Şəhriyar Məmmədyarov: “Özümü aldadıram ...“
Bizi izləyin

Qırmızı.az

Şəhriyar Məmmədyarov: “Özümü aldadıram ...“

İstedad, taktika, peşəkarlıq, 18 illik bir təcrübə, yerində və zamanında olan risk və uğur – bütün bu sadalananlar müsahibimizin yaşam tərzinin bir hissəsidir. Rekordları qıran, iki dəfə dünya çempionu olan, məğlub etmədiyi rəqibi olmayan Şəhriyar Məmmədyarovu belə tanımırdınız.

Məşhur qrossmeysterin özü haqqında ən maraqlı açıqlamalarını təqdim edirik:

- İsti yay günlərində necə dincəlirsən?

- Qış aylarındakı gərgin qrafikdən sonra, yayda olan bu sakitliyə adaptasiya olmaq üçün bir az zaman lazım olur. Amma istirahəti, xüsusilə də aktiv istirahəti sevirəm. Dincəlməyi bacarıram. Ailəm, dostlarımla təbiət qoynunda dincəlmək xüsusi zövq verir. Sözün düzü, istiləri bir o qədər də sevmirəm. Qışın şaxtası da mənə görə deyil. Ən sevdiyim fəsil yaz, payızdır.

- Bu qədər peşəkar bir oyun göstərmək yəqin ki, çoxillik bir əziyyətin bəhrəsidir ...

- Əziyyətsiz heç bir mükafatı qazanmaq olmaz. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, inanmıram mənim kimi ikinci bir insan şahmata bu qədər vaxt ayırsın. Bu gün hər hansı bir uğurum keçmişdə şahmata verdiyim önəmin, etdiyim qurbanların nəticəsidir. Amma peşman deyiləm. Sıradan biri olmamaq üçün mütləq əziyyət çəkməlisən. Şahmat mənim üçün hər şeydi, amma özümü onun qurbanı saymıram. Sevdiyim bir işlə məşğulam. Özümü şahmatsız təsəvvür etmirəm.

- Bu qədər həvəs haradandır?

- Atam, əmim şahmat oynamağı bacarırlar. Balaca vaxtı mənə şahmatı əmim öyrətmişdi, rayona gedəndə. Müəyyən zamandan sonra ciddi şəkildə məşğul olmağa başladım.

- Bacıların da şahmatla məşğuldur. 3 şahmatçı bir evdə... çətin deyil ki?

- ... (gülür) Arada elə olur ki, bir-birimizə rəqib də oluruq. Qələbə üçün qarşı-qarşıya gəlirik. Deməzdim ki, çətindir. Əksinə, ətrafında səni başa düşən insanlar olanda daha da ilhamlanırsan. 2010-cu ildə keçirilən şahmat oyunlarında bacım qadınların, mən isə kişilərin kapitanı olmuşdum. Bir evdə iki kapitan... təbii ki, bunun ayrı marağı var. Amma onu qeyd etməliyəm ki, qadın şahmatı kişi şahmatından çox zəifidir.

- Bu, nə ilə bağlıdır?

- Yəqin təbiətin əzəldən qoyduğu bir qaydadır. Kişilər həmişə öndədirlər. Qadınlar kişilər kimi çalışmır. Qadınlarsız bir günümüz olmasın. Amma reallıq oldur ki, kişilər həmişə öndə gedirlər.

- Deyirlər ki, dünyadakı insanlar iki hissəyə bölünür: şahmatçılar və qeyri-şahmatçılar. Bir şahmatçı kimi bu fərqi necə izah edə bilərsən?

- Bu yaxınlarda belə bir statistika oxudum, dünyada 200 milyona yaxın şahmatçı var. Bilirsiniz ki, bizim sahədə yaş həddi yoxdur. Bu sahədə birinci olmaq çətindir. Şahmat oynamaq və professianal oyun nümayiş etdirmək fərqli anlayışlardır. Bu gün oyunun incəliklərini bilməyənlər çoxdur. O ki qaldı fərqə, onu deyə bilərəm ki, şahmatçılar daha taktikalı olurlar.

- Bu taktika yaş tərzinə təsir göstərməyə bilməz...

- Əlbəttə, şahmatçı olmağım mənə çox kömək olur. Qurduğum həyat elə bu məntiqin, strategiyanın üzərindədir. Yaşadığım həyat obrazı, hissiyatlılıq, gələcəyi görmə - bütün bunlara görə şahmata borcluyam.

- Yəqin ki, şahmat lövhəsində özünü bənzətdiyin bir fiqur var?

- Bir dəfə bacımdan bu sualı soruşanda demişdi ki, at fiquruyam. Mənə qəribə gəlmişdi ki, necə özünü fiqura bənzətmək olar? Özümü heç bir fiqura bənzətmirəm və eyni zamanda şahmatı heç bir fiqursuz təsəvvür etmirəm. Hamısı bir-birinə zəncirvari bağlıdır. Şahmat müharibə taktikası üzərində yaranıb. Ən çox qorunan daş şahdır, ən güclü fiqur isə vəzirdir. Vəzir sevdiyim fiqurdur. Mənə həmişə deyirdilər ki, oyun zamanı lövhədə vəzir olmayanda oyunum zəifləyir.

- Deyilənə görə, oyunda riski sevirsən. Buna görə də deyirlər ki, Şəhriyar qəribə oynayır...

- Riski hansısa bir vaxta kimi və zamanında sevirsən. Risksiz oynayanda oyun heç-heçə bitir. Sən isə xalı bölmək istəmirsən. Ona görə riskə önəm verirəm. Hər hansı bir daşı qurban verib oyunu sərtləşdirirsən. Mən həyatda da beləyəm, gözlənilməyən, fərqli addımlar atmağı sevirəm.

- Şagird hazırlaşdırırsan?

- Hələ yox. Özüm professionalam. Öz sirlərimi kiməsə verməyə xəsislik edirəm. Bir dənə gediş tapmaq üçün iki il işləyirik. Zaman keçdickə taktikalar da tükənir. Yenə axtarışdayıq. Ona görə indi yalnız irəli getmək barəsində fikirləşirəm. Amma gələcəkdə əlbəttə ki, belə bir fikrim var.

- Adətən şahmatçılar qapalı olurlar. Bu xüsusiyyət səndə də varmı?

- Bu, normaldır. İstər-istəməz günü 10-12 saat şahmat lövhəsi qarşısında keçirən insan gün ərzində yalnız oyun barədə fikirləşəcək. Məndə fərqlidir. Şahmat həyatımın bir hissəsidir. Amma mən şahmatla yaşayıb-ölmək istəmirəm. Həyatda başqa gözəlliklər də var. Onlara da vaxt ayırmaq mütləqdir. Mən istədiyim vaxt şahmatla məşğul oluram.

- Şahmata bağlılıq şəxsi həyatdakı sevgidə qısqanclıq yaratmır ki?

- Hər şeyin bir zamanı var. Vaxt getdikcə sevgiyə ehtiyac duyursan. Bu zaman sevdiyin işlə, şəxsi həyatdakı sevgi arasında tarazlıq yaratmağa çalışırsan. Bəxtim gətirib ki, sevgidə məni başa düşürlər. Bu münasibətlərdə qarşılıqlı anlaşma çox vacibdir.

- Məğlubiyyətlə barışa bilirsən?

- Mənim üçün məğıubedilməz rəqib yoxdur. Sevinirəm ki, dünyada olan bütün şahmatçılara qalib gəlmişəm. Sonuncu məğlubiyyətim dünya kuboku qalibi Boris Gerfona oldu. Amma ona da qalib gəldiyim oyunlar olub. İndi məğlubiyyətlə barışa bilmirəm. Çünki indi məğlub olmaq olmaz. Onu da qeyd edim ki, beyinə vurulan zərbə daha ağır olur. Bəzən elə məğlubiyyətlər olur ki, 2-3 ay təsirindən çıxa bilmirəm.

- Oyundan əvvəl hər hansı bir ənənən varmı ki, bu ənənənin sənə uğur gətirdiyini hesab edirsən?

- Əslində belə inanclarım yoxdur. Amma artıq neçə ildir ki, yazı yazıram. Nə yazdığımı soruşmayın. Elə hesab edirəm ki, nə yazdığımı desəm, öz sehrini itirər. Düzdür, fikirləşmirəm ki, bu, mənə uğur gətirir. Sadəcə, özümü aldadıram.

- Özün haqqında 3 maraqlı fakt...

- Vegeterian olmuşam. Amma indi bu vərdişdən uzaqlaşmışam.

- Rəngləri seçə bilmirəm.

- Gün ərzində 5 dəqiqədən çox TV-yə baxmıram.

Pərvanə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm