“Fikirləşdim ki, birdən ölməz...” – BİR CİNAYƏTİN TARİXÇƏSİ
Bizi izləyin

Qırmızı.az

“Fikirləşdim ki, birdən ölməz...” – BİR CİNAYƏTİN TARİXÇƏSİ

Neftçala rayonu Mirqurbanlı kənd sakini, 18 yaşlı İnqilab Pirəliyev qonşu kənddə yaşamış Heybət Abbasovu balta və bıçaqla qətlə yetirib. İnsidentə səbəb birinin digərini söyməsi olub.

Belə ki, Heybət Abbasov İnqilab Pirəliyevin nənəsi Naibə Pirəliyevanın işlədiyi yeməkxanaya gəlib və səhərədək burada yeyib-içmək fikrində olduğunu söyləyib. Yeməkxana sahibəsi etirazını bildirdikdə müştərinin söyüşlərinə tuş gəlib.

Nənəsinin təhqir olunması həmin vaxt yeməkxanada olan nəvənin şəstinə toxunub və o, müştəridən qisas almaq qərarına gəlib. Heybət yeməkxanadan çıxandan sonra İnqilab balta götürərək onun ardınca gedib.

Əvvəlcə Heybətin başına çoxsaylı balta zərbələri vurub və hadisə yerindən uzaqlaşıb. Lakin sonuncunun bu zərbələrdən ölməməsi İnqilabı ikinci, üçüncü dəfə hadisə yerinə qayıtmağa vadar edib. Bu dəfə o, qurbanına bıçaqla çoxsaylı zərbələr vurub və beləliklə, baltalı -bıçaqlı, ümumilikdə 21 zərbə vurmaqla onun ölümünə nail ola bilib.

“Nəslimin söyülməsini qəbul edə bilmirdim”

Təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsində qeyd edib:

“Nənəm Neftçala - Xolqaraqaşlı yolunun kənarındakı “Anşad-petrol” idarəsinə məxsus yeməkxananı işlədir. Həmin yeməkxana idarənin fəhlələrinə xidmət göstərir. Mən yeməkxanada nənəmə kömək edərək onun yanında qalırdım.

Yanvarın 8-də yeməkxanada oturub televizora baxırdım. Axşam təxminən saat 9 radələrində - biz yeməkxananı bağlamağa hazırlaşarkən Həsənabad qəsəbəsində yaşayan və atamın keçmiş əsgərlik yoldaşı kimi tanıdığım Heybət yeməkxanaya daxil oldu.

Nənəmdən siqaret istədi. Nənəm ona iki qutu “Şirvan” siqareti verdikdən sonra Heybət cibindən bir şüşə araq çıxararaq stolun üstünə qoydu və bildirdi ki, səhərədək yeməkxanada qalacaq. Nənəm artıq gec olduğunu və yeməkxananı bağlamağa hazırlaşdığını bildirdi. Aralarında mübahisə yarandı. Mən ona stəkan gətirdim və tapşırdım ki, arağını iç, yeməyini ye, çıx get. Biz də evimizə getməliyik.

Heybət bir şüşə arağı içdi, mən ona bir daha xatırlatdım ki, artıq getmək vaxtıdır. O isə heç yerə getməyəcəyini bildirdi. Nənəm ondan növbəti dəfə yeməkxanadan çıxmasını xahiş edəndə nənəmi küçə söyüşləri ilə söydü. Bu dəfə mən ondan yeməkxanadan çıxmasını tələb etdim, ancaq o məni də söydü.

Nənəm hirsləndiyimi görüb məni yeməkxanadan çıxartdı, mən çöldə dayanarkən Heybətin nənəmin, mənim və nəslimizin ünvanına dayanmadan söyüşlər yağdırdığını eşidirdim. Nəhayət, o, yeməkxanadan çıxdı və söyməkdə davam edə-edə kəndlərinə doğru getməyə başladı.

Nəslimin söyülməsini heç cür qəbul edə bilmirdim. Yeməkxanaya girib mətbəxdən ət baltası götürdüm və onun dalınca getdim. Arxadan ona çatıb nəyə görə söyüş söydüyünü soruşdum. O isə söyməkdə davam edirdi. Çevrilib yoluna davam edəndə daha bir neçə addım arxasınca gəlib gödəkcəmin altında gizlətdiyim baltanı çıxardım və başının arxasına baltanın küt hissəsi ilə zərbələr vurdum.

Zərbənin təsirindən yerə yıxıldı, qalxmaq istədikdə başına daha bir neçə zərbə endirdim. Sonra gödəkcəsinin boynundan yapışıb onu yolun kənarında olan beton döşəmələrə tərəf sürüdüm, beton döşəmənin üstünə uzadıb, baltanın kəsici hissəsi ilə alın nahiyəsindən ardıcıl zərbələr vurdum.

Heybət xırıldamağa başladı. Onun öləcəyini fikirləşib baltanı aparıb yeməkxananın yaxınlığındakı tualetə atdım, təxminən yarım saata yaxın yeməkxanada oturdum. Sonra fikirləşdim ki, birdən Heybət ölməz, yola çıxıb kiməsə mənim tərəfimdən vurulduğunu deyər. Ona görə də bıçaq götürüb həmin yerə qayıtdım. Heybət həqiqətən də ölməmişdi, nəfəsi gedib-gəlirdi.

Gözümü yumub sifətinə, boğazına ardıcıl zərbələr vurdum. Artıq Heybətin sağ qalmayacağını fikirləşib yeməkxanaya qayıtdım, bıçığı baltanı atdığım tualetə tulladım, qayıdıb yeməkxanada oturaraq təxminən 45 dəqiqəyə yaxın siqaret çəkə-çəkə televizora baxdım.

Birdən ağlıma gəldi ki, Heybət sağ qalar. Yeməkxanadan daha bir bıçaq götürüb yenə də hadisə baş verən yerə qayıtdım. Onun əllərinin titrədiyini görüb bıçaqla döş qəfəsindən və ürək nahiyəsindən daha bir neçə zərbə vurdum. Sonra yanında oturub bir neçə siqaret çəkdim, gözləyirdim ki, bəlkə hələ də ölməyib. Ancaq bir azdan öldüyünə tam əmin olduqdan sonra yeməkxanaya qayıtdım. Nənəmə Heybəti öldürdüyümü bildirdim.

O, hadisəni eşitdikdən sonra ağlamağa başladı, mən isə yeməkxanadan çıxaraq yaxınlıqdakı “Anşad-petrol” idarəsində xidmətdə olan Qabil adlı polis işçisinin yanına gəldim və adam öldürdüyümü bildirdim. Qabil mənimlə birlikdə yeməkxanaya gəldi, nənəmdən nə baş verdiyini soruşdu, sonra hadisə barədə polis şöbəsinə məlumat verdi, az sonra polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar”.

“Qabil mənimlə yeməkxanaya gəldi, İnqilab yeməkxanada idi”

Şahid qismində dindirilən Naibə Pirəliyevanın ifadəsi əsasən nəvəsinin ifadəsinə uyğundur. Yalnız ifadələrin sonunda ziddiyyət var.

Belə ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra polis əməkdaşına yaxınlaşaraq bu barədə könüllü məlumat verdiyini göstərsə də, şahid bunu təkzib edən ifadə verib:

“Mən İnqilabın adam öldürdüyünü biləndən sonra “Anşad-petrol”un binasında olan mühafizə polisinin Qabil adlı əməkdaşının yanına gəldim, hadisə barədə ona məlumat verdim. Qabil mənimlə birlikdə yeməkxanaya gəldi, İnqilab yeməkxanada idi.

Qabil polis şöbəsinə zəng vuraraq hadisə barədə məlumat verdi, sonra İnqilabı törətdiyi hadisəyə görə danladı. Bir azdan digər polis əməkdaşları yeməkxanaya gələrək İnqilabı polis şöbəsinə apardılar. İnqilabın Heybəti öldürdüyü balta və bıçaqlar yeməkxanaya məxsus olsa da, mən nəvəmin həmin balta-bıçaqları yeməkxanadan çıxarmasından xəbərsiz olmuşam”.

“İnqilab azyaşlı olsa da, cinayətkar əməllərə meylli idi”

Şahid qismində dindirilən Qabil Nurəliyev ifadəsində göstərib ki, 2004-cü ildən “Anşad-petrol” şirkətinə məxsus ofis və inzibati ərazini mühafizə edir. Yanvarın 8-də təxminən saat 16.00 radələrində postu təhvil alaraq xidmətə başlayıb:

“Axşam saat 9 radələrinədək ərazini gəzdim, 21.00 radələrində Naibənin yeməkxanasının qarşısında bir maşının dayandığını və qabaq kapotunun açıq olduğunu, maşının yanında iki nəfərin yeməkxanaya girib-çıxdığını, əllərində nə isə gətirərək maşının açıq olan kapotunun yanına qoyduqlarını gördüm. Sonra həmin maşın işə salındı, İnqilab maşının yanında idi, digər şəxsi isə tanımadım.

Həmin maşın yeməkxananın yanında 15-20 dəqiqə dayandı, sonra çıxıb getdi. Maşın getdikdən bir neçə dəqiqə sonra yeməkxana bağlandı, mən ofisə girdim. Təxminən 10-15 dəqiqədən sonra küçəyə çıxdıqda Naibənin yeməkxanasının açıq olduğunu gördüm.

Ərazini bir də gəzdikdən sonra hava çox şaxtalı olduğundan təkrar ofisə qayıtdım, saat 10 radələrində yeməkxana tərəfdən İnqilabın səsini eşitdim, məlumatım var idi ki, İnqilab azyaşlı olsa da, cinayətkar əməllərə meyllidir, hətta əvvəllər bir neçə dəfə məhkum olunub.

İnqilabın səsindən başa düşdüm ki, sərxoşdur. Çünki o, əvvəllər də sərxoş olarkən bu cür səslər çıxarmışdı. Naibənin yeməkxanası mənim mühafizə etdiyim yerdən 150 metr aralıda olduğundan və mənim mühafizə obyektimə aid olmadığından İnqilabın hərəkətinə fikir vermədim və ofisə qayıtdım.

Gecə saat 2 radələrində Naibə posta gələrək İnqilabın adam vurduğunu bildirdi. Naibədən adamın harada olduğunu, xəstəxanaya aparmaq lazım olub-olmadığını soruşdum, o isə İnqilabın balta və bıçaqla qonşu kənddə yaşayan Heybət adlı şəxsi vurduğunu və sonuncunun öldüyünü söylədi.

Mən dərhal rayon polis şöbəsinə zəng vurub məlumat verdim. Sonra isə Naibə ilə birlikdə yeməkxanaya getdim. İnqilab yeməkxanada oturub pivə içirdi. Əməliyyat qrupu gələnədək İnqilabın qaçmamağı üçün ona nəzarət etdim”.

Məhkəmənin hökmü ilə İnqilab Pirəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm