksəksürətli birləşmələr təmin olunacaq, tranzit informasiya imkanları genişləndirilməklə, Azərbaycan regionun İKT xidmətləri bazarının aktiv iştirakçısına çevriləcək.


Eyni zamanda, distant təhsil, elektron ticarət, telesəhiyyə və digər müasir xidmət növlərinin geniş tətbiqi, kosmik sənayenin inkişafı, İKT sektorunun inkişaf tempinə uyğun kadr hazırlığı sisteminin formalaşdırılması, informasiya təhlükəsizliyinin səmərəli qorunması və s. kimi əsas məqsədlərə nail olunacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm