Azərbaycanda ayaqqabı bazarı - ayaqdan gələn ölüm
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ayaqqabı bazarı - ayaqdan gələn ölüm

Ayaqqabının rahat və keyfiyyətli olması, gündəlik iş rejiminə də təsir edir. Küçədə qanıqara, axsaya-axsaya gedən adam görsəniz, əmin olun ki, ayağındakı ucuz və keyfiyyətsiz ayaqqabıdır. Ayaqqabının verdiyi azacıq ağrı bəzən insanın gününü zəhər edə bilir.

Bir də görürsən ki, küçədə çox gözəl bir qız gedir, ayağında da hündürdaban ayaqqabı. Ayaqqabının dabanları sağa-sola o qədər əyilib ki, qız az qalır, üzü üstə asfalta dəysin. Və yaxud da yayın istisində, ictimai nəqliyyatda yanında dayanan kişinin ayaqqabılarından gələn iy az qala insanı həyatdan küsdürür. Ətrafdakı hamı bir-birinin üzünə təqsirkarı axtarırmış kimi baxır.

Ayaqqabı haqqında ən gözəl sözü isə, Koko Şanel deyib: “Mən ayaqqabıların necə hazırlandığını görəndən sonra ayağımda bir arsenal kimyəvi maddə daşıdığımı anladım”.

Ayaqqabıların rezin altlıqları zərərli kadmiy, polivinilxlorid altlıqlar isə ftalatlarla zəngindir. Adını kimya dərslərindən eşitdiyim maddələr dərimizlə birbaşa təmasa girir. Dərimiz müxtəlif dəri xəstəlikləri ilə üz-üzə qalır.

Başmağımı ayağıma taxıb düşürəm şəhərin ayaqqabı satışı bol olan ərazilərinə. O ərazilər ki, çoxluq ayaqqabı axtaran kimi ora üz tutur. Belə ayaqqabı mağazaları əsasən metroların içində, girişində olur.

“İnşaatçılar” metrosunun içində sıra ilə düzülmüş ayaqqabı mağazalarının birinə yaxınlaşıram. Satıcı qız deyir ki, ayaqqabıların hamısı Çin malıdır. Çinin Uyğur vilayətinin Urumçi rayonunun fabrik və sexlərində tikilən ayaqqabılar Bakıya gətirilir. Forma və dəri sifarişə görə təyin olunur. Gündəmi izləməyən malgətirənlər isə ciddi pul itkisi verir. Satıcı qızın dediyinə görə, hər keyfiyyətdə, hər qiymətdə mal var. Ən ucuz ayaqqabı 4 manat, ən bahalısı isə 85 manatdır. Onun dükanında yalnız qadın ayaqqabıları var. Qızın sözlərinə görə, qadınlara keyfiyyətdən çox, dəbdə olan fasonlar maraqlıdır. Ondan malların keyfiyyətinə görə alıcıların tez-tez narazılıq edib-etmədiklərini soruşuram. Satıcı deyir ki, son vaxtlar narazılıqlar artıb. Yay ayaqqabıları əsasən yüngül və ipli olduğuna görə tez qırılır. Bu da qadınları əsəbi halda dükana gəlib ya ayaqqabını dəyişdirməyə, ya da pulu qaytarmağa məcbur edir. Adətən davanın sonu ayaqqabını dəyişdirməklə bitir.

Başqa bir dükanın satıcısı Orxan kişi ayaqqabıları satır. Onun sözlərinə görə, kişilər daha çox ucuz mal axtarır. Ən çox da ki, orta yaşlılar və yaşlı nəsil ucuz mala qaçır. Kişi ayaqqabıları adətən, 8 manatdan 65 manata qədərdir. “Vyetnamka” tipli yay ayaqqabılarını, sandalları isə 4-5 manata da tapmaq mümkündür. Orxan deyir ki, kişi ayaqqabılarının çoxu Çindən gəlir. Çin malı ilə yanaşı, yerli sexlərdə hazırlanmış ayaqqabılar da yaxşı satılır. Kişilər üçün ayaqqabının görünüşü elə də önəm daşımır. Cavan oğlanlar daha çox laklı, uzunburun klassik tipli ayaqqabılar alırsa, orta yaş qrupu üçün formanın elə bir əhəmiyyəti yoxdur. Yetər ki, ayağına otursun və qiymət münasib olsun.

Nəyə görə kişi ayaqqabılarından bu qədər iy gəldiyini soruşanda satıcı bunu belə izah etdi ki, kişi ayaqqabılarında istifadə olunan dəri bir az qalındır. Həm də az aşılanmış dəridir. O deyir ki, yaxşı sata bilir, hazırlanma, gətirilmə, keyfiyyət haqda heç bir məlumatı yoxdur.

“28 May” metrosunun yaxınlığında tarixə düşəsi bir çəkməçi dayı var, adı Hilaldır. Onun adını köhnə içərişəhərli Hacı Namiq babadan eşitmişəm. Hacı Namiq babanın dediyinə görə, Bakıda sağ qalmış “könə ceyillərin” hamısı ayaqqabılarını Hilal kişiyə tikdirir. Onun əlindən çıxan ayaqqabı ilə lazım gəlsə, pay-piyada Həccə də getmək olar.

Çəkməçi Hilal dayı isə sirrini belə açıqlayır ki, onun tikdiyi ayaqqabıların dəriləri döyülüb aşılanmış dəridir. Çoxu da İrandan gəlir. İrana isə həmin dərilər Əfqanıstandan gətirilir. Onun tikdiyi ayaqqabıların ən ucuzu 150 manatdır.

Qiyməti eşidib şoka düşürəm. Dayı deyir ki, ucuz ayaqqabı tikib atasını söydürmür. İllərdir ki, eyni adamlara ayaqqabı tikir. Bu da ona bəs edir. İrandan gələn dərini necə əldə etdiyini soruşanda isə, Hilal dayı deyir ki, əmisi oğlanları Təbrizdə hallı, pullu kişilərdir. Dəri, ipək işi ilə məşğuldular. Vaxtaşırı onun sifarişlərini Təbrizdən gələn avtobusla göndərirlər. Sovet dövrü nə işlə məşğul olduğunu soruşuram. Gəncliyində bir müddət texniki peşə məktəbində dərs deyib. Muharibə illərində isə, atasının sənətini öyrənib uşaqlarını dolandırıb. Əl qabliyyətinin yaxşı olduğunu görən Bakı camaatı onun yanına axışıb.

Hilal dayı deyir ki, onun düzəltdiyi ayaqqabılardan hələ şikayət edən olmayıb. Nə bir iy, nə qoxu söhbəti ola bilməz. İndiki Çin malı ayaqqabıların ayaqlarda yaratdığı xəstəliklərdən xəbərdar olduğunu deyən qoca çəkməçi gənclərin bu sahəyə marağının azaldığından heyfsilənir.

Qadınlara niyə ayaqqabı tikmədiyini soruşanda deyir ki, onların nazı ilə oynamağa həvəsi olsaydı, 32 il dul yaşamazdı.

Ayaqqabı mağazalarına “səyahət” günümü “Nərimanov” metrosunun girişindəki palazın üstündə qalaqlanmış, əzik-üzük ayaqqabı topasının yanında davam etdirirəm. Ayaqqabıları satan xala deyir ki, malları aldığı adam Çindən ayaqqabıları tonla gətirir. Ayaqqabıların əslində keyfiyyət baxımından o birilərdən elə də fərqi yoxdur. Sadəcə olaraq bu ayaqqabılar Çinin ucuz sexlərində tikilir. Ona görə bu qədər ucuzdur.

“Sahil” metrosunun yaxınlığında yerləşən ayaqqabı mağazasına girirəm. Satıcı qız gülümsünüb üstümə elə qaçır ki, elə bil əziz adamını görür. Alıcı olmadığımı biləndə təbəssümünü dodağında qurudub məlul-məlul üzümə baxır. Ayaqqabıların çoxunun Türkiyədən gətirildiyini deyir. Türk malının baha olmasına səbəb isə həm keyfiyyətli olması, həm də Türkiyədə pərakəndə ayaqqabı satışının baha başa gəlməsidir. Satıcı xanım mağazalarında Çin malının da satıldığını, lakin, Urumçi yox, Pekin malı olduğunu deyir. Pekin malı isə, Urumçidən fərqli olaraq keyfiyyətli və bahadır.

Şəhərin məhşur uşaq paltarı mağazalarından birində ayaqqabıların altındakı marka adlarına baxıram. Demək olar ki, hamısına “Qnomik” yazılıb. Rus markası olsa da, satıcı xanım deyir ki, ayaqqabıları çinlilər Ninjni Novqorodda yerləşən ayaqqabı sexlərində tikirlər. Ayaqqabılar küçədə, metroda satılan Çin istehsalı olan mallardan keyfiyyətlidir.

Düzpəncəlilik kimi xəstəlikdən əziyyət çəkən uşaqlar üçün isə ayaqqabılar yalnız Türkiyədən və baha qiymətə gəlir. Bu mallar “ortopedik ayaqqabı” adlanır. Ən ucuzu 50, ən bahası isə 190 manata satılır.

Küçədə satılan uşaq ayaqqabılarından gileylənən satıcı deyir ki, valideynlər ucuz qiymətə qaçıb uşaqların ayaqlarının formalaşmasına zərbə vururlar. Eyni zamanda da müxtəlif xəstəliklərin virusunu uşaqların ayağına düşməsinə şərait yaradırlar.

Ayaqqabıların keyfiyyətsizliyi və yarada biləcəyi xəstəliklərlə bağlı həkim–dermatoloq Kənan Əhmədov deyir ki, yayda temperatur yüksələn kimi, ayaqda təbii olaraq tərləmə artır. Tər də ayaqdakı göbələk mikrobunun canlanmasına səbəb olur və dəriyə nüfuz edir. Beləliklə, ayaqda göbələk xəstəlikləri insanı narahat etməyə başlayır. Tərləməni, göbələk xəstəliyini artıran amillərdən biri də, mənşəyi məlum olmayan ayaqqabılardır. İndi bazarda satılan ayaqqabıların çoxunun hardan gəldiyi, hazırlanma qaydaları, materialının təhlükəsizliyi alıcıları demək olar ki, fəsadlar meydana çıxdıqdan sonra narahat edir. Ucuz dəridən, çoxlu kimyəvi maddələrin qatqısından hazırlanmış ayaqqabılar ayaqda qızartı və pis qoxu yaradır. Qoxu sonra güclü qaşınma ilə müşahidə olunur.

Kənan Əhmədov onu da qeyd edir ki, uşaq ayaqqabıları bazarı da bərbaddır. İndi hər beş uşaqdan birində dəri xəstəlikləri, qaşıntı, göbələk virusu var. Uşaqlarda dərman qəbulu ehtiyatla olduğu üçün xəstəliyi aradan qaldırmaq da vaxt aparır. Kənan Əhmədov sonda deyir ki, əvvəllər bu qədər dəri xəstəliyi yox idi. Çünki ayaqqabılar daha keyfiyyətli dəridən hazırlanılırdı, istifadə olunan kimyəvi maddələrin miqdarı da bu qədər deyildi.

Müxtəlif ayaqqabı dükanlarında qarşılaşdığım qadınları bir dükandan çıxıb o birinə girdiklərini görürdüm. Hamısı da eyni şikayəti edirdilər: hər yer ayaqqabı ilə doludur, istədikləri keyfiyyətdə ayaqqabı isə yoxdur!

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm