Bazarlara indi çıxarılan meyvə-tərəvəz nə dərəcədə təhlükəlidir?
Bizi izləyin

Qırmızı.az

Bazarlara indi çıxarılan meyvə-tərəvəz nə dərəcədə təhlükəlidir?

Qışın soyuğunu isti yaz günləri əvəz etdikcə, orqanizmimizdə təzə meyvə-tərəvəzə tələbat da artır. Könlümüzdən nübar meyvələrdən dadmaq keçir. Amma son illər bazarlarda mövsümə uyğun olmayan meyvə-tərəvəzlər də bolluq təşkil edir. Məsələn, adətən təsəvvürlərdə qalıb ki, qarpız avqust ayında yeyilər. Amma neçə ildir ki, avqust ayında qarpızlar artıq yeyilməli olmur, əksər hallarda xarlayır. İndi isə vaxtında yetişmədiyindən ehtiyat edib almayanlar olsa da, bu bostan bitkilərindən vaz keçməyənlər də yox deyil.

Dünən meyvə-tərəvəz satılan mərkəzlərə baş çəkib, həm meyvələrin çeşidi, həm də "bivaxt çıxan" meyvə-tərəvəzlərlə maraqlandıq.

Qışın şaxtalı və soyuq keçməsinə baxmayaraq, bu yaz havaların tez istiləşdiyini metereoloqlar da təsdiqləyirlər. Elə bu səbəbdəndir ki, bazarlarda yerli istehsal olan çiyələk, gilas, alça, xiyar, pomidorun müxtəlif növləri bolluq təşkil edir. Hətta istehsal etdikləri məhsulu bazara gətirən satıcılar deyirlər ki, çiyələyin mövsümü bitir. İri və kələ-kötür görünüşlü ciyələyə şübhə ilə baxdığımızı görən satıcılardan biri dedi ki, bir neçə ildir Şəmkirdə Amerika sortlu çiyələklər yetişdirir, alıcıları da az deyil. Kiloqramı isə 2-5 manata. Digər çiyələklər də 1 manat 50 qəpiyə və daha artıq qiymətədir. Gilas isə 1 manat 50 qəpik-5 manatdır. Goycə 3-4, alça 1-2, xiyar 60 qəpik – 2 manatadır. Yerli istehsal pomidor (Zirə pomidoru) isə 6 manata, Türkiyə istehsalı 2 manat 50 qəpik – 5 manata, İran istehsalı 1manat 80 qəpik - 3 manata satılır. Mövsümü olmayan, xaricdən gətirilən şaftalı 6-8, ərik 5-6, portağal 1 manat 50 qəpik-3 manatadır.

Bazarlarda İran istehsalı olan qarpızların kiloqramının qiyməti 2, Türkiyə istehsalı olan yemişlərin qiyməti isə 3 manatdan başlayır.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmovun bildirdiyinə görə, meyvə-tərəvəzin mövsümdə, yaxud qeyri-mövsümdə olması təhlükəli deyil. Təhlükə bazarlara gətirilən məhsulların obyektiv analiz edilməməsindədir. Ekspertin fikrincə, laborator analiz olunduqdan sonra məhsulun tərkibində insan orqanizminə təhlükə yaradan bir element aşkarlanmırsa, istehlakına icazə verilməlidir: "Soyuğa, istiyə dözümlü sortlar artıq bizim respublikada da yetişdirilir. Bu məhsulları təbii hesab etmək olar. Fermer məhsuldarlıq olsun deyə çalışır ki, bitkiyə yaxşı, vaxtlı-vaxtında qulluq etsin, torpaq sahələrinə həm üzvi, həm də mineral gübrə versin. Ona görə də vaxtında məhsul götürə bilir. Bu baxımdan həmin məhsulları da qeyri-mövsimi hesab etmək olmaz. Məsələn, ilboyu parnik şəraitində xiyar-pomidor yetişdirilir. Ciyələyin artıq mövsümüdür. Qış sərt olanda xüsusi sellofonla üstü örtülür ki, kökünə təsir etməsin. Havalar istiləşən kimi də üstü açılır və tez yetişir".

Qarpıza, yemişə gəldikdə isə ekspert bu məhsullarda nitrat tərkibli azot gübrəsindən ifrat istifadənin orqanizm üçün fəsad yaratdığını xüsusilə vurğuladı: "Qarpız bir müddət əvvəl İspaniyadan gətirilirdi, indi İrandan gəlir. İranda hava bizə nisbətən daha istidir. İndi elə sortlar yetişdirilir ki, uzun müddətə saxlamaq da mümkündür. Bundan başqa, tezyetişən sortlar da bazara çıxarılır. Problem ondadır ki, qarpız, yemiş nitrat sevən bitkilərdir. Yetişdirmə zamanı ona nitrat vurulanda həddi aşmaq olmaz. Gecələr fotosintez prosesi dayananda nitrat bitkinin kök, yaxud meyvəsində toplanır və sonradan üzvi maddəyə çevrilə bilmir, orqanizm üçün təhlükə yaranır. Onu da qeyd edim ki, fotosintez prosesinin hansı bitkidə, hansı müddətdə, hansı hərarətdə baş verməsi fərqlidir. Qarpızda bu proses sübh çağı dayanır. Əgər fermer azotdan aqrotexniki qaydaya uyğun istifadə edirsə, bu istehlak üçün yararlıdır. Elə insafsız fermerlər var ki, daha böyük çəkidə qarpız almaq üçün nitrat tərkibli azot gübrəsindən çox istifadə edir. Halbuki elə gübrələr var ki, nitrat tərkibli azot deyil və onlardan istifadə etmək mümkündür".

V.Məhərrəmov bir daha vurğuladı ki, bütün ticarət məntəqələrində məhsulların müxtəlif istiqamət üzrə sertifikatı olmalıdır. İstehlakçı mütləq bilməlidir, bu məhsul genetik modifikasiya olunmuş bitkidən alınıb, yoxsa ənənəvi olaraq kimyəvi maddələrdən, pestisidlərdən və digər dərman preparatlarından.

Qeyd edək ki, həkimlər bu mövsümdə meyvə-tərəvəzi çox qəbul etməyi daha məqbul hesab edirlər. Amma biz həm də nə yediyimizin fərqində olmalıyıq. Təəssüf ki, qəbul etdiyimizin qidaların ərzaq təhlükəsizliyinə tam təminat yoxdur.

S.Hilalqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm