Azərbaycan quş qripi yayılan ölkələrdən quş əti idxal etmir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan quş qripi yayılan ölkələrdən quş əti idxal etmir

Azərbaycan yüksək patogenli quş qripinin yayılması hallarının qeydə alındığı Böyük Britaniyadan, Almaniyadan və Niderlanddan quş əti və onun əsasında hazırlanmış məhsullar idxal etmir.

Bunu Trend-ə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, sadalanan məhsullar Azərbaycana Türkiyə, ABŞ və Braziliyadan gətirilir: "Hazırda quş əti və onun əsasında hazırlanmış məhsulları idxal etdiyimiz ölkələrdə epizotik vəziyyət sabitdir. Əgər həmin ölkələrdə quş qripi halları qeydə alınarsa, onlardan quş məhsullarının idxalına qadağa qoyacağıq və sadalanan məhsulları digər ölkələrdən alacağıq".

Y.Xanvəli qeyd edib ki, ümumilikdə Azərbaycanda quş qripi üzrə epizotik vəziyyət sabit olaraq qalır: "Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının üzvüdür və təşkilatın qaydalarına uyğun olaraq biz epizotik vəziyyətin sabit olduğu ölkələrdən mal və quş əti idxal edirik".

Onun sözlərinə əsasən, ölkədə quş qripinin xəbərdar edilməsi üzrə növbəti monitorinq artıq start götürüb, monitorinqin nəticələri noyabrın 28-də açıqlanacaq.

Monitorinqi Dövlət Baytarlıq Nəzarəti Xidməti, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri aparırlar. Monitorinq köçəri quşların müvəqqəti qaldığı yerlərdə - Abşeron yarımadası, Şabran, Ağcabədi və Lənkəran rayonlarında milli park və qoruqlarda, həmçinin respublikanın sahilyanı və digər zonalarında aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm