52 yaşlı Akif Təvəkküloğlu: “Jurnalistlərdən bezsəm, deməli, özümdən bezərəm” – Müsahibə
Bizi izləyin

Qırmızı.az

52 yaşlı Akif Təvəkküloğlu: “Jurnalistlərdən bezsəm, deməli, özümdən bezərəm” – Müsahibə

Biz jurnalistlərin ona tez-tez işi düşür. Nədənsə, bir çoxları kimi o bizi geri çevirmir və həmişə nəsə etməyə çalışır. Hətta günün sonunda belə ona zəng edə və danışa bilərsiniz. Yəqin ki, parlament müxbirləri mənimlə razılaşar. Ölkənin qanunverici orqanın informasiya mənbəyi olan Akif Təvəkküloğlunun bu gün doğum günüdür.

Həmişə informasiya almaq üçün zəng etdiyimiz Akif müəllimin nömrəsini bu gün təbrik üçün yığdıq. Danışığından doğum gününü təbrik edəcəyimizi gözləmədiyi hiss olunurdu. Lakin informasiyanı jurnalistlərdən əsirgəməyən A. Təvəkküloğlu 52 yaşını qeyd etdiyi doğum günündə hiss etdiklərini də əsirgəmədi. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Publika.az-a 52 yaşından danışıb.


- Akif müəllim, öncə doğum gününüzü təbrik edirik.

- Çox sağ olun. Bu təbrik hər şeyə dəyər. Bilirəm ki, xətrimi çox istəyirsiniz. Amma məncə, ehtiyac yox idi.


- Xeyr, heç bir zaman biz jurnalistləri geri çevirmirsiniz. Bu gün də qoy sizin gününüz olsun. Akif müəllim, 52 yaşınızı tamamlayırsınız, özünüzü necə hiss edirsiniz?

- Şükür. Yaşlı insanlar demişkən, əlhəmdüllah.


- Artıq 8 ildir Milli Məclisdə informasiya ilə çalışırsınız. Ağır deyilmi?

- Mən dəfələrlə demişəm, insan gərək səmimi olsun. Bütün həyatda, işdə də, digər sahələrdə də problemlər, çətinlik həmişə var. Lakin səmimilik hər şeyin həllini gerçəkləşdirir. Çətindir deyib-dayansaq, əl-ayağımızı hər şeydən soyutsaq, heç bir çətinliyi aşmaq olmaz. Çətinliyi aradan qaldıran da, yaxşı şəraiti quran da insandır. Bu gün işləmək üçün hər cür şəraitimiz var. Çətinlikdən qorxmağa dəyməz.


- Jurnalistlər daim sizi informasiya üçün yaxşı mənada dəng edir. Heç bezmirsinizmi?

- Jurnalistlərdən heç vaxt bezməmişəm. Onlardan bezsəm, gərək özümdən də bezəm. Çalışıram, günün bütün saatlarında onların zənglərinə, suallarına cavab verim.


- Doğum gününüzü necə qeyd edəcəksiniz?

- Sadə. Səhər evdən çıxandan ailə üzvlərim təbrik edib yola salıblar. İş yoldaşlarım da xoş sözlərlə məni qarşılayıb. Mənim üçün günü yaxşı keçirmək doğum günümə ən böyük hədiyyədir. Yəqin ki, bu xoş günümü axşam ailə üzvlərimlə qeyd edəcəyik.


- Millət vəkillərindən təbriklər gəlibmi?

- Vallah, mən buna ehtiyac görmürəm. Ona görə də bu gün doğum günüm olduğunu hər kəsin bilməsini istəmirəm. Yaş üst-üstə gəlirsə, deməli, insan qocalır. Bu da sevindirici şey deyil. Həyatdır, yaşayırıq. Dostlarımdan, yaxınlarımdan təbriklər alıram.


- 52 illik ömrünüzdə sizin üçün əsas nə olub?

- Mənim üçün əsas olan səmimiyyətdir. İnsan hansı vəzifədə olmasından asılı olmayaraq, dövlətinə sədaqətli olmalı, millətinin əsgəri olmalıdır.

Yaxşı ailə üzvü, ailə başçısı olmalıdır. Gözəl ailəyə sahib olmalıdır. Bunlar olan yerdə insan həyatın ən gözəl anlarını və zirvəsində olan məqamları yaşayır. Bunlar mənim üçün həmişə mövcud olub. Ona görə də həyatda xoşbəxt yaşayan insanlardan biri də mənəm.


- Akif müəllim, bayaqdan telefonunuza gələn zənglər susmaq bilmir. İş çoxdur, yoxsa təbriklərdir?

- İş həmişə çoxdur. Zənglərin böyük əksəriyyəti də işlə bağlıdır. Amma təbrik edənlər də var. İş varsa hərəkət də var. Hərəkət olan yerdə deməli həyat da var.


- Bir daha təbrik edirik.

- Mən də təşəkkür edirəm. Cənab prezident jurnalistlərin həmişə dostu olub. Mən də prezidentin əsgəri kimi sizin dostunuzam.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm