Nazirlik gözdən əlillər üçün bina tikdirir
Bizi izləyin

Qırmızı.az

Nazirlik gözdən əlillər üçün bina tikdirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən məlumat verilib.

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub.

Eyni zamanda, hazırda ƏƏSMN-nin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə “Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması” layihəsinin icrasına başlanılıb.

Eyni zamanda, nazirliyin sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi” layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir.

"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən isə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən edilir.

Xatırladaq ki, 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Günüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm