Şeyx: "Azərbaycanda bütün dini icmalar dövlətin maddi-mənəvi yardımından yararlanır"
Bizi izləyin

Qırmızı.az

Şeyx: "Azərbaycanda bütün dini icmalar dövlətin maddi-mənəvi yardımından yararlanır"

"Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsi olaraq, dövlətin diqqət, qayğı və himayəsini eyni dərəcədə üzərlərində hiss edirlər. Məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, yeniləri inşa edilir, bərpa və yenidənqurma işləri həyata keçirilir". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransda deyib.

A.Paşazadə bildirib: "Heç bir din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz ibadətlərini, dini bayram və ayinlərini icra edirlər. Mühüm olan odur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulmuşdur".

Şeyxülislam vurğulayıb ki, Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir: "Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Vətəndaşlarımızın demokratik insan hüquqları, o cümlədən dini etiqad azadlıqları qanunla təsbit və təmin olunur. Bu gün siz Azərbaycanda dini-mənəvi irsə ehtiramı, tolerantlıq ənənələrini bilavasitə müşahidə edib dəyərləndirmək imkanına maliksiniz. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə birgə keçirdiyimiz Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirdə tolerantlıq sahəsində nailiyyətlərimizi bölüşmək haqqını qazanmağımız, heç şübhəsiz, bu sahədə nailiyyətlərimizə verilən yüksək dəyərdir".

QMİ sədri qeyd edib ki, xalqımızın milli-mənəvi və tarixi irsinə istinad edən Azərbaycanın ümumbəşəri ideyaların carçısına çevrilməsi bizim üçün böyük qürur mənbəyidir: "Bu, tolerantlığın dövlət siyasətinin ayrılmaz hissəsi olaraq bünövrəsini qoymuş ulu öndərimiz Heydər Əliyevin yoludur və bu uğurlara görə biz onun ruhuna borcluyuq. Allah ona rəhmət eləsin!"

A.Paşazadə bildirib ki, Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib: "2010-cu ildə Azərbaycanda dini liderlərin ümumdünya sammitini keçirdik. Dünyanın ənənəvi dini mərkəzləri bu sammitdə təmsil olundular. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq mədəniyyətlərarası dialoq forumlarının təşəbbüskarı, multikulturalizm ideyasının dünya miqyasında fəal müdafiəçisidir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətində də tolerantlığın beynəlxalq müstəvidə təşviqi prioritet istiqamətlərdən birini təşkil edir".

Onun sözlərinə görə, cəmiyyətlərin sabitliyi və tərəqqisini təmin edən mühüm dəyərlər mövcuddur ki, onların sırasında dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti önəmli yer tutur: "İndi dünyada çoxmədəniyyətlilik - multikulturalizm ətrafında geniş fikir mübadiləsi gedir. Bəziləri bunu öz mədəniyyətləri üçün təhlükə hesab edir, bəziləri etinasız yanaşır. Lakin müxtəlif mədəniyyətlərin bir arada olmasını bizim o bir olan Yaradanımız özü istəmişdir. Bu, təqdiri-İlahidir və biz, din xadimləri bu həqiqəti sizlərə çatdırmaga borcluyuq. Qurani-Kərimdə buyurulur: "Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara ayırdıq" (Əl-Hücurat, 49).

Şeyxülislamın fikrincə, bu bir danılmaz həqiqətdir ki, dünyamızın üzləşdiyi siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi böhran durur. Məhz mənəviyyat sahəsində baş verən problemlər həyatımızın bütün sahələrində fəsadlı əksini tapır: "Allahın yaratdığı ən böyük dəyər insandır və onun həyatının xilası tolerantlıqdan - müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Bu məqamı torpaqları erməni işğalçıları tərəfindən zəbt olunmuş xalqımız hətta Qarabağ münaqişəsinin həlli ilə baglı məsələdə də unutmur, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları əsasında ədalətli sülh yolu ilə həllində israr edir. Biz BMT-nin məlum qətnamələrinə əməl olunmasını tələb edir, ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyirik".

Bütün Qafqazın şeyxi əlavə edib ki, bu gün həm də Milli Dirçəliş Gününü qeyd edən Azərbaycan milli-mənəvi dəyərlər üzərində qurulan müasir hüquqi, dünyəvi dövlət modelinin parlaq nümunəsidir: "Bizim uğurlarımızın təməlində milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bəyan etmiş dövlət rəhbərimiz İlham Əliyevin fəaliyyəti, müxtəlif mədəniyyət daşıyıcısı olan vətəndaşlarımızın bir ailə kimi yaşaması, xalqımızın bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməsi durur. Ölkəmiz hər zaman ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir və bu, bizim bugünkü və gələcək nailiyyətlərimizi şərtləndirir".

Onun sözlərinə görə, ATƏT-lə birgə keçirilən buğünkü tədbir Azərbaycan xalqının və dövlətinin ümumbəşəri amallar uğrunda beynəlxalq təşkilatlarla əməkdaşlıqda əməli addımlarından biridir: "Bu, xalqımızın tolerantlığının, ölkəmizin dünya miqyasında dialoqa hazırlıq ruhunun təcəssümü və Qafqaz Müsəlmanları İdarəsinin bu əhəmiyyətli prosesdə yaxından iştirakının bariz nümunəsidir. Biz bugünkü tədbiri uğurlu addım kimi dəyərləndiririk və bu istiqamətdə səylərin davamlı olmasına tərəfdarıq. Biz əvvəllər də dini mərkəz olaraq beynəlxalq təşkilatlarla, o cümlədən BMT, YUNESKO, Avropa Şurası ilə əməkdaşlığının vacibliyini bildirmiş, bu beynəlxalq təşkilatların nəzdində xüsusi nümayəndəliklərimizin yaradılması yönündə addımlar atmışıq və bu proses davam edir".

A.Paşazadə deyib ki, Qafqaz Müsəlmanları İdarəsi hər zaman belə təşəbbüsləri dəstəkləməyə, bu yöndə əməli addımlar atmağa hazırdır.

Qeyd edək ki, konfrans ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, Azərbaycan hökuməti, QMİ və UNESCO üzrə Azərbaycanın Milli Komissiyası tərəfindən birgə təşkil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm