Dörd ölkənin Azərbaycan sirri
Bizi izləyin

Qırmızı.az

Dörd ölkənin Azərbaycan sirri

“Eurovisiya-2012” müsabiqəsinin final şousunda səsvermə zamanı Azərbaycana 4 ölkə, o cümlədən Türkiyə, Ukrayna, Malta və Litva ən yüksək - 12 bal verib. Final şousunun səsverməsində Azərbaycandan başqa 41 ölkə iştirak edib.

“Eurovisiya”nın final şousunun səsverməsi yarışmanın hamı tərəfindən həyəcanla izlənən hissəsidir. Adətən, qonşu olan, bir-birinə rəğbət bəsləyən, eyni tarixi köklərə, adət-ənənəyə, ortaq mədəniyyətə malik ölkələr ən yüksək balı bir-birlərinə verirlər.

Bundan əlavə ölkələrin siyasi əlaqələri də burada mühüm rol oynayır. Bu baxımdan 41 ölkədən niyə məhz yuxarıda adları çəkilən 4 ölkənin ən yüksək xalı Azərbaycana verdikləri maraq doğurur.

Politoloq Qabil Hüseynli Publika.Az-a açıqlamasında yuxarıda adları çəkilən ölkələrin ən yüksək balı Azərbaycana vermələrinin siyasi yöndən şərh edib. O, Türkiyə və Ukraynanın Azərbaycana səs verməsini şərh etməyin çox asan olduğunu vurğulayıb: "Çünki bu ölkələrlə bizim münasibətlərimiz illərdir ki, çox yüksək səviyyədədir. Türkiyə isə bizə qardaş ölkədir və “bir millət, iki dövlət” deyimi məhz bu iki xalqa aid edilir. Ona görə də Türkiyənin Azərbaycana, Azərbaycanın da Türkiyəyə 12 bal verməsində qeyri-adi heç nə yoxdur. Qeyri-adilik bunun əksi baş versə olar. Amma Ukrayna ilə də münasibətlərimiz demək olar ki, ideal səviyyədir”.

Politoloq əlavə edib ki, Ukrayna ən çətin anlarda Azərbaycanın yanında olub. Eyni zamanda Azərbaycan da öz imkanları çərçivəsində həmişə Ukraynanı dəstəkləyib: “Hələ Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə Rusiyanın təlqinlərinə baxmayaraq Ukraynanın hərbi gücündən tutmuş sıravi vətəndaşlarına və siyasilərinə tək hamısı bizim haqq işimizi müdafiə ediblər. Bunu müxtəlif formada büruzə veriblər. İki dövlət GUAM çərçivəsində səmərəli əmakdaşlıq edir”.

Qabil Hüseynli deyib ki, Malta ilə münasibətlər ötən “Eurovisiya” müsabiqələri zamanı formalaşıb və əlaqələrin yaşı azdır: “Ötən “Eurovisiya”dan sonra münasibətlər siyasi müstəviyə daşındı və Maltanın parlament nümayəndə heyəti Azərbaycana gəldi. Azərbaycanla iktərəfli münasibətlərin inkişaf etdirilməsi barədə bir sıra sənədlər imzalandı. Malta Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə səs verən fəal dövlətlərdən biri oldu. Beləliklə, biz Maltanın simasında özümüzə yeni bir dost qazandıq. Malta kiçik dövlət olsa da dünya siyasətində fəal rol oynamağı bacaran dövlətdir”.

Litva ilə münasibətlərin də Ukrayna kimi Sovet İttifaqı zamanına söykəndiyini xatırladan politoloq Litva xalqının da təbiət etibarilə obyektiv və düzlüyü sevən bir xalq olduğunu vurğulayıb: “Bu xalq da həm rus təcavüzündən əziyyətlər çəkib və xeyli itkilər verib. Eyni zamanda müstəqilliyin itirilməsinin nə demək olduğunu onlar da çox yaxşı başa düşürlər. Amma indi Litva Avropa Birliyinin, NATO-nun üzvüdür. Avropa Birliyində Azərbaycanı müdafiə edən ən fəal dövlətlərdən biridir.

Bu Baltikyanı respublika kifayət qədər böyük sıçrayış edib və qabağa gedib. Bütün bunlara baxmayaraq Azərbaycanla olan köhnə münasibətlərini unutmur. Bizim SSRİ dövründə də münasibətlərimiz çox yaxşı idi. Azərbaycandan tərəvəz, meyvə və digər məhsullar göndərirdik, onlardan müəyyən sənaye malları alırdıq.

Müstəqilik dövründə Litva müstəqilliyimizi tanıyan və bizimlə diplomatik əlaqə quran ilk Baltikyanı respublika olub. Münasibətlər həmişə yüksələn xətlə inkişaf edib”.

Qabil Hüseynli hesab edir ki, həm Ukraynanın, həm də Litvanın bizə ən yüksək xalı verməsində bu ölkələrdə yaşayan çoxsaylı azərbaycanlıların, eyni zamanda oxşar xarici siyasətin də rolu var: “Həm Ukrayna, həm də Litva xalqı ilə Azərbaycan xalqı arasında münasibətlər xeyli dərinə işləyib. Xalqları yadlaşdıran, bir-birindın uzaqlaşdıran süni əngəllərin heç biri yoxdur. Bundan əlavə Ukrayna və Litva prezidentləri Azərbaycana, həmçinin Azərbaycan prezidentləri bir qayda olaraq bu ölkələrə səfər ediblər. Həmin səfərlər zamanı ikitərəfli münasibətləri genişləndirən xeyli işlək sənədlər imzalanıb. Hətta Litva prezidenti Dalya Qribauskayte sonuncu dəfə Bakıda olanda “sanki öz doğma evimə gəlmişəm” demişdi.

Zənnimcə, adı çəkilən 4 ölkənin hər biri Azərbaycanın beynəlxalq siyasətdə aktiv fəaliyyəti üçün dayaq rolunu oynayan dövlətlərdir”.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm