Restoranda qiymətləri yeyib-doyduq...
Bizi izləyin

Qırmızı.az

Restoranda qiymətləri yeyib-doyduq...

Hazırda Azərbaycandakı tursitləri maraqlandıran əsas obyektlərdən biri də restoran və kafelərdir. Sivil ölkələrdə bu sektorda yüksək xidmət, normal qiymət, məhsulların keyfiyyəti və müştərinin hüquqları var. Bəs bizdə necədir?

Bahalı restoranlarda ucuz xidmətlər

Paytaxtımızın mərkəzində sadə insanların gedəcəyi və ya gedə biləcəyi məkanlar olduqca azdır. Çoxlarımız üçün əlçatmaz olan belə məkanların sayı da getdikcə artır. VİP adlandırırlan kafelər, restoranlar cah-cəlalı ilə göz qamaşdırır. Bir az bəzək-düzək, bir az mədəni xidmət və bunların nəticəsində də əməlli-başlı soyğunçuluq. Buna baxmayaraq, bahalı restoranlar müştəri sarıdan korluq çəkmirlər.

Heç kimə sirr deyil ki, belə məkanlara özümüzdən daha çox, şəhərimizə kök salan əcnəbilər və turistlər gedir. Dünya ölkələrində maddi imkan cəhətdən aşağı təminatlı insanların üz tutduğu məşhur amerikan brendli restoranlar şəbəkəsinə bizdə imkanlı vətəndaşlarımız üz tutur ki, burada da kimya sənayesinin "nailiyyət"lərindən və genetik modifikasiya olunmuş məhsullardan hazırlanmış kimyəvi qidalara baha qiymət ödəyirlər.

Bakının hər yerini bürümüş türk kafe və restoranlarında da bahalıqdır. Düzdür, burada xidmət və şərait yaxşıdır, amma yeməklər GMO məhsullardan, xaricdən gətirilmiş sümüksüz camış ətindən bişirilir. Normal müştərini isə verdiyi pul və qidanın sağlamlığı restoranın interyerindən və əlyəşdiyi masanın materialından daha çox maraqlandırır.

Bakının mərkəzində ən ucuz nahar neçəyədir?

Kafelərin çoxunda masaların üstündə heç menyu da yoxdur, bəzilərində isə menyu var, qiymətlər yoxdur. Burada əsas problem odur ki, bütün yeməklərin qiymətini bir-bir soruşa bilmirsən (bu, çox vaxt aparır və başağrısı olur) və sonda sənə istədikləri qiyməti "oxuyurlar". Yediyin yemək burnundan gəlir, amma heç nə deyə bilmirsən, desən belə "bizdə qiymətlər belədir, yeməyəydiniz"- deyə cavab verəcəklər. Xırman-yaba məsələsi yəni...

Adi kafelərdə qiymətlər adamı heyrətə gətirir. Təsəvvür edin ki, şəhərin mərkəzində normal şəraitə malik ortabab bir kafedə nahar etmək niyyətinə düşdünüz. Fərz edək ki, 1 şiş kabab və ya 1 pay qazan yeməyi, 1 pay salat, 1 tikə pendir və 1 fincan şirə istədiniz. Normal naharlanmaq üçün isə 1 pay da şorba əlavə etmək lazım gələcək.

1 şiş kabab (200 qram)- 6-7 manat, 1 pay şorba- 3-4 manat, salat- 2 manat, pendir- 2 manat, 1 stəkan su və ya şirə- 1-2 manat. Yeməkdən sonra çay içmək istəsən o zaman daha 2 manat da hesaba əlavə etməli olacaqsan.

Hesabı istəyirsən, bir pay üçün "oxunan" qiymətləri eşidəndə təəccübdən birtəhər olursan, yeyib-içdiyin az qalır burnundan gəlsin. Ən ucuz 1 nəfərlik yemək süfrəsi 15-20 manat eləyir.

Orta hesabla 1 şiş kababda ən çox olsa 200 qram ət olar. Ətin kilosu 6-7 manatdır, 200 qram kababın niyə 1 kilo ətin qiymətində müştəriyə sırınması maraqlıdır. Eləcə də, salat, içki və digər soyuq qəlyanaltılar maya dəyərindən 4-5 dəfə baha satılır. 1 çaydan çayın maya dəyəri heç 20 qəpik belə deyil, amma 10 dəfə baha satılır.

Maraqlısı isə odur ki, bu soyğunçuluqdan sonra irad bildirmək istəyən müştərilərə elə baxırlar ki, elə bil pis iş görürsən, ya da soruşulmayası sözü soruşursan.

Möcüzəsiz sobalardan çıxan möcüzəli qiymətlər

Paytaxtı başına götürmüş qəlyanaltılarda da qiymətlər keyfiyyətə və xidmətə münasib deyil. Şəhərin mərkəzindəki kafelərdə yeməklərinin ortalama qiymətlərinə baxaq. Bir pay üçün:

1. Lahmacun - 3 manat

2. Salatlar - 2-3 manat

3. Şorbalar - 3-5 manat

4. Şirniyyatlar - 3-4 manat

5. Dönər - 2-4 manat

6. Kabab (1 şiş- 200 qr) –6-7 manat

7. Səhər yeməyi- 6 manat

8. Qazan yeməkləri- 4-5 manat

9. İçkilər (stəkan)- 1-2 manat

Göründüyü kimi, yeməklərin qiyməti kifayət qədər bahadır. Hesablayaq: adi nahar etmək üçün bu məkana girsəniz və ən sadə menyunu istəsəniz, ortalama 10-15 manat ödəməlisiniz manat.

Müştəri sarıdan korluq çəkməyən şirniyyat məmulatları və "fast-food"lar hazırlayıb satan kafe-mağazalarda da qiymətlər dəhşətli dərəcədə bahadır. Məsələn, tərkibində undan başqa heç nə olmayan adi kiçik bulkanın və ya kökənin qiyməti 40-50 qəpikdir. Maraqlıdır, çörəyin qiyməti 30 qəpik olduğu halda, onun onda biri qədər çəkisi olmayan adi bulka necə 40-50 qəpik ola bilər?

Bu bulkanın arasına sosiska, ət, kartof püresi, göyərti, meyvə cemi kimi ərzaqlardan biri qoyulduqda qiymət azı 1-2 manata çıxır. Belə "sendviç"in azı 3-nü yeməlisən ki, aclığını bir az təxirə salasan. Ayran və ya dovğa 30-50, 1 fincan kofe- 50, çay və kakao isə 30 qəpiyə. Yəni, belə yerlərdə yüngül qəlyanaltı azı 5 manata başa gəlir.

Antisanitariya şəraitində hazırlanan təhlükəli yeməklər

Xidmətlərin və yeməklərin keyfiyyətinə gəldikdə qeyd etməliyik ki, müştəri yediyi yeməyin hansı keyfiyyətli məhsuldan hazırlandığını bilmir və hazırlanma prosesini görmür. Sivil ölkələrdə kafe-restoranların salonlarını mətbəxdən şəffaf şüşə arakəsmə ayırır ki, müştəri yeməyin hansı ərzaqdan və hansı gigiyenik şəraitdə hazırlandığını görür.

Adi bir fakt - qızardılmış yeməklərdə yağ birdəfəlik istifadə olunmalıdır, əks-halda bu ciddi zəhərlənmə yarada bilər. Bizim yeməkxanalarda isə, bu qaydaya əməl olunduğunu söyləmək olmaz. Bizdə səhər tavaya tökülən yağda axşamadək qızartma yeməklər bişirilir. Ümumiyyətlə, yeməyin hazırlandığı yağın keyfiyyətini, istifadə vaxtı keçib-keçmədiyini də bilmək olmur.

Bir çox kafe-restoranlarda qabların təmiz yuyulmaması və masaların üstünün yaxşı təmizlənməməsi də problem yaradır. Belə hallar yoluxucu xəstəliklərin tüğyan etməsinə gətirib çıxara bilər.

Problemlərin hamısını yazmadıq. Avroviziya günlərində bu sektora nəzarət artırılmalıdır, biz artıq öyrəşmişik, heç olmasa qonaqların yanında üzüqara olmayaq.

Elçin Bayramlı

P.S. Məlum səbəblərdən araşdırdığımız məkanların adlarını çəkmədik. Onu deyə bilərik ki, Azərbaycanda nümunəvi, keyfiyyətli xidmət göstərən kafe-restoranlar da var. Onları yerli müştərilər tanıyır, amma turistlər yox...

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm