Həcc ziyarətinə gedənlər orada özlərini necə aparırlar?
Bizi izləyin

Qırmızı.az

Həcc ziyarətinə gedənlər orada özlərini necə aparırlar?

Dünya müsəlmanlarının müqəddəs şəhəri olan Məkkəyə hər il Qurban bayramı ərəfəsində milyonlarla zəvvar ziyarətə gedir. Həcc ziyarəti İslamın 5 vacib şərtindən biri olduğu üçün bütün müsəlmanların ən böyük arzusu Kəbəni ziyarət etməkdir. Qeyd edək ki, Qurani Kərimdə Allah evi adlandırılan Kəbə müsəlmanların qibləsi sayılır.

İldən-ilə Kəbənin ətrafı genişləndirilsə də, ziyarətçilərin də sayı artdığı üçün mehmanxanalar, yataqxanalar, kirayəlik mənzillər tutulur və bəzi zəvvarlar küçələrdə gecələməli olur. Azerislam.com saytı yazır ki, Həcc dönəmində Kəbədə mənzərəli studiya tipli 33 kvadratmetrlik mənzilin bir həftəlik kirayə qiyməti 180000 ABŞ dollarına qədər çıxa bilir. Ramazan ayında 3 milyon olan ziyarətçı sayı isə Həcc dönəmində 4 milyondan artıq olur.

Azərbaycandan da hər il müəyyən limit daxilində ziyarətə gedənlər olur. Lakin Həcc dönəmində ən saf inancla Kəbəyə üz tutan zəvvarlardan tutmuş, ticarət məqsədilə gedənlərədək Məkkəyə səyahətə çıxan hər bir şəxs bu səfərin məsuliyyətli olduğu qədər, ağır olmasından da gileylidir. Səbəb isə coğrafiyasına görə səhra şəraitində yerləşən Məkkəyə ziyarətə gedənlərin Həcc şərtlərini yerinə yetirən zaman antisanitariya yaratmalarıdır.

İndiyədək iki dəfə Həcc ziyarətində olmuş professor Adil Qeybullanın bildirdiyinə görə, dövlət olaraq Səudiyyə Ərəbistanının Həcc ziyarətinə gedənləri idarə etməsi çətindir. Çünki Həcc dönəmində hər ölkəyə ziyarətə gedənlər üçün müəyyən kvota qoyulsa da, dövlət xəttilə yox, şəxsi təşəbbüslə səfərə çıxanlar da olduğuna görə, real say statistik rəqəmi çox aşır. Bu üzdən də nəzərdə tutulmayan sayda zəvvarların idarəçiliyi çətin olur: "3-5 milyon zəvvarın yerləşdirilməsi, onların xidmətində dayanmaq dövlətin imkanı xaricindədir. Hesab edirəm ki, Səudiyyə Ərəbistanı bu məsələlərlə bağlı xeyli işlər görüb. Kəbənin ətrafı hər il genişləndirilir. Amma hər il Həcc ziyarətinə gedənlərin də sayı artır".

A.Qeybullanın fikrincə, bəzi hallarda zəvvarlar öz səfərlərinin mahiyyətini anlamır, kor-koranə şəkildə səfərə çıxırlar: "Ziyarətə gedənlər bu səfərin mənasını çox vaxt anlamırlar. Əslində ziyarətin mahiyyəti də ondan ibarətdir ki, zəvvarlar o yerləri görüb, tarixi barədə məlumatlı olsunlar. Yəni bu bir növ İslama bağlılığın əlamətlərindəndir".

A.Qeybulla bildirdi ki, Səudiyyə Ərəbistanı isti yer olduğuna və ziyarət vaxtı mehmanxanalarda da yer çatmadığına görə ziyarətə gedənlərin müəyyən hissəsi quru yerdə gecələyirlər ki, bu da antisanitariyaya səbəb olur: "Mehmanxanalar, yataqxanalar tutulduğu üçün insanlar yerdə gecələməli olurlar. Zəvvarların torpaq üzərində yatması isə hər halda Səudiyyə Ərəbistanının özü üçün yaxşı hal deyil Bildiyiniz kimi, Səudiyyə Ərəbistanında su problemi də var. Ziyarət boyu insanlara nə qədər su paylansa da, yenə də susuzluqdan əziyyət çəkirlər. Ziyarət zamanı insanlar adi qaydaları pozur və özləri də əziyyət çəkirlər. Məsələn, Qara daşa çox adam baxmaq istəyir. Halbuki milyonlarla adamın ora baxması mümkün deyil. Məhz həmin vaxt da orada xeyli qarışıqlıq, basabas yaranır. Nəzərə alsaq ki, ziyarət xeyli müddət davam edir, digər tərəfdən, insanlar yerdə gecələyir, sual doğur: onlar sanitariya qaydalarına necə əməl edə bilərlər?"

Həkimin fikrincə, ziyarət vaxtı havanın damcı yolu ilə yayıla bilən yoluxucu xəstəliklər, epidemiya təhlükəsi yaratmaması üçün zəvvarlar mütləq vaksinasiya olunmalıdır: "Adətən ziyarət vaxtı müəyyən vaksinasiyalar aparılır. Düzdür, ora gedənlər yoxlanılır, müəyyən sağlamlıq göstəriciləri olur. Amma insanlar elementar gigiyena-saglamlıq qaydalarını bilmirlər. O infeksiyalar ki, hava-damcı yolu ilə yayıla, epidemiya təhlükəsi yarada bilər, o infeksiyaların qarşısı qətiyyətlə alınmalıdır".

A.Qeybulla bildirdi ki, ziyarətin təşkili məsələsinə Səudiyyə Ərəbistanı da daxil olmaqla hər ölkə yüksək səviyyədə yanaşsa, təmizliyin bərpası mümkündür. Onun fikrincə, bu ziyarət ən yüksək səviyyədə Türkiyədə təşkil olunur: "Ərəb dövlətləri də ziyarətin təşkili məsələsində Türkiyədən geri qalırlar. Türk zəvvarlar bütün hallarda digər zəvvarlardan seçilir. Hətta "Quran"ndan ayrı-ayrı surələr, hədislərin hər biri türk dilində səslənir. Hesab edirəm ki, Türkiyədən nümunə götürülməklə Həcc ziyarəti bizdə də yüksək səviyyədə təşkil olunmalıdır. Bəzi müsəlman ölkələrindən, Afrikadan, o cümlədən ayrı-ayrı Şərq ölkələrindən gələnlər gigiyena qaydalarına riayət etmirlər. Təşkilatçılıq onlarda da aşağı səviyyədədir".

Mömin olaraq Həcc ziyarətini hər bir müsəlmanın həyatında mühüm hadisə kimi dəyərləndirən A.Qeybulla ziyarət müddətində qeyri-adi hisslər yaşadığını da vurğuladı: "Bu ziyarətin müsəlmanlara təsirini sözlə ifadə etmək çətindir. Orada qəribə, xoş bir aura olur".

A.Qeybulla sonda turizm, ziyarət mədəniyyətinin təbliği üçün geniş maarifləndirməyə ehtiyac olduğunu da vurğuladı.

S.Hilalqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm