Tale Heydərov Britaniya kraliçası ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Tale Heydərov Britaniya kraliçası ilə görüşüb

Azərbaycan nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Yelizavetanın təşkil etdiyi qəbulda iştirak edib. Avropa Azərbaycan Cəmiyyətindən (AAC) APA-ya daxil olan məlumata görə, qəbulda Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, AAC-nin təsisçisi və sədri Tale Heydərov iştirak ediblər.

Görüşdə kraliçaya belə mötəbər tədbirdə Azərbaycanın da iştirakı üçün olan dəvətə görə minnətdarlıq bildirilib. Görüşdə kraliçaya Azərbaycanla bağlı xatirə hədiyyələri də təqdim olunub. Həmin tədbirlərdə Azərbaycan rəqqasları, çaparları, incəsənət və mədəniyyətimizin təmsilçiləri də iştirak edib, məşhur Qarabağ atları kraliçanın izlədiyi cıdıra çıxarılıb. Tədbirlərdə iştirak Atçılıq Federasiyası, Mədəniyyət və Turizm Nazirliyi və AAC-nin təşkilatçılığı və dəstəyi ilə mümkün olub. Kraliçanın taxta çıxmasının 60 illiyinə həsr olunmuş tədbirlərdə Hindistan, Rusiya, Oman, İtaliya, Kanada və digər ölkələrdən 1000-dək rəqqas, 550-dən artıq at iştirak edib.

Qeyd edək ki, kraliçanın taxta çıxmasının 60 illiyi ilə bağlı yubiley tədbirləri hazırda bütün Birləşmiş Krallıq ərazisində, o cümlədən müxtəlif ölkələrdə qeyd olunur. Britaniyada Vindzor qalası ətrafında keçirilən tədbirləri beş gün ərzində on minlərlə şəxs ziyarət edib. Bu tədbirlər çərçivəsində yalnız Azərbaycan və Omanla bağlı bu ölkələrin milli adət-ənənələrini, tarixini və mədəniyyətini əks etdirən çadır-pavilyon qurulub. Qonaqlar bu pavilyonlar vasitəsilə Azərbaycan musiqisi, tarixi və mətbəxi ilə tanış olub.

Tədbirlərdə həmçinin Dövlət Rəqs Ansamblı iştirak edib və milli rəqslər nümayiş etdirilib. Azərbaycan pavilyonunda hər gün xanəndə Rəvanə Ərəbovanın ifasında Azərbaycan muğamları, xalq mahnıları canlı olaraq səsləndirilib. Britaniyada “Dimond Jubllee Pageant” münasibətlə hazırlanan və kraliçanın 60 illik fəaliyyətinə həsr edilmiş xüsusi nəşr olan “Dünya ətrafında 60 il” adlı kitabda Azərbaycana həsr edilmiş xüsusi bölmə yerləşdirilib, bu kitab tədbirin keçirildiyi günlərdə bütün iştirakçılara paylanıb.

Kraliçanın iştirakı ilə keçirilən tədbirlərdə cıdır yarışı keçirən atlar arasında Qarabağ atları da olub. 1956-cı ildə SSRİ rəhbərliyi kraliça II Yelizavetaya “Zaman” adı verdikləri Qarabağ atı hədiyyə edib. O zaman atı kraliçaya məşhur azərbaycanlı çapar Əli Tağıyev aparıb. Bundan 56 il sonra isə müstəqil Azərbaycanın Qarabağ atları kraliçanın izlədiyi cıdırda iştirak edib. Atları idarə edən çaparlardan biri də Əli Tağıyevin nəvəsi Camal Tağıyev olub.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm