“Elmlər Akademiyası” stansiyasında qaz qoxusu
Bizi izləyin

Qırmızı.az

“Elmlər Akademiyası” stansiyasında qaz qoxusu

Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasını qaz iyinə bənzəyən qoxu bürüyüb.

Publika.az xəbər verir ki, günün səhər saatlarında stansiyanın bir sıra hissələrində bu qoxu xüsusilə açıq-aydın hiss olunur. Əməkdaşımız stansiyanın bir sıra hissələrində müşahidələr apararaq bununla bağlı xəbəri dəqiqləşdirdi. Stansiya işçiləri bunun qaz iyi deyil, başqa qoxu olduğunu iddia etdilər. Bildirdilər ki, yuxarıda – ikinci mərtəbədə təmir işləri aparılır: “O tərəfdə təmir gedir, ola bilsin bu, “laqunda”nın iyidir”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bunun qaz iyi olmadığını deyir:

“Orada stansiyanın ikinci çıxışı ilə bağlı işlər görülür. Stansiyada hər hansı qaz iyinin, yaxud qoxunun olması ilə bağlı məlumat yoxdur. Ola da bilməz. Çünki metro stansiyalarında qazdan istifadə olunması, ümumiyyətlə, qadağandır. Bilirsiniz ki, ikinci çıxışda işlər davam etdirilir. Orada tunel var. Ola bilsin ki, qatar hərəkətilə hava kütləsini çəkib gətirsin. Mümkündür ki, stansiyadan bu iy gəlir. Amma bunun qaz qoxusu olması mümkün deyil”.

Nəsimi Paşayev əlavə etdi ki, əgər belə bir şey olsa, dərhal yerin altında araşdırmalar aparılardı: “Yeraltı nəqliyyatda belə şey olmamalıdır. Ehtimal ancaq bundan ibarətdir ki, tunelin ikinci başında eskalatorlar quraşdırılır. Ola bilsin ki, orada istifadə olunan avadanlıqlarla bağlı hava kütləsini qatarın sürəti qovub gətirsin”.

Yeri gəlmişkən, N.Paşayev bildirdi ki, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm