"Ermənipərəst" ifadəsini təhqir sayıb, bizi təhqir edən hüquqşünas soydaşıma
Bizi izləyin

Qırmızı.az

"Ermənipərəst" ifadəsini təhqir sayıb, bizi təhqir edən hüquqşünas soydaşıma

Əziz dostlar, 3 gündür Avropa Birliyinin Batumi Forumunda sıradan reportyor kimi işləməkdəyəm. Hazırladığım xəbərləri yəqin ki, çoxlarınız oxuyub. O xəbərlər sayəsində Forum ölkəmizdə və region dövlətlərində maraqla izlənməkdədir. Lakin mənim yaydığım xəbərlər bir çox soydaşlarımızı möhkəm qəzəbləndirib. Nədi-nədi, Çexiya təşkilatı olan “Peeople in Need” barədə “ermənipərəst” yazmışam. Özlərinə əl qatıblar, həşir salırlar. İllərlə salam verdiyimiz, münasibət qurduğumuz, ən kritik anlarında informasiya dəstəyi verdiyimiz bir sıra adamlar dayanmadan təhqir, nifrin yağdırırlar. Sanki “ermənipərəst” ifadəsini bir xarici təşkilata yox, bunların soy ağaclarına yazmışıq.
Hər nə qədər yazsaq ki, xanımlar, cənablar, bu ifadə Forumun azərbaycanlı həmsədri Vüqar Bayramova məxsusdur. Hətta dırnaq içərisində onun fikirləri kimi verdik, ilk olaraq. Çifayda. Rauf Arifoğlunu növbəti dəfə qaralamaq fürsəti yaranıb və başlayıblar...
Vüqar bəy bir mühüm sirri də açıb - bu təşkilat bir ildən çoxdur ki, Vətəndaş Cəmiyyəti Forumunda Dağlıq Qarabağın separatçı ermənilərini tamhüquqlu heyət kimi Foruma üzv etmək istəyir. Və bununla bağlı dəfələrlə Azərbaycan heyəti ilə dəfələrlə mübahisələr olub. Mən bu təşkilat haqqında ilk olaraq burada – həm də Forumun həmsədri olan Vüqar Bayramovdan eşitdim. Xəbərdə də hər dəfə milli heyətimizin üzvlərindən xahiş edirdim ki, onun adını necə yazmaqda mənə kömək etsinlər...
Mövzu böyüdü, indi bir sıra yazarlar, o cümlədən də siyasi mühacir olan Elbəyi Həsənli müstəqil araşdırma aparıblar, faktlar əsasında müəyyən ediblər ki, bu təşkilat doğrudan da özünü ermənilərə daha yaxın hesab edir.
Bu yazıları da mənim adıma yapışdırmaq cəhdləri var. Bədxahlarımı anlayıram - onlar futboldan da reportaj yazsam, məni hədəfə götürəcəklər. Lakin hörmət etdiyim, hüquqşünas kimi hər zaman qəzetimizlə əməkdaşlıq edən, bu prosesdə indiyəcən hansısa tənqid söyləməyən Xalid Bağırov da bu xora qoşulanda, istər-istəməz, reaksiya verməli olursan.
Xalid bəy qiymətli adamdır. Cəsarətli hüquqşünasdır.
Məni təhqir edib, qırmızı xətləri keçib – bu, yalnız bir fraqmentdir və mən bir fraqmentə görə yerdə qalanların üstündən xətt çəkəcək deyiləm. Təhqirlərə görə onu məhkəməyə də verməyəcəm. Çətin anlarında informasiya dəstəyi vermişik - bundan sonra da belə olacaq. Lakin Xalid Bağırov da hüquqşünas kimi də, savadlı vətəndaş kimi də, əlində heç bir əsas olmadan bir qəzeti, onun təsisçisini, kollektivini təhqir etməməlidir. Mənim özümü də, kollektivi də yaman deyən ağızlardan qorumaq, hər kəsə həddini bildirmək üçün kimsədə olmayan yüksək imkanlarım var. Lakin dediyim kimi, bu imkanları saydığımız, syğı duyduğumuz insanlara qarşı istifadə etməyə deyil, onların xidmətinə verməyə maraqlıyıq.
Hörmətli Xalid bəyə onun Facebook profilində, məni və qəzetimizi aşağılayan statusunun sonlarında bir cavab yazdım. Lakin sonra onun və başqalarının digər statuslarına baxdım, hesab etdim ki, bu məsələ ictimailəşməlidir.
Aşağıda Xalid Bağırova yazdığım cavabın əsasında bu mövzuya dair fikirlərimi təqdim edirəm. Media istifadə edə bilər.
****
Xalid bey, salam. Gözləmədiyim halda sizdən ardıcıl təhqirlər alıram. Şəxsinizə və gördüyünüz işə hörmət olaraq, hələ ki, susuram, mətbuatda sizə cavab vermirəm. Hesab edirəm ki, sizinlə qəzet olaraq , hər zaman normal əməkdaşlığımız olub. Ən kritik anlarda sizə də, müvəkkillərinizə də informasiya dəstəyi vermişik. Sadəcə sizi feysdə dostluqdan çıxardım - çünki virtual da olsa, belə dost olmaz. Bu, digər virtual dostlara da aiddir. Amma lütfən qırmızı xətləri keçməməyə çalışın. Mən doğru bildiyim və 25 ildir gördüyüm işi görürəm. Məlumat toplayır, xəbər hazırlayır və yayıram. Bir qəzet, 3 saytın təsisçisiyəm. Gündə orta hesabla 200 xəbər yayırıq.
Təbii ki, onların heç də hamısı hər kəsə xoş gəlməyəcək. Və fəaliyyətimiz barədə təbii ki, sizin də, başqaları kimi fikir bildirmək səlahiyyətiniz var. Lakin yüksək səviyyəli hüquqşünasa yaraşmayan ifadələr işlətməyin. Əlinizdə mötəbər, ya da hər hansı sübut, fakt növü olmadan barəmizdə hökm kimi ifadələr yazmayın. Onları haqq edəcək hər hansı bir işimiz olmayıb. Həm də siz hüquqşünas olaraq bilirsiniz ki, ermənipərəst, fransızpərəst, türkpərəst, amerikapərəst, iranpərəst və s. ifadələr təhqir deyil, heç böhtan da deyil. Bunlardan bir-ikisi bizə - azərbaycanlılara təhqir kimi gələ bilər. Lakin “Peeplo in Need” təşkilatının təmsilçiləri sırasında, bildiyim qədər, azərbaycanlı yoxdur. Həm də sizlərə nə düşüb - bu təşkilatın vəkilləri sırasında deyilsiniz, mən bilən. Onlar özləri rəsmi bildiriş yayıb, bunu kompliment kimi qəbul etsələr, nə edəcəksiniz? Bəlkə “ermənipərəst” ifadəsi onları sevindirəcək?
Ona görə də bu qədər narahat olmağa, bu qədər həyəcanlanmağa, hər gün bu təşkilatı dəstəkləyən 3-4 status yazıb, bizi təhqir etməyə dəyməz. Dediyiniz o yazını - bu təşkilatın erməni simpatizanı olması haqda araşdırmanı isə mən yazmamışam, naşir kimi dərc etmişəm. Hesab edirəm, bir hüquqçu kimi bunların da fərqli şeylər olduğunun fərqindəsiniz. Yazını öz təşəbbüsü ilə mühacir jurnalistimiz Elbəyi Həsənli yazıb. Oradakı bütün faktlarsa “Peeple in Need təşkilatının saytından götürülüb.

Zəruri qeyd: Bəzi söyləntilərə cavab olaraq yazıram ki, məni bu tədbirə Avropa Birliyi dəvət edib. Biletimi də, otelimin pulunu da onlar ödəyib. Üstəlik, 3 günümə 90 avro da nəğd pul veriblər ki, ac qalmayım...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm