Evləri var sökük-sökük... REPORTAJ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Evləri var sökük-sökük... REPORTAJ - FOTOLAR

“Yağış yağır, suyun içərisindəyik. İstirahətimiz yoxdur. Uşaqlar bu xaraba yollardan keçib məktəbə gedir. Köçəri quş kimiyik. Nə demirlər qalın, nə demirlər gedin. Elə bil tikan üstündə oturmuşuq. Qorxu içində yaşayırıq. Bu gün gələcəklər, sabah gələcəklər... Hələ gözləyirik”.

Bakının Bayıl qəsəbəsində robinzonlar yaşayır. Bura cəngəllik deyil, heç uzaq ada da deyil, şəhərin mərkəzi, Bayıl qəsəbəsi, 6-cı döngə, Arif İsmayılov küçəsi 26-dır. Yaxınlıqda Su İdman Sarayı tikildiyindən ətrafda yaşayan sakinlərin bir hissəsinin evi sökülsə də, qalan evlərin aqibətinin necə olacağı bəlli deyil. Söküntü nəticəsində bir çox evlər qəzalı vəziyyətə düşüb. Ərazidə yaşayan Elena Klyuçnikin Publika.az-a bildirdiyinə görə, söküntü işlərindən sonra evlərinə gələn qaz və su xətləri qırılıb. Evin damı sıradan çıxıb. Ailə məcburiyyət qarşısında qalaraq öz şəxsi vəsaiti hesabına uçan damı bərpa edib. Bu evdə 40 ilə yaxındır ki, yaşadıqlarını deyən E. Klyuçnikin sözlərinə görə, onlara aqibətlərinin necə olacağı ilə bağlı məlumat verən yoxdur:

“Qonşuların evi sökülüb, biz qalmışıq. Bizə deyirlər gözləyin. Söküləcək, ya sökülməyəcək, bilmirik. Bilsək ki, sökülməyəcək, evimizi təmir edib oturardıq. Qorxu içərisində yaşayırıq. Ancaq işığımız gəlir. Bütün güc kondisionerin üzərinə düşdüyündən ötən ay elektrik enerjisinə 700 manat pul vermişik”.

Evlərinin qəzalı vəziyyətə düşdüyünü deyən Bayıl sakinin sözlərinə görə, iki dəfə güclü yağış yağsa, ev uçacaq. Qəzalı vəziyyətə saldıqları evin problemlərilə isə heç kim maraqlanmır.

Sakinlərdən aldığımız məlumata görə, onlara sökülən evlərdən bu tərəfdə qalan ərazilərin hasarlanacağı ilə bağlı məlumat verilib. Sakinlərdən həm də onu öyrəndik ki, sökülən evlərə kvadrat metrə görə fərqli məbləğ verirlər. Belə ki, bəziləri hər kvadrat metrə görə 900-1000 manat alıblar. Elə sakinlər var ki, 600 manat aldıqlarını deyirlər. Lakin ərazidə yaşayanlar bu məbləğin onları qane etmədiyini deyirlər. Onların bildirdiklərinə görə, heç olmasa, 1500 manat verilməlidir ki, əhali başqa yerdə ev ala bilsin.

Arif İsmayılov küçəsinin sakinlərinin əsas tələbi o idi ki, onlara evlərinin sökülüb-sökülməyəcəyilə bağlı dəqiq məlumat verilsin. Evlərinin 4 aydır nömrələndiyini deyən sakinlərin sözlərinə görə, bu yaxınlarda onlara məhkəmə bildirişi gəlməyib. Məhkəmə bildirişi 3 il əvvəl gəlsə də, hələ də evlərin sökülməsindən xəbər yoxdur.

Sakinlərin sözlərinə görə, bu ərazilərdə neçə illərdi yaşayırlar. Evlərinin də bütün sənədləri qaydasındadır. Əksəriyyətin yaşadıqları əraziyə qeydiyyata alınması üçün məhkəmə qaydasında qətnamələri, eləcə də daşınmaz əmlakları ilə bağlı yerli icra hakimiyyətindən sərəncamları və bələdiyyədən qərarları var. Hətta bəzi sakinlərin Dövlət Reyestr Xidmətindən yaşadıqları mülkün onların mənzili olmasıyla bağlı sənədləri də var. Onlar həmçinin indiyə qədər qaz, su, elektrik enerjisinə görə hər ay haqq ödədiklərini də deyirlər.

Səbail Rayon İcra Hakimiyətinin şöbə müdiri İsrafil Kərimovun Publika.az-a verdiyi məlumata görə, icra hakimiyyətinin nümayəndələri iki gün əvvəl ərazidə olublar. Hazırda həmin ərazidə heç bir söküntü işləri getmir: “Orada söküntü işləri 6-cı döngəyə kimi aparılıb, Su İdmanı Sarayının ətrafında bütün ərazilər sökülüb. Oraları həyət-həyət sökürlər. Söküntü aparmaq üçün dövlət qərarı olmalıdır. O olmayanda, biz heç nə deyə bilmirik. Onu bilirəm ki, bu gün həmin ərazidə söküntü işləri aparılmır və nə vaxt olacaq, onu da bilmirəm” .

Sakinlərə gələcək aqibətlərinin necə olacağı ilə bağlı məlumat verilməməsinə gəlincə, rayon rəsmisi bildirdi ki, əgər məlumat verilmirsə, demək, məlumat yoxdur. Onun sözlərinə görə, həmin ərazidə yaşayan sakinlərin çoxu evlərindən köçüb başqa yerə getmək istəyirlər. Bunun üçün də kompensasiya almaq istəyirlər. Söküntü aparılan zaman evlərin qəzalı vəziyyətə düşməsinə gəlincə isə, icra rəsmisi bununla bağlı sakinlərin Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etmələrini tövsiyə etdi. Yalnız müraciətdən sonra müvafiq cavab verilə, köməklik göstərilə bilər.

İndiyə qədər təxminən 150-dən yuxarı evin söküldüyünü deyən İ. Kərimov bildirib ki, əslində sökülən hissə ərazi etibarilə İcra Hakimiyyətinə aiddir: “Ora ərazi baxımdan bizimdir. Kompensasiyanı ödəyən başqa təşkilatdır, yeri təmizləyən başqa təşkilatdır. Kompensasiyanı Maliyyə Nazirliyi müəyyən edir. Bu rəqəm həmin ərazidə köçürülən sənədli evlər üçün kvadrat metrə görə 1500 manat müəyyən olunub”.

Sənədsiz evlərə gəlincə isə İ.Kərimov bildirdi ki, Dövlət Neft Şirkətinin xidməti ərazisində qeyri-qanuni tikilmiş evə əgər kompensasiya verilirsə, bu özü çox böyük bir işdir”.

Qeyd edək ki, bir müddət əvvəl Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivindəki Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq getdiyi bildirilirdi.

Sökülən ərazilər ARDNŞ-ə məxsus torpaqlar olduğundan qurumun mətbuat xidmətindən nə qədər evə məhkəmə bildirişinin göndərilməsi, kompensasiyalar və gələcəkdə sökülməsi nəzərdə tutulan ərazilərlə bağlı məlumat almağa çalışsaq da, bir neçə gün ardıcıl etdiyimiz zənglərə cavab verən tapılmadı. Sakinlərə heç bir kömək edə bilmədiyimizdən gücümüz ancaq onlara tövsiyə verməyə çatır: “Qaragünlüyünüzü qablaşdırın, cənablar!”

Gülnar Əliyeva

Foto: İsmi Şahzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm