Qırmızı.az
İran ADR-in “Şimali Azərbaycan“ adlandırılmasını istəyib?
- Ramin müəllim, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması xalqımızın siyasi-ictimai və sosial düşüncəsində hansı izləri buraxıb? ADR bir dövlət olaraq xalqımıza nə verdi?
- Bilindiyi kimi 20-ci əsr, elə ilk illərindən etibarən dünyamızda
mühüm dəyişikliklərin, inqilabların, müharibələrin, yeni
ideologiyaların tüğyan etdiyi bir əsr olmuşdur.
20-ci əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının tərkibində olduğu üçün 1905 və 1917-ci illərdə Rusiyada baş verən inqilablar bir başa Azərbaycana da təsir etmişdir.
Xüsusən 1905-ci ildəki “Qanlı Bazar” hadisəsindən sonra Rusiyada Duma seçimlərinin keçirilməsi və Dumanın açılması, o dönəm Azərbaycan ziyalılarının özlərini inkişaf etdirmələrində böyük bir rolu olmuşdur. Zatən 1917-ci ildəki Fevral İnqilabından öncə Azərbaycanda bir sıra partiyalar, dərnəklər, təşkilatlar yaranmışdı ki, bütün bunlar Azərbaycan xalqının ictimai-siyasi həyatında və sosial düşüncəsində böyük dəyişmələr meydana gətirmişdir.
Şübhəsiz bu partiyalar içində, əsası 1911-ci ildə qoyulan və daha sonra, yəni 1917-ci ilin aprelində Nəsib Bəy Yusifbəylinin Türk Adəmi Mərkəziyyət partiyası ilə birləşən Müsavat Partiyasının və onun öndərinin, Azərbaycan istiqlaliyyətinin elan olunmasında çox böyük rolu olmuşdur.
28 May 1918-ci ildə elan olunan İstiqlal Bəyannaməsi ilə ilk dəfə Türk və İslam dünyasında demokratik bir dövlət təşəkkül etmiş, bu dövlət 23 ay kimi qısa müddət yaşasa da Azərbaycanda və ümumiyyətlə Türk dünyasında yenilik, fərqlilik ve dünyəviliyin əsasını qoymuşdur.
Bu dövlət uzun illər boyu azad olmaq həvəsi ilə yaşayan bir xalqın duyğularının tərcümanı olmuş, ona azadlığın və demokratik dəyərlərin ən yüksək mərtəbələrini göstərmiş, xalqdan aldığı nümayəndələr ilə xalq üçün gecə-gündüz demədən çalışmış, həm daxildə həm də xaricdə böyük bir şöhrət qazanmışdır.
Təsəvvür edin ki, vaxtilə Azərbaycan İstiqlaliyyətini duyduqda,
“Ölkənizdə Türk komandanlığının müxtəlif intriqaları nəticəsində
ortaya çıxmış bir qurum vardır. Biz Azərbaycan dövləti deyə bir
dövlət tanımırıq!” deyən İngilis generalı Tomson belə, bir müddət
sonra Bakını tərk etmiş və müstəqil cümhuriyyət üçün xoş sözlər
söyləmişdir. Yəni buradan da anlaşıldığı kimi 23 aylıq qısa müddət
yaşayan ADR xalqımıza və dövlətçiliyimizə böyük töhfələr
vermişdir.
- O zaman ermənilər fəallaşmışdılar və Qarabağ bölgəsinə
hücumlar edirdilər. Bəs ADR Dağlıq Qarabağ münaqişəsinin necə həll
edə bildi?
- Təəssüflər ki, Ermənilər 20-ci əsrin əvvəllərindən, yəni
1905-1906-cı illərdən etibarən Azərbaycan Türklərinə qarşı
vəhşiliklər törətməyə başlamışdılar. 1905-1906-cı illərin
hadisələri haqqında həm Mir Möhsün Nəvvabın, həm də Məmməd Səid
Ordubadinin dəyərli əsərləri vardır. Xüsusən Ordubadinin əsərində
bir məqama diqqət çəkilirdi. Məmməd Səid əsərində deyirdi ki,
ermənilər Qafqazda muxtariyyət tələb etməkdədirlər. Baxın, məhz
20-ci əsrin əvvəllərində sadəcə muxtariyyət tələb edən ermənilər,
1918-ci ildə artıq müstəqil dövlət yaratmışdılar.
Azərbaycan istiqlaliyyətini elan etdikdən sonra Ermənilər
Azərbaycan ərazilərində yenidən günahsız xalqa qarşı vəhşiliklərə
başladılar. Azərbaycan hökuməti, Ermənistan hökumətinə dəfələrlə
müraciət edərək təcavüzkar siyasətindən əl çəkməsini tələb etsə də,
ermənilər Qarabağ, Zəngəzur və Naxçıvanda, adətən elan olunmamış
müharibə aparırdılar.
Məsələn statistik rəqəmlər, 1918-ci ilin sonlarında ermənilərin Zəngəzurda 115, Cavanşir, Cəbrayıl və Şuşa qəzalarında 21, İrəvan quberniyasında isə 60-dan çox kəndi məhv etdilər, əhalisini isə ata-baba yurdlarından qovdular. Azərbaycan hökuməti bu təhlükənin qarşısını almaq üçün bir sıra zəruri tədbirlərə əl atdı.
Bu tədbirlərdən ən mühümü mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ General Qubernatorluğu təsis edilməsi idi. 1919-cu il Fevralın 12-də Xosrov bəy Soltanov Qarabağ general-qubernatoru təyin edildi. Ermənilər Azərbaycan hökumətinin imzaladığı hər iki qərara dərhal etiraz etdilər. Üstəlik, Qarabağın böyük bir ərazisinin ermənilərə aid olduğunu və Xosrov bəy Soltanovun isə ermənilərin düşməni olduğunu iddia etdilər.
Hətta bu etirazlarını İngilis generalı Tomsona və Cənubi
Qafqazdakı ingilis baş komissarı Haskelə də ünvanladılar. Lakin
Azərbaycan hökuməti Ermənistana etiraz notaları verərək Qarabağ
məsələsində Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi.
1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və ciddi
tədbirləri nəticəsində Qarabağda erməni separatizminin qarşısı
alındı.
- ADR-in süqutunda daxili faktorun, yəni yerli bolşeviklərin
rolu nə qədər olub?
- 1920-ci ilin ilk günlərindən bəri ölkə həm xaricdən həm də
daxildən çətin sınaqlar qarşısında idi. Əvvəlcə Bolşevik Rusiya
xarici işlər komissarı Çiçerin, Azərbaycan hökumətinə nota
göndərərək “Denikinə qarşı birlikdə” mübarizə aparmağı təklif etdi.
Ancaq onun bu notası Azərbaycan hökuməti tərəfindən geri çevrildi
və “Rusiyanın daxili işlərinə qarışılmadığı” rəsmən Bolşevik
Rusiyaya bildirildi. Sovet təzyiqi bundan sonra da davam etdi.
Ancaq bu arada ölkə içərisində Bolşeviklərin fəaliyyəti
genişlənirdi. Ayrıca Azərbaycan hökuməti daxilində Sovet Rusiyasına
münasibətdə fərqli yanaşmalar ortaya çıxdı.
Xüsusən xarici işlər naziri Fətəli xan Xoyski və daxili işlər naziri Məmməd Həsən Hacınski arasında Bolşevik Rusiya səbəbli gərginlik baş verdi. Fətəli xan Xoyski Bolşevik Rusiyaya qarşı ciddi mübarizə aparılmasının, Məmməd Həsən Hacınski isə böyük güzəştlər verilərək Ruslarla anlaşmanın tərəfdarı idi. Məhz Hacınskinin Bolşeviklərə qarşı bu xoş tutumu, hətta quracağı hökumətdə Bolşeviklərə nazirlik verəcəyi, özünün də Bolşevik ola biləcəyi haqqındakı fikirləri Azərbaycanın o dönəmində başını ağrıdan böyük bir problemə çevrildi. Təbii, o dövrdə Azərbaycan Bolşevik partiyasının hökumət əleyhinə apardığı propaqandanı da unutmaq olmaz.
Bu arada xatırlanması gərəkən bir məqam da Bakıda qurulan ilk
Türk Kommunist Partiyasının nümayəndələri, yəni Türkiyə
kommunistləri “Qızıl Ordu qüvvətləri Anadoluya, Mustafa Kamal
hərəkatına kömək üçün gedərkən Azərbaycan hökuməti bu hərbi
qüvvənin keçməyinə icazə vermir” kimi xalq arasında təbliğat
aparırdılar. Bu kimi hadisələr Azərbaycan hökumətinin vəziyyətini
ağırlaşdırırdı.
- Bəs bu məsələdə Atatürk Türkiyəsinin rolu olubmu?...
- Bilirsiniz, bu suala cavab verəndə çox diqqətli olmaq lazım
gəlir. Çünki o dövrdə Atatürk Türkiyəsinin Azərbaycan siyasətinin
qiymətləndirilməsinə, Azərbaycan və Türkiyə arasındakı dostluğa və
qardaşlığa zərər vermə ehtimalı nəzərə alınaraq səthi yanaşılır.
Ancaq mən düşünürəm ki, tarixi hadisələrə elə olduğu kimi qiymət
vermək daha doğru olardı. Bilindiyi kimi Atatürkün rəhbərliyi
altında 1919-cu ildən etibarən böyük bir azadlıq hərəkatı
başlamışdı. Atatürk bu hərəkatı ingilis, fransız, italyan,
yunanlara qarşı aparırdı və böyük çətinliklər çəkirdi.
O dönəmdə Sovet Rusiyası da öz daxilində vətəndaş müharibəsi ilə məşğul idi. Üstəlik, Sovet Rusiyasına qarşı mübarizə edən qüvvətləri ingilislər, fransızlar dəstəkləyirdilər. Buradan da anlaşılır ki, həm Türkiyə, həm də Sovet Rusiyasının taleyində ortaq bir nöqtə vardı. Bu nöqtə isə imperialistlərə qarşı davam edən mübarizə idi.
Əslində kamalçıların Sovet Rusiyası ilə görüşmələri hələ 1920-ci
illərin əvvəllərində başlamışdı. Bir tərəfdən Sovet Rusiyasına
yanaşmağa çalışan kamalçılar, bir tərəfdən də Azərbaycan hökuməti
ilə əlaqə qurmağa çalışırdılar. Fəqət Azərbaycandakı siyasi
qərarsızlıq buna mane olurdu. Kamalçılar bir an əvvəl Sovet
Rusiyasından köməyin gəlməsini arzulayırdılar.
Bu səbəblə demək olar ki, o dövrün şərtlərinə görə Bolşeviklərlə
qurulan əlaqələri Azərbaycanla qurulan əlaqələrə tərcih etməyə
məcbur oldular. Kamalçıların bu düşüncəsi Azərbaycan hökuməti
tərəfindən bəyənilməsə də, Azərbaycandakı sol hümmətçilər və
ittihadçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
- O zaman İranda hakimiyyətdə olan Qacarların ADR-ə münasibəti
necə idi?
- Azərbaycan Cümhuriyyəti elan olunan andan etibarən İranın bir
dövlət kimi etirazları başlamışdı. İran, dövlətin Azərbaycan
adlanmasına etirazını bildirmiş, apardığı diplomatik təmaslarda
“Şimali Azərbaycan” adının işlədilməsini tövsiyə etmişdi. Lakin bu
tələb dövrün Azərbaycan hökumətinin rəhbərləri tərəfindən geri
çevrilmişdi. 1919-cu ilin ortalarından iki dövlət arasında
əməkdaşlıq meylləri başlayıb. Həmin ilin payızında Azərbaycan-İran
birgə komissiyası fəaliyyətə başlamış, iki dövlət arasındakı
münasibətlərin bir sıra tərəflərini əhatə edən saziş
bağlanmışdır.
- ADR-in beynəlxalq səviyyədə tanınması prosesi haqqında nə deyə
bilərsiniz?
- Hər bir dövlət yaşamaq üçün beynəlxalq siyasətdə uğurlu addım
atmalı, bunun üçün dünyanın digər dövlətləri tərəfindən
müstəqilliyi qəbul olunmalıdır. Bilindiyi kimi, Birinci Dünya
müharibəsi başa çatdıqdan sonra 18 Yanvar 1919-cu ildə Parisdə Sülh
konfransı öz işinə başladı. Hökumət hələ 28 dekabr 1918-ci ildə
Paris Sülh konfransına gedəcək nümayəndə heyətinin tərkibini
dəqiqləşdirdi. Buna görə Azərbaycan parlamentinin sədri Əlimərdan
bəy Topçubaşov nümayəndə heyətinin rəhbəri seçildi.
Beləliklə, Azərbaycan nümayəndələri İstanbula yollandı, lakin Parisə viza almaq çətin başa gəldi. Bilindiyi kimi nümayəndə heyəti 3 aya qədər gecikdi, halbuki Gürcüstan və Ermənistan nümayəndə heyəti çoxdan Parisə çatmışdılar. Bundan başqa, nümayəndə heyətindəki Əhməd bəy Ağayev ingilislər tərəfindən İstanbulda həbs edilərək Malta adasına sürgün edildi. Nəhayət, Azərbaycan nümayəndə heyəti Parisə çatdı və dərhal böyük dövlətlərin rəhbərləri və nümayəndələri ilə görüşmələr başladı.
2 May 1919-cu ildə Amerika Birləşmiş Ştatları prezidenti V. Vilsonun təşəbbüsü ilə Azərbaycan məsələsi Paris konfransının Dördlər Şurasının iclasında müzakirə olundu. Mayın 28-də isə Azərbaycan nümayəndələri Amerika prezidenti tərəfindən qəbul olundu. Əslində görüşün Azərbaycan üçün elə də uğurlu olduğu söylənilə bilməz, lakin dünyanın ən böyük dövlətinin rəhbəri tərəfindən qəbul olunmaq, Azərbaycan nümayəndə heyətinin bir uğuru kimi sayıla bilər.
Şübhəsiz, nümayəndə heyətinin 8 aylıq gərgin fəaliyyəti öz
bəhrəsini verdi və 11 Yanvar 1920-ci ildə Azərbaycan yeni müstəqil
dövlət kimi de-fakto tanındı. Yanvarın 19-da isə Ali Şuranın
hökumət başçılarının iştirakı ilə keçirilən iclasda qərar yenidən
təsdiqləndi. Beləliklə, Parisə göndərilmiş nümayəndə heyəti, mən
deyərdim ki, qarşıya qoyulmuş vəzifəni layiqincə yerinə yetirdilər
və Azərbaycanın de-fakto tanınmasına nail oldular. Ölkəmizin
de-yure tanınması məsələsi isə təəssüf ki, böyük dövlətlərinin
maraqlarına o gün üçün uyğun gəlmədi.
Elnur Eltürk
Publika.Az
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO