Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür - ANIM
Bizi izləyin

Qırmızı.az

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür - ANIM

18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib.


Publika.Az deyerler.org-a istinadən bildirir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M. Piriyev adına Əliabad kənd orta məktəbində orta təhsilini başa vuran İbrahimov həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Daha sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan Mübariz İbrahimov səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimov valideynlərinə yazdığı son məktubunda bu addımı könüllü atdığını vurğulayıb: "Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Azərbaycan Prezidenti Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı əsasında Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə və Biləsuvar rayonundakı küçələrdən birinə Mübariz İbrahimovun adı verilməsini təmin edilib.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycanın Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 2010-cu il iyunun 18-dən 19-na keçən gecə şəhid olmuş Mübariz İbrahimovun cənazəsi 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Bir gün sonra, noyabrın 7-də şəhid qəhrəman İkinci Fəxri xiyabanda dəfn olunub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm