Azərbaycanın QİÇS xəritəsi – Cənub təhlükədə
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın QİÇS xəritəsi – Cənub təhlükədə

Qazanılmış İmmun Çatışmazlığı Sindromu heç kimin sığortalanmadığı xəstəliklər sırasındadır. Müalicəsi heç də ucuz olmayan xəstəliyin müxtəlif yoluxma üsulları var. Azərbaycanda da xəstəliyə yoluxma halları ildən-ilə artır.

Ümumilikdə, ölkəmizdə QİÇS-ə yoluxmuş insanların sayı 4774 nəfərdir, onların 96%-i Azərbaycan vətəndaşlarıdır. Bu ilin 9 ayına olan məlumata görə, virusa 476 nəfər yoluxub, onların 462-si azərbaycanlıdır. Yoluxmaların 62%-i kişilər, 38%-i isə qadınlar təşkil edir. Bu ilin doqquz ayında 17 nəfər uşaqda xəstəlik aşkarlanıb.

Bunlar rəsmi qeydiyyata götürülənlərdir. Cəmiyyətdə virusa yoluxmuş insanların sayı daha çoxdur.

İİV xəstəliyin ilkin, QİÇS sonuncu mərhələsidir. QİÇS mərhələsində olanların sayı 1477 nəfərdir. Onlar vaxtaşırı müayinə olunurlar.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Publika.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Azərbaycanda QİÇS-ə yoluxma yolları hansılardır?

- Bu xəstəlik qan vasitəsilə, cinsi yollarla və anadan uşağa ötürülmə ilə yoluxur. Azərbaycanda əvvəl olduğu kimi insanlar əsasən qanla yoluxur. Xüsusən də, narkotiklərin venadaxili istifadəsi zamanı insanlar daha çox yoluxur. Narkomanların cinsi partnyorları da risk altında olur, onlar arasında da yoluxmalar artır. Əsas yoluxma yolu qanla ötürülmədir. Yoluxmuşların 56% inyeksion narkotik, 35%-i cinsi əlaqə nəticəsində insanlar təşkil edir, 1.8% anadan uşağa keçmə yoludur.

- QİÇS-ə yoluxma faktı hansı bölgədə daha çox müşahidə edilir?

- Bu xəstəliyə yoluxma faktına görə, birinci yerdə Şirvan şəhəridir. Daha sonra Hacıqabul, Astara, Masallı, Lənkəran və digər cənub rayonlardır.

- Cinsi yolla yoluxma heç də aşağı faiz təşkil etmir. Necə düşünürsünüz, seks biznesilə məşğul olan qadınların bu sahədə məlumatlandırılması bu faizi azalda bilərmi?

- Əlbəttə, biz müxtəlif tədbirlərlə sadə vətəndaşları məlumatlandırırıq. Lakin ilk növbədə, seks-bizneslə məşğul olan qadınlar bu sahədə məlumatlı olmalıdır. Bu xidmətə müraciət edən insanlar prezervativdən istifadəni bir tələb kimi irəli sürməlidirlər. 2011-ci ildə ölkə ərazisində risk qrupları arasında İİV-in yayılma səviyyəsi araşdırılmışdı. Bu il də belə bir araşdırma aparılacaq. Bu araşdırma narkotik istifadəçiləri, kişilərlə cinsi əlaqəsi olan kişilər və seks-biznezlə məşğul olan qadınlar arasında aparılacaq. Onların İİV bilikləri araşdırılacaq, normalara riayət edilməsi müəyyən ediləcək. Seks-bizneslə məşğul olan qadınların bu xəstəlikdən qorunma yolları barədə müəyyən qədər məlumatı olur. Onların sözlərinə görə, çox zaman “kliyent”lər prezervativdən istifadə etməyəcəklərini tələb kimi irəli sürürlər. Araşdırmalar göstərir ki, Avropada insanların təxminən 30%-i xəstəliyə yoluxduğundan xəbərsiz olur. İnsanlar bilməlidirlər ki, nə qədər erkən aşkarlansa, müalicə də o qədər effektli olur.

- Xəstəliyin müalicəsində tez-tez yeniliklər öyrənilir. Bizdə hansı müalicə tətbiq edilir?

- 4774 nəfər rəsmi qeydiyyatdadırsa, onların 2242 nəfəri aktiv antiretrovirus terapiya tətbiq edilir. Bu müalicə dərmanlarla aparılır. Bütün müalicə xərcləri dövlət tərəfindən aparılır. Bəzən İİV-ə yoluxmuş insanı xərəkdə mərkəzə gətirirlər. Bir aylıq müalicədən sonra buradan daha yaxşı şəkildə çıxıb, işlərinə davam edir. İlk növbədə İİV testdən keçənlərin sayını artırmalıyıq. Bu da həm də virusa yoluxmuş insanların təhlükəli mərhələdən qoruyur. Bununla da ölüm halları azalır.

- Nə üçün bütün xəstələrdə müalicə aparılmır?

- Bu xəstəliyin müalicəsinə dəqiq vaxtında başlamaq lazımdır. Vaxtından tez və ya gec başlanmamalıdır. Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət edən insanların nə vaxt müalicəyə başlanması müəyyən edilir. İİV-ə yoluxan insanlar ildə iki dəfə müraciət edirlər, qanda immunitet yoxlanılır, göstəriş olarsa, müayinə başlanılır. Ola bilər ki, virus aşkarlansın, lakin müalicəyə ehtiyac olmasın.

- Uşaqlarda müalicə nə qədər təsirli olur?

- Uşaqlarda İİV-in diaqnoztikası bir az çətin olur. Sonuncu təsdiqləyici məlumat uşaqların 18 ayı tamam olandan sonra bəlli olur. Ana bətnində bu virusa yoluxanlarda da müalicə çox yaxşı effekt verir. Qanda virus demək olar ki, aşkarlanmır. Hamiləlik zamanı İİV aşkar edilən kimi müalicə başlananda, virusun anadan uşağa keçməsi 1%-ə qədər azalır. Dəfələrlə hamilə qadınlarda aparılan müalicə nəticəsində nə ana, nə də uşaqda yoluxma baş vermədiyini müşahidə etmişik. İndi bu virusdan müalicə olunan uşaqlar vaxtında müayinə aparılmayan, testdən keçməyən və antiretrovirus terapiya tətbiq edilməyən qadınlardan yoluxublar.

- Məhkumlar arasında virusun aşkarlanma faizi nə qədərdir?

- İİV aşkarlananların 30%-ə qədəri məhkumlardır. Həmin insanlar əsasən, narkotik istifadəçiləridir. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi bu insanların müalicəsində bizə yardımçı olur. 2007-ci ildən məhkumlar arasında da antiretrovirus müalicəsi aparılır.

- Ölüm nə zaman baş verir?

- Ölüm halları əsasən, özünün İİV-ə yoluxduğunu bilmədiyi hallarda baş verir. İİV-in konkret əlamətləri olmadığına görə, insanlar çox vaxt başqa xəstəliklər üzrə müalicə alır. İİV analizi vermək ağla gəlmir. İnsanlar bilməlidirlər ki, İİV infeksiyası ağır nevroloji, onkoloji xəstəliklərə səbəb ola bilər.

Müalicə olunan insanlarda ölüm halı müalicəni dayandıranda baş verir. Bu virusdan müalicə ömürlük davam edir. Lakin bəzən insanlar bu işi yarımçıq saxlayırlar. Baxmayaraq ki, əvvəlki illərə nisbətən müalicə daha rahatdır. Müasir müalicədə xəstələr gündə iki dəfə dərman qəbul edirlər. Son tədqiqatlarda gündə bir dəfə dərman qəbulu mümkündür. Lakin dərman qəbul edənlər əsasən ağır xəstələr, xüsusən narkotik istifadəçiləridir. O insanların əsas istəyi, narkotiki tapmaqdır. Əlbəttə, bütün xəstələrə aid etmirik, ancaq narkotik istifadəçilərinin dəfələrlə müalicədən imtina etməsi ilə qarşılaşmışıq. Bu virus tez mutasiyaya məruz qalır, müalicə dayandırılan kimi virusda davamlılıq yaranır. Ölümlə nəticələnir.

- Vaxtında müraciətin xəstəliyin müalicəsində effektli olduğunu dediniz. Lakin analiz ancaq QİÇS-lə Mübarizə Mərkəzindədir? Bölgələrdə yaşayanlar da bura gəlməlidir?

- Əksər regionlarda, müalicə müəssisələrində İİV-ə könüllü müalicə məntəqələri yaradılıb. Hazırda bu məntəqələrin sayı 44-dür, 2015-ci ildə 50-yə çatdırılacaq. Bu məntəqələrə müraciət edən şəxslər pulsuz, şəxslərin istəyindən asılı olaraq anonim formada analiz götürülür.

- Razılaşarsınız ki, narkotik istifadəçiləri, yaxud da seks bizneslə məşğul olan insanlar həmin məntəqələrə gəlib müayinə olunmaq istəmir. Lakin virusun əsas daşıyıcıları da məhz həmin insanlardır. Bu qruplarda xəstəliyin aşkarlanması üçün hansı addımlar atıla bilər?

- Risk qrupları üçün səyyar müayinə xidmətlərimiz var. Səhiyyə Nazirliyi tərəfindən ayrılmış maşınlarla risk qruplarının toplandığı yerlərə gedib onları müayinə edirik. Bu zaman həmin insanların razılığı nəzərə alınır. Bir çox Qeyri-Hökümət Təşkilatları həmin insanların toplandığı yerləri tapmaqda bizə kömək edir. 15 dəqiqə ərzində müayinələrə aparılır. Həmin şəxslərlə maarifləndirici tədbirlər keçirilir, onlara qoruyucular verilir. Risk qruplarında olan insanlara maksimum qulluq yaradılmasına çalışırıq. Bakı, Sumqayıtla yanaşı, bu virusun ən çox yayıldığı Gəncə, Şirvan, Lənkəran kimi regionlarda mobil müayinə məntəqələr yaradılıb.

- Diş klinikaları da bu xəstəliyin yayılmasında təhlükəli məkanlardan hesab edilir. Bu fikirlər nə qədər dorğudur?

- Hepatit B və C-nin əsasən bu yolla yayılması müşahidə edilir. Lakin xəstələrimiz arasında diş klinikalarında yoluxma halı müşahidə edilmir. Bununla yanaşı, məsləhət görürük ki, qadınlar salonlara müraciət edərkən fərdi ləvazimatlarını özləri ilə aparsınlar. İİV Hepatit B və C-yə nisbətən daha az davamlıdır. Adi epidemioloji tədbirlərə riayət olunsa, qısa zamanda məhv olur və xarici mühitə davamsızdır.

- Bizdə əsasən xəstəliyin aşkarlanması necə olur? İnsanlar bilərək müraciət edir, yoxsa digər xəstəliklərin müayinəsi zamanı, təsadüf nəticəsində aşkarlanır?

- İnsanlar müraciət edir. Lakin bu əsasən, digər xəstəliklərlə müalicə zamanı həkimlərin məsləhəti nəticəsində olur. Çox vaxt Hepatit B və C aşkarlanan xəstələrə İİV müayinəsindən keçmək də məsləhət görülür. Çünki bu xəstəliklərin yoluxma yolları çox zaman eyni olur. Həmçinin vərəmli xəstələrə də, bu virusla bağlı müayinə tövsiyə edilir. Bir çox hallarda vərəm İİV infeksiyasının xəbərçisi ola bilər.

Hamilə qadınlara da ilk təyin edilən analizlərdə İİV infeksiyası qeyd edilir. Bu da doğulmamış uşaqlarda xəstəliyin aşkarlanmasına kömək edir.

- Milli Məclis nikaha girənlərin icbari tibbi müayinədən keçməsinin məcburiləşdirdi. Nikahdan əvvəl İİV-dən müayinədən keçənlər varmı? İİV aşkarlandıqda nikahdan imtina edənlər olub?

- Bu cür müayinələrə gələnlər var. Lakin hesab edirəm ki, məcburi müayinələr çox da effektli olmayacaq. Əvvəldən müayinədən keçsə belə, sonradan nizamsız cinsi əlaqədə olursa, İİV-ə yoluxa bilər. Bu xəstəlik bədən və davranışla bağlı xəstəlikdir. İnsanların xəstəliklə bağlı düşüncəsi dəyişməlidir. İİV-ə yalnız narkoman, seks-bizneslə məşğul olanların yoluxduğu düşünülür. Lakin heç kim bu xəstəlikdən sığortalanmayıb.

- Dediniz ki, müalicə qanda virusun miqdarını sıfıra endirir. Həmin insanın ailə qurması mümkündür?

- Düzdür, müalicə çox effektlidir. 2007-ci ildən böyüklər, 2009-cu ildən uşaqlarda başlanıb. Virusun qanda sıfıra endiyi xəstələrin ailə qurması barədə məlumatımız yoxdur. Bu qərar tərəflərin öz qərarıdır. Əgər qarşı tərəf məlumatlandırılıbsa, razılıq varsa, buna etiraz edə bilmərik. Virus sıfır olan insanlarda belə qarşı tərəfin yoluxdurulması 1% ehtimal olunur.

Son olaraq həkim onu da bildirdi ki, bu xəstəliyin konkret əlaməti yoxdur. Ona görə də, hansı məqamda İİV-dən müayinədən keçməyi tövsiyə edə bilmərik. Sadəcə bu sahədə məlumatlı olub, müayinədən keçmək lazımdır.

QİÇS-ə dəhşətli xəstəlik kimi yanaşmaq lazım deyil. Bu xroniki infeksion xəstəlikdir, müalicə edilir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm