Azərbaycanda kənd qadınlarıyla bağlı layihə hazırlanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda kənd qadınlarıyla bağlı layihə hazırlanıb

Kənd qadınlarının biznes sahəsində fəallığının artırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi pilot-layihə həyata keçirir.

Komitənin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin məsləhətçisi Aynur Veysəlovanın Publika.az-a verdiyi məlumata görə, “Kənd qadınlarının sosial-iqtisadi həyatda iştirakının artırılması” layihəsi BMT-nin inkişaf proqramı ilə birgə həyata keçirilir. Artıq Sabirabad rayonunda pilot-layihənin icrasına başlanılıb. Layihənin məqsədi evdar qadınların da özünü cəmiyyətdən kənarda hiss etməməsi, evdə bişirdiyi yeməklər, şirniyyatlar, əl işləriylə belə özünü reallaşdıra bilməsi və gələcəklərini təmin etməsinə yardım məqsədi daşıyır.

A.Veysəlovanın sözlərinə görə, komitə bu qadınların biznes qurması, sığortalanması, lisenziya alması, maliyyə vəsaitlərinin tapılması ilə bağlı təlimlər keçir. Hazırda onlarla belə qadına təlim keçildiyini deyən A. Veysəlovanın sözlərinə görə, layihə pilot olduğundan yaxşı nəticələr verərsə, gələcəkdə digər rayonlarda da həyata keçirilə bilər:

“Bizim ilkin olaraq Sabirabadda həyata keçirdiyimiz yeni layihədən sonra artıq bir neçə qadın iş həyatına başlayıb. Rayonda bununla bağlı resurs mərkəzi yaradılıb. Bu gün evdə oturan qadın artıq iş qadınına çevrilir. O həm maddi cəhətdən ailəsinə xeyir verir, həm də özünü bir şəxsiyyət kimi yetişdirib formalaşdırır. Bu o deməkdir ki, layihəmiz uğurlu alınıb və gələcəkdə digər rayonlarda tətbiqi də mümkündür”.

A.Veysəlovanın sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı komitənin “Dayaq-mentorluq” layihəsi həyata keçirilir. Layihə çərçivəsində bələdiyyə sədri, bələdiyyə üzvü olan qadınlarla iş aparılır. Həm monitorinq, həm də bir maarifləndirici xarakter daşıyan layihə nəticəsində mövcud vəziyyəti öyrənmək və qadın sədr olan və ya qadın üzvləri olan bələdiyyələrdə işin gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub: “Bələdiyyələrin işinin artırılması yerlərdə olan bir sıra ailə problemlərinin həllində çox vacibdir. Bələdiyyə sədri və ya üzvü boşanmaların qarşısını ala bilər, valideynlərlə, ailə üzvlərilə söhbətlər apara bilər. “Dayaq-mentorluq” layihəsi çərçivəsində məişət zorakılığın qarşısının alınması, qadınların idarəetmədə fəaliyətinin daha da gücləndirilməsi, qız uşaqlarının təhsildən yayınması, erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirici işlər aparılır”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm