Çoxlarının oxumadığı kitab haqqında ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Çoxlarının oxumadığı kitab haqqında ARAŞDIRMA

“1992-93-cü illərdə Azərbaycandan Türkiyəyə oxumağa 2000-ə yaxın tələbə getmişdi. Onlardan olsa-olsa, cəmi 500-ü kitab oxuyurdu, mütaliə edirdi. Amma həmin vaxt Cənubi Azərbaycandan Türkiyəyə cəmi 12 tələbə gəlmişdi və bütün günü onların hamısının kitab əlindən düşmürdü”.

Bu sözləri Publika.az-a söhbətində həmin illərdə Türkiyədə yaşayan azərbaycanlı Cavid Süleymanov deyir. Oxucunun sözlərinə görə, Sovet dövründə kitab oxumaq, mütaliə etmək insanların həyat tərzi idisə, indi kitab oxuyanları barmaqla saymaq olar.

Qədim Babilistanda ən hörmətli adamlar kitabların üzünü köçürən mirzələr idi. Çünki o vaxt çap üsulu yox idi və kitabın üzünü köçürmək böyük zəhmət tələb edirdi. O mirzələrə həm dövlət tərəfindən dəstək olurdu, həm də insanlar xüsusi hörmət bəsləyirdilər. Qədim dövrdə bu qədər hörmətə və sevgiyə layiq görülən kitaba bu gün münasibət necədir? Mütəxəssislər kitab oxuyanların sayının azalmasını həm internetin, sosial şəbəkələrin genişlənməsi, həm də iqtisadi durumun aşağı olmasıyla əlaqələndirirlər.

"Qanun nəşriyyat evi"nin ötən il apardığı araşdırmaya görə, Azərbaycanda hər üç min adama bir kitab düşür. Bu göstərici ölkələrə görə dəyişir. Rusiyada hər dörd adama bir kitab, İngiltərədə isə hər adama dörd kitab düşür. Bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə isə hər 7 nəfərə 1 kitab düşür.

“Adamlar kitaba qayıdacaqlar…”

İçəri Şəhərdə, Qız Qalasının yaxınlığında yerləşən, oxucular arasında daha çox "Elman dayının kitab dükanı" kimi tanınan kitab mağazasında olduq. 30 ilə yaxın bu mağazada çalışan Elman Mustafayev bəlkə də, paytaxtda ən ucuz kitab satan yeganə şəxsdir. Elman dayı bizimlə söhbətində hər kitabın öz maraq dairəsi olduğunu deyir. Onun sözlərinə görə, adətən, yaşlı nəsil latın əlifbasıyla olan kitablara o qədər də maraq göstərmir. Ortayaşlı insanlar bu əlifbanı çətin oxuyur, cavanlar isə kiril əlifbasını bilmir. Hansı kitablara daha çox üstünlük verilməsinə gəlincə, E. Mustafayev bir qrup gəncin bədii ədəbiyyata, bir qrupun detektiv ədəbiyyata maraq göstərdiyini deyir. Lakin sevindirici haldır ki, gənclərin arasında fəlsəfi ədəbiyyata da maraq artıb. Mağaza sahibinin sözlərinə görə, oxucular tez-tez məşhur filosoflar Volter, Russo, Kamyu, Hegellə maraqlanırlar.

Bir neçə il öncə kitab oxunmasında bir boşluq yarandığını elə E. Mustafayev də təsdiq etdi. Kitab oxumağa marağın azalmasını texnikanın, kompüterin, internetin inkişafıyla bağlayan mağaza sahibinin sözlərinə görə, bütün texniki vasitələr insanlara çox kömək etsə də, bunların heç biri kitabı əvəz edə bilməz. Kitab qədim dövrdən insanların dostu olub: “Bir ara bir qədər boşluq yaranmışdı. İndi müəyyən canlanma var. Mən bir köhnə mütəxəssis kimi deyə bilərəm ki, adamlar kitaba qayıdacaqlar. Çünki bu texniki vasitələrin müsbət cəhətlərilə yanaşı mənfi cəhətləri də var. Bunlar adamı yorur, sağlamlığa mənfi təsir göstərir, radiasiyaya uğradır, yorğunluq yaradırlar. Kitabı isə istənilən şəraitdə oxumaq olur. Bu doğrudur ki, insanlarda kitaba qayıdış var”.

Tərcüməyə tələbələr cəlb olunur

Oxucular isə daha çox tərcümədən narazıdırlar. Son illər edilən tərcümələrin keyfiyyətsiz olması kitaba marağı azaldan amillərdəndir. Oxucu Təranə Rzazadənin sözlərinə görə, ümumiyyətlə, tərcümələr bərbaddır: “Mən Vilayət Quliyevin etdiyi tərcümələrini bəyənirəm. Qalanlarını oxuyursan, fikirləşirsən adama cümlədəki məntiq çatmır. Çalışıram ki, mümkün qədər əsərləri orijinaldan oxuyum”.

Elman Mustafayevin sözlərinə görə, sovet dövründə Azərbaycanda çox yaxşı tərcüməçilər olsa da, bu gün bu sahədə boşluq yaranıb: “60-70-ci illərdə Mikayıl Rzaquluzadə, Mirzə İbrahimov, İshaq İbrahimov, Beydulla Musayev kimi tərcüməçilərimiz var idi. Onlar rus və dünya ədəbiyyatının nümunələrini çox yüksək səviyyədə tərcümə edirdilər. O illərdə Lev Tolstoyun 14 cildlik külliyyatı çapdan çıxmışdı. Çox gözəl tərcümə idi. Təəssüf ki, bugünkü tərcümələr yüksək səviyyədə deyil” .

Son vaxtlar bəzi nəşriyyatların Xarici Dillər Universitetinin tələbələrini tərcüməyə cəlb etdikləri məlumdur. Bu da son nəticədə onsuz da az olan oxucu sayını bir qədər də azaldır. Ekspertlər hesab edirlər ki, dili bilmək hələ tərcüməçi olmaq demək deyil. Bunun üçün tərcüməçi öz dilini də yaxşı bilməklə yanaşı, həm də tərcümə elədiyi ədəbiyyatın, mənsub olduğu xalqın məişətini, mədəniyyətini, psixologiyasını dərindən bilməlidir.

Satıcılar zəif tərcümələrin satışa pis təsir etdiyini deyirlər. Satıcı Fikrət Kərimovun sözlərinə görə, bizdə tərcümə olunan kitablar çox zəifdir: “Türkcə tərcümələr və ingilis dilində olan kitablar daha poetikdir. Bizdə problem həm də ondadır ki, kitab alanların çoxu kitabı öz subyektiv fikrinə görə almır. Kitab alanların əksəriyyətinin öz subyektiv fikri və zövqü yoxdur”.

“Facebook”da reklam olunan kitablar söz yığınıdır...”

“Əli və Nino” kitab mağazasının satıcısı bizimlə söhbətində kitab almağa gələnlərin daha çox 17-30 yaş arası şəxslər olduğunu deyir. Onun sözlərinə görə, getdikcə maraq artsa da, amma təəssüf ki, bu, çox yanlış istiqamətdə artır. Sosial şəbəkələrdə, xüsusən bizdə populyar olan “facebook” və “instagram”da reklam olunan kitabları daha çox alırlar. Məsələn “Elif gibi sevmek”, “Ayın yıldızı altında”, “Sabah uykum”, “Soğuk kahve” və s. Əslində isə bu kitablar sadəcə söz yığınıdır”.

Mütəxəssislər hesab edirlər ki, sosial şəbəkələrdə reklam olunan kitablara uymaq lazım deyil. Çünki reklam edənlərin hansı səviyyədə olduğu məlum deyil. Onlar öz səviyyələrinə uyğun kitabları reklam edirlər. Mütəxəssislərin fikrinə görə, insan həmişə öz ruhuna uyğun ədəbiyyatı seçsə, daha yaxşı olar.

“Kitaba qoyulan vergilər ləğv olunmalıdır”

Araşdırma apardığımız bir neçə kitab mağazasında ən çox oxunan müəlliflərdən Anar, Aqil Abbas, Varis, Çingiz Abdullayev, Elxan Elatlının adı çəkilir. Əvvəllər Azərbaycanda türkcə kitablar az satılsa da, son illər bu baxımdan bir canlanma yarandığının şahidi oluruq. Kitabların qiymətinə gəlincə, azərbaycanca kitablar daha ucuzdur. Türkcə 4, 6 manata da kitablar tapmaq olar. Lakin orijinal, holoqramlı kitablar daha baha olur. Daha keyfiyyətli türkcə kitablar isə 10 manatdan başlanır. Satıcılar az da olsa, 50-60 manatlıq kitablara da alıcı tapıldığını deyirlər.

Elman Mustafayevin sözlərinə görə, kitabların təbliğ olunmasına ən çox mənfi təsiredici məqam kitabların qiymətinin həddindən artıq baha olmasıdır: “Təəssüf ki, qiymətin baha olması kitabın oxunmasına çox pis zərbə vurur. Sivil ölkələrdə kitaba gömrük xərcləri, əlavə dəyər vergisi qoyulmur. Amma təəssüf ki, bizdə hamısı var”.

Bundan əlavə, kitabların əksəriyyətinin nazik cilddə olması problem yaradır. Hətta bir çox qalın kitabları da nazik cilddə buraxırlar, çox hallarda kitabı oxuyub axıra çıxmamış bloku dağılır. Axı nəzərə almaq lazımdır ki, kitab bir dəfə oxumaq üçün alınmır.

Oxucu Mehman Qarayev isə daha çox öz ixtisası - yəni iqtisadiyyatla bağlı kitabları aldığını deyir: “Mən ixtisasıma uyğun kitabları daha çox alıram. Amma deyə bilərəm ki, son vaxtlar tərcümələr pis deyil, elə qiymət də münasibdir. Məsələn, mən Deyl Kornegini aldım, bu müəllifin kitablarının qiyməti 5-7 manatdır. Lakin ondan öyrənəcəklərimizin qiyməti, bəlkə də, milyonlarladır”.

Kişilər qadınlardan çox kitab oxuyur

Mütəxəssislər kitab alanlar arasında kişilərin sayının çox olduğunu bildirirlər. Əslində qız və qadınlar gələcəyimiz olan uşaqları tərbiyə etdiklərinə görə daha çox kitab oxumalı olsalar da, bu göstərici çox aşağıdır. Belə ki, araşdırmalara görə, mağazadan kitab alan hər 5 nəfərdən biri qadındır. Bu isə təbii ki, çox pis göstəricidir.

Kitaba maraq, bəlkə də, o zamandan azalmağa başladı ki, kitab mağazalarını dönərxanalar, moda evləri, gözəllik salonları əvəz etməyə başladı. Elə kitab mağazası axtara-axtara Bakının “İçərişəhər” metrostansiyasının yaxınlığına gəlib çıxdıq. Burada Sovet dövründə məşhur kitab mağazası yerləşsə də, indi onun yerində restoran gördüm. Yəqin, yeri səhv saldığımı düşünüb bir qədər də irəli getdim, restoranı geyim mağazası, sonra dönərxana, daha sonra kosmetika mağazası, yenə dönərxana əvəz elədi. Sovet dövründə Azərbaycanda təxminən 200 kitab evi var idisə, hazırda cəmi 11 kitab dükanı fəaliyyət göstərir. İndi Bakı şəhərində “Əli və Nino" kitab mağazası şəbəkələri beş kitab dükanı və dəftərxana dükanlarında altı şöbəsilə fəaliyyət göstərir.

Dörd milyon əhalisi olan Gürcüstanda vəziyyət bizə nisbətən qat-qat yaxşıdır. Belə ki, ölkədə 75 kitab dükanı var. Azərbaycanda nəşr olunan kitabların ən yüksək tirajı isə 1000-1500-dür. Yadıma bir məşhur atalar sözü düşdü - "O cəmiyyətdə ki kitabları, uşaqları və qocaları sevmirlər, o cəmiyyət xoşbəxt ola bilməz". Qədim Çində yaranan bu deyimdən də görünür ki, cəmiyyətin səviyyəsi həm də kitaba münasibətinə görə müəyyən edilir... Nəticə göz qabağındadır...

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm