Çörək yeyəkmi?.. - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Çörək yeyəkmi?.. - ARAŞDIRMA

Bu gün yemək süfrələrini çoxları çörəksiz təsəvvür etmir. Hər bir xörək növü ilə çörəyi bir yerdə görmək adət halını alıb. Amma bu, yalnız bəzi ölkələrdə belədir. Bəşəriyyət yavaş-yavaş çorəyə "əlvida" deyir. İnkişaf etmiş ölkələrdə gündəlik rasionda çörəyin payı minimuma endirilir. Azərbaycanda isə çörək bol istifadə olunan süfrə elementi statusunu saxlayır. Bu prosesin hansı nəticələri var? Bu yazıda həmin suala aydınlıq gətirməyə çalışacağıq...

Ağ çörəyin əvəzinə çovdar və ya qarşıdalı çörəyi yeyək?

Məşhur rus alimi A.P.Çuprin yazır ki, elmin hələ mövcud olmadığı dövrdə insanın bütün qidalar arasında çörəyə üstünlük verməsi bəşəriyyəti çox mürəkkəb vəziyyətə salıb. Nə qədər torpaq əkilir, çörək istehsalına nə qədər vəsait, nə qədər əmək sərf olunur! İnsan isə bundan sağlamlığı üçün xeyir yox, zərər əldə edir.

O zaman ortaya belə bir sual çıxır - bu qədər zəhmət çəkib, vaxt sərf edib, öz orqanizminə zərər vurmağa dəyərmi? Dünya şöhrətli alimlər bu suala "Yox!" cavabı verirlər. Heç olmasa bircə dəfə də xarici ölkədə olanlar təsdiq edər ki, yüksək sivilizasiyalı ölkələrdə çörəyi geridə qalmış ölkələrə nisbətən 10 qat az yeyirlər.

Taxıl məhsulunun ən böyük qüsuru odur ki, onun tərkibindəki amin turşularının tarazlığı qeyri-mütənasibdir. Dənli bitkilərdən hazırlanmış qida, zülal tarazlığını pozduğundan orqanizm daha çox zülal tələb edir. Onu həzm etmək və qana sormaq ücün isə, çoxlu vitamin tələb olunur.

Həzmetmə orqanları xəstə olanlar öz menyusundan buğdanı və arpanı çıxartmalıdır. Mütəxəssislər məsləhət görür ki, çörəkdən əl çəkə bilməyənlər heç olmasa, kobud üyüdülmüş undan hazırlanmış çörək yeməlidirlər. Ən yaxşısı isə, çovdar çörəyidir.

Dietoloqlar məsləhət görürlər ki, mədə-bağırsağın düşməni olan ağ çörəkdən tamamilə uzaqlaşmaq lazımdır. Təsadüfi deyil ki, ürək problemləri, şəkərli diabet və bir sıra başqa xəstəliklər zamanı həkimlər qara çörək yeməyi məsləhət görürlər.

Ekoloq: "Buğda cucərtisi qidalandıqda orqanizm cavanlaşır"

Dənli bitkilərdən olan düyünü və qarğıdalını, o cümlədən kartofu, soyanı tərəvəz salatları və şirələri ilə bir yerdə qəbul etmək lazımdır. Kartofu, əti heç vaxt çörəklə bir yerdə yemək olmaz. Yoqa ilə məşğul olanlar deyir ki, çörəyi öz rasionundan çıxaran adam yalnız bir şey itirə bilər- xəstəlik!

Lakin, taxıl birkilərini tamamilə inkar etmək ədalətsizlik olardı, istifadə etmək olar, amma çiy şəkildə. Məsələn, buğdanı cücərdib hər səhər acqarına bir qaşıq qəbul etsəniz, orqanizmdə cavanlaşma prosesi gedər, gumrahlaşarsınız.

Qidalanma üzrə mütəxəssis, ekoloq Cəmşid Quliyevin sözlərinə görə, uzun illərin tədqiqatı sübut edib ki, buğda cücərtisi mualicəvi təsirə malik olan universal dərmandır:

"Cünki tərəvəz və meyvələrə nisbətən buğda dəninin cücərtisində digər vitaminlərlə yanaşı E vitamini daha coxdur. 100 qr. buğda dəni cücərtisində 25 milliqram E vitamini var. E vitamini tərəvəzlərdə 1,5-2 milliqram, paxlalılar fəsiləsiidən olan bitkilərin dənində isə 5 milliqramdır.

Muəyyən edilib ki, yaşlı adamın E vitamininə 1 sutkalıq tələbatı 20-30 milliqramdır. Xalq təbabəti ilə məşğul olan həkimlərin bir coxu buğda dəni cücərtisində bədənin möhkəmləndirilməsi ücün istifadə edirlər. Buğda dəni cucərtisi ilə müntəzəm olaraq qidalandıqda orqanizm cavanlaşır, əsaslı sürətdə yaxşılaşır".

Mütəxəssis deyir ki, xroniki xarakterik vərəm, bronx qovşaqları xəstəlikləri, ekzema, mədə xorası, daş yaranması və s. digər dava-dərmanın köməyi olmadan buğda dəni cücərtisi ilə mualicə olunur:

"İsveçrəli həkim Şmidt uzun illərin tədqiqatından sonra belə nəticəyə gəlib ki, buğda dəni cücərtiləri ilə qidalanma orqanizmin butun növundən olan hüceyrələrinin müntəzəm olaraq bərpasına, həmçinin əsəb sistemi huceyrələrinin möhkəmlənməsinə olduqca müsbət təsir göstərir. Başqa nüfuzlu alimlər də bu fikirdədirlər- məsələn Katsuzdo Nişi, Pol Breqq, Herbert Şelton və s."

Baş kulinar: "Çörəyi insanın qida rasionundan çıxarmaq olmaz"

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanovun fikrincə, Azərbaycan günəş radiasiyası bol olan ölkə olduğundan bu nemətə yüksək tələbat var:

"Ümumiyyətlə günəş radiasiyası bol olan ölkələrdə çörək daha çox yeyilir. Çünki çörəyin tərkibində elə maddələr var ki, onlar suda tez həll olur. Yəni, çörək və çörək məmulatlarını insanın qida rasionundan çıxarmaq olmaz.

Hər bir halda insan orqanizmində karbohidrat və zülal olmalıdır. Onu tamamilə rasiondan çıxarmaq qeyri-mümkündür. Çörəkdən tamamilə imtina saçın tökülməsinə gətirib çıxarır. Orqanizmdə zülal və karbohidratın biri olmadıqda artıq orqanizmdəki mübadilələr tənzimlənmir. Ona görə də, bütün hallarda qida rasionumuzda çörəyin olması mütləqdir".

Lakin, dünya şöhrətli qidalanma mütəxəssisləri deyirlər ki, narahatçılığa heç bir əsas yoxdur. Çörəyin tərkibində olan vitamin, mineral, zülal və karbohidrat başqa qida məhsullarında kifayət qədər çoxdur. O üzdən də ağ çörəyi minimuma endirmək, vitaminlərlə zəngin çovdar və qarğıdalı çörəyinə keçmək lazımdır.

Ümumiyyətlə, sağlam qidalanma üzrə mütəxəssislər ağ çörəyi 3 ağ zəhərdən biri hesab edirlər. Digərləri isə duz və şəkərdir. Duzla bağlı ötən yazımızda məlumat vermişik, növbəti yazıda şəkərin insan orqanizmi üçün əhəmiyyət haqda danışacağıq...

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm